Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturunun yaradılması ilə əlaqədar kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Baş prokurorun imzaladığı müvafiq əmrlərlə Elnur Musayevə yeni yaradılmış Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi vəzifəsinin icrası həvalə edilib, Ramil Məcidov Baş Prokurorluğun Dövlət Təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, Aynur Osmanova Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları idarəsinin rəisi, Ceyhun Kazımov yeni yaradılan Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, Erkin Əlixanov yeni yaradılan Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi, Vüqar Əliyev isə yeni yaradılan Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi vəzifələrinə təyin ediliblər.
Baş prokurorun imzaladığı digər əmrlərlə Fərid Nağıyevə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəisi vəzifəsinin icrası həvalə edilib, Zamir Mahmudov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin rəisi, Kamal Talıbov Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin rəisi-idarə rəisinin müavini, Mehman Hümmətov Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, İsfəndiyar Hacıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini, Əmir Ocaqverdiyev isə Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini vəzifələrinə təyin ediliblər.
Prokurorluq orqanlarında struktur islahatlarının həyata keçirilməsi və kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.