"08.06.2020-ci il tarixdə internet səhifələrində və sosial şəbəkələrdə Bakı şəhərinin Yasamal rayonu ərazisində sərtləşdirilmiş karantin rejimi dövründə qaydaları pozan vətəndaşların polis tərəfindən saxlanması anı ilə bağlı video və fotoşəkillər yayılıb".
MilliYol.Az xəbər verir ki, bu barədə İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının yaydığı açıqlamada bildirilib.
Qeyd olunub ki, kimliyindən asılı olmayaraq, hər kəs qanuna riayət etməli və qanun pozuntusuna isə yalnız hüquqi qiymət verilməlidir.
“Bu baxımdan internet resurslarında və sosial şəbəkələrdə yayılmış məlumatlar Ombudsman tərəfindən nəzarətə götürülüb. Saxlanılan şəxslər fərdi qaydada yerində qəbul olunub, müraciətləri araşdırılır. Eləcə də saxlanılan şəxslərin ailə üzvlərindən daxil olmuş hər bir müraciətə dərhal reaksiya verilməklə tərəfimizdən araşdırılır və hər bir qanunazidd əmələ hüquqi qiymət veriləcək.
Ombudsman tərəfindən ilkin müraciətlər üzrə Azərbaycan Respublikasının Daxili İşlər nazirinə də müraciət olunub.
Saxlanılan şəxslərin ailə üzvləri və əlavə müraciətlər olduğu təqdirdə vətəndaşlar Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qaynar Xətt üçün ayrılmış 050-370-98-96 mobil nömrəsi ilə əlaqə saxlaya bilərlər”, - deyə məlumatda bildirilib.