Azərbaycanda korrupsiyaya qarşı genişmiqyaslı mübarizə aparılır. Rüşvətxor məmurlar, xalqın sərvətini talayan icra başçıları həbs olunaraq məsuliyyətə cəlb edilirlər. Onların qanunsuz yola əldə etdikləri sərvətin miqyası insanı heyrətə salır. Amma hələ xeyli məmur var ki, onlar haqqında da mütləq ölçü götürülməlidir. Hazırda iş başında olan elə icra başçıları var ki, ölkədə aparılan dəyişikliklərdən ibarət dərsi götürmək yerinə korrupsiya əməllərindən əl çəkmirlər. Buna misal olaraq vəzifə başında ifşa olunaraq həbs edilən məmurları göstərmək olar. Tutulan həmin məmurların milyonluq biznes şəbəkəsi də üzə çıxmaqdadır.
Demokat.az-ın redaksiyasına daha bir məmurun - Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin böyük biznes şəbəkəsinin olması barədə məlumat daxil olub.
Əhəd Abıyevə və qardaşı Abıyev Səməd Mikayıl oğluna məxsus olan, yaxın qohumlarının adına özəlləşdirilmiş əmlakların siyahısını təqdim edirik:
1. Masallı şəhərində keçmiş “Raykopittifaq”a məxsus 2 mərtəbəli bina 0,23 ha ərazisi ilə birlikdə 27.02. 2004-cü il tarixdə Əhəd Abıyevin qardaşı Abıyev Səməd Mikayıl oğlunun adına özəlləşdirilmiş və əvvəllər DSMF Masallı rayon şöbəsinə icarəyə verilib.
2. Masallı şəhər Həmid Sultanov küçəsində köhnə YDM və dəyirman 0,50 ha torpaq sahəsi ilə birlikdə 28.06.2004-cü il tarixdə Ə.Abıyevin qardaşı Qadir Abıyevin adına özəlləşdirilib və əvvəllər “Azər-Altay qardaşları” daş bazarı kimi fəaliyyət göstərib.
3. Masallı şəhərində yerləşən Köhnə “Aqrokombinat”ın 3 mərtəbəli binası 0,33 ha torpaq sahəsi ilə birlikdə Ə.Abıyevin qardaşı Nadir Abıyev adına özəlləşdirilib. Həmin binada Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Masallı şöbəsinin yerləşməsinə və həmin vaxt Nadir Abıyevin Torpaq şöbəsinin müdiri olmasına baxmayaraq, bu bina dəyərindən çox-çox aşağı qiymətə özəlləşdirilib və şöbənin işçiləri bu binadan çıxarılıb.
4. İstisu zonasında yerləşən keçmiş “Mətləbbulağı” (indiki adı “İslam bulağı”) istirahət mərkəzi əvvəlki sahibindən qanunsuz və təzyiq yolu ilə alınaraq Abıyevlərin mülkiyyətinə keçirilib.
5. İstisu zonasında 10 ha ərazidə yerləşən “Turkan” sağlamlıq mərkəzi əvvəlki sahibi Adəm Nüsrətovdan qanunsuz və təzyiq yolu ilə alınaraq Abıyevlərin mülkiyyətinə keçirilib.
6. Masallı şəhərində 0,20 ha torpaq sahəsi 22.12.2005-ci il tarixdə Səməd Abıyevin qaynı Tağıyev Mirinin adına sənədləşdirilib.
7. Masallı şəhərində köhnə cörək kombinatı 0.70 ha torpaq sahəsi ilə birlikdə Ə.Abıyevin yaxınlarından sayılan Piriyev Məmmədbağırın adına özəlləşdirilib, sonradan həmin yer Ə.Abıyevin ən yaxın adamı olan 70 saylı Masallı şəhər seçki dairəsinin əvvəlki sədri Elxan Məmmədovun adına sənədləşdirilib.
8. Masallı şəhərində 0,60 ha torpaq sahəsi 05.12. 2005-ci il tarixdə Abıyev Nadirin yaxın qohumu Eyvazov Fərhad Saleh oğlunun adına sənədləşdirilib.
9. Masallı şəhəri Talışxanov prospektində 0,10 ha torpaq sahəsi Abıyev Nadir Mikayıl oğlunun adına sənədləşdirilib.
10. Masallı şəhərində 320 kvm-lik dükan yeri Nadir Abıyevin kürəkəni Nadirov Manaf Abı oğlunun adına 25.03. 2002-ci il tarixdə sənədləşdirilib.
11. Masallı şəhərində 130 kvm-lik dükan yeri 10.10. 2002-ci il tarixdə Nadir Abıyevin oğlu Abıyev Siyab Nadir oğlunun adına sənədləşdirilib.
12. Masallı şəhəri “Xan Çinarı” bazarının arxasında yerləşən 3,15 ha torpaq sahəsi 04.03. 2005-ci il tarixdə Nadir Abıyevin adına sənədləşdirilib.
13. Masallı şəhərində yerləşən univermaq binası 0.19 ha ərazisi ilə birlikdə, Səməd Abıyev “Raypoittifaq”ın müdiri işləyərkən orada mühasibi işləmiş Abıyevlərin yaxın adamlarından olan Məmmədov Əhməd Məmmədağa oğlunun adına 12.02.2007-ci il tarixdə dəyərindən çox aşağı qiymətə özəlləşdirilib.
14. Bala Təklə kəndi ərazisində 6 ha torpaq sahəsi 15.05. 2006-cı il tarixdə Əhəd Abıyevin qardaşı oğlu, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının keçmiş həyat yoldaşı Zümrüd Yağmurun (Abıyeva) qardaşı, Dövlət Yol Polisində məsul vəzifədə çalışan Abıyev Kamal İsrafil oğlunun adına sənədləşdirilib. Sonradan bu torpaq sahəsi Masallının İstisu ərazisində yerləşən “İslam bulağı” istirahət mərkəzinin yerləşdiyi ərazi ilə qeyri-qanuni dəyişdirilib.
15. Masallı şəhərində 0,34 ha torpaq sahəsi və 150 kv.m dükan yeri Əhəd Abıyevin əmisi nəvəsi Alışov Xalid Nizami oğlunun adına sənədləşdirilib.
16. Masallı şəhərində 144 kv.m dükan yeri 02.12. 2003-cü il tarixdə Əhəd Abıyevin əmisi oğlu Alışov Nizami İsgəndər oğlunun adına sənədləşdirilib.
17. Masallı şəhər “Xan Çinar” bazarının yanında 0,10 ha torpaq sahəsi Abıyev Nadir Mikayıl oğlunun adına sənədləşdirilmiş və daha sonra satılıb.
18. Masallı şəhərində 72 kv.m-lik dükan yeri 25.08. 2004-cü il tarixdə Abıyev Nadirin qaynı Qasımov Bahəddin Qafur oğlunun adına sənədləşdirilib.
19. Masallı şəhərində 0,20 ha torpaq sahəsi 10.07.2001-ci il tarixdə Əhəd Abıyevin bacısı oğlu Salmanov Tapdıq Müzəffər oğlunun adına sənədləşdirilib.
20. Masallı şəhərində 720 kv.m-lik dükan yeri 30.11.2001-ci il tarixdə Əhəd Abıyevin əmisi oğlu Alışov Nizami İsgəndər oğlunun adına sənədləşdirilib.
21. Masallı şəhərində 400 kv.m-lik dükan yeri 30.10.2002-ci il tarixdə Qadir Abıyevin qayını İsmayılov Tahir Sahibəli oğlunun adına sənədləşdirilib.
22. Masallı şəhərində 3311 kv.m-lik torpaq sahəsi 16.04. 2002-ci il tarixdə Abıyev Nadir Mikayıl oğlunun adına sənədləşdirilib.
23. Masallı şəhər Əlibala Əliyev küçəsində 0,60 ha torpaq sahəsi 28. 12. 2005-ci il tarixdə Nadir Abıyevin qayını Qasımov Bahadur Qafur oğlunun adına sənədləşdirilib.
24. Masallı şəhərində 505 kv.m-lik torpaq sahəsi 20.04.2003-cü il tarixdə Qadir Abıyevin qayını İsmayılov Tahir Sahibəli oğlunun adına sənədləşdirilib.
25. Şərəfə kəndi ərazisində yerləşən köhnə Yemçilik Birliyi 4,5 ha torpaq sahəsi və tikililəri ilə birlikdə Abıyev Nadir Mikayıl oğlunun adına, dəyərindən çox aşağı qiymətə özəlləşdirilib.
26. Masallı şəhəri ərazisində yerləşən “Moskiviç” maşın təmiri emalatxanası 1 ha torpaq sahəsi ilə birlikdə Əhəd Abıyevin bacısı oğlu Salmanov Tapdıq Müzəffər oğlunun adına özəlləşdirilib.
27. Masallı şəhərində yerləşən köhnə “Kitab Evi”nin 2 mərtəbəli binası dəyərindən aşağı qiymətə özəlləşdirilərək Abıyevlərin mülkiyyətinə keçirilib.
28. Viləş çayının yatağında dövlət mülkiyyətində olan ümumilikdə 3 ha torpaq sahəsi Abıyev Siyab Nadir oğluna və Abıyev İbrahim Mikayıl oğluna 2004-cü il tarixdən icarəyə verilib.
29. İstisu avtomobil yolu üzərində “ Şır-şır “ bulağının kənarında 6 ədəd kottec və geniş bir meşə ərazisi Abıyevlərin mülkiyyətindədir.
30. Əhəd Abıyevin qardaşı Qadir Abıyevə məxsus "Azər-Altay qardaşları" şirkətinin ərazisi 16 nəfərin həyətyanı torpaq sahəsi olmasına baxmayaraq, bu torpaqlar qanunsuz olaraq Abıyev Qadir Mikayıl oğlunun adına sənədləşdirilib.
31. Masallı şəhər bələdiyyəsinə məxsus olan və Həsənli kəndinə yaxın ərazidə yerləşən 100 ha torpaq sahəsi qanunsuz olaraq Abıyev Abı Mikayıl oğlunun adına özəlləşdirilib.
32. Viləşçay su dəryaçasının kənarında, İsi kəndində 0,50 ha torpaq sahəsi və 3 mərtəbəli ev Qadir Abıyevin adına özəlləşdirilib.
33. Bakı-Astara magistral yolunun kənarında meşə zolağına bitişik 2 ha torpaq sahəsi qeyri-qanuni olaraq Abıyev Qadir Mikayıl oğlunun istifadəsindədir.
34. Bakı-Astara magistral yolunun Təzə Alvadı kəndində, meşə zolağında qanunsuz olaraq tikilmiş “Görüş” restoranı Əhəd Abıyevin kürəkəni Cəfər Gözəlovun adına özəlləşdirilib.
35. Dəniz kənarında yerləşən və Çaxırlı kəndinə məxsus olan geniş torpaq sahələri və ferma binaları qanunsuz olaraq Abıyevlərin mülkiyyətinə keçirilib.
36. Abıyev Nadir Mikayıl oğlu Rayon Torpaq şöbəsinin müdiri işlədiyi vaxt Qızılağac kəndində yerləşən Südçülük Kompleksini ərazisi ilə birlikdə qanunsuz şəkildə satıb.
37. "Xan Çinar" bazarı ilə üzbəüz tikilən Abıyevlərə məxsus bazar, Əhəd Abıyevin əmisi oğlu Alışov Nizami İsgəndər oğlunun adına sənədləşdirilib.
Sözügedən əmlak siyahısı barədə fikirlərini öyrənmək üçün Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin mobil telefonuna zəng etsək də, zənglərimizə cavab verilməyib.
Qeyd edək ki, Əhəd Abıyev uzun illər Milli Məclisin Masallıdan deputatı olub. Onun qardaşı Nadir Abıyev isə uzun müddət Masallı rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.
Mənbə: Demokrat.az