Eldar Mahmudovun Londonda aşkarlanan mülkləri hüquqi yolla Azərbaycanın, dövlətin nəfinə keçirilə bilər. Bunun üçün atılması gərəkən addımlar, hüquqi prosedurlar var. Bunu hər kəs bilir və deyir. Bəs reallıq necədir? Bu mülklərin korrupsiya pulları ilə alındığı bilinsə, Azərbaycan hökuməti hansı addımları ata bilər və atmalıdır?
Tanınmış vəkil Əkrəm Həsənov deyir ki, sabiq təhlükəsizlik naziri Eldar Mahmudovun ailə üzvlərinin - oğlunun və qızının adına Londondakı əmlaklarının Azərbaycan dövlətinin xeyrinə müsadirə olunması qəliz olacaq:
“Problem ondadır ki, əmlaklar birbaşa olaraq Eldar Mahmudovun adına deyil, övladlarının adınadır. Düzdür, onlara da həmin əmlakların hansı yolla əldə olunması sualı verilə bilər. Amma onlar dövlət vəzifəsi tutmayıblar. Bu baxımdan onların korrupsiyada və başqa cinayətdə ittiham olunmaları qeyri-mümkündür. Təbii ki, sübut olunsa ki, əmlaklar Eldar Mahmudovun qanunsuz əldə etdiyi, ələ keçirdiyi pullar hesabına alınıb, bu halda əmlaklar müsadirə olunacaq”.
Tanınmış vəkil deyir ki, əmlaklar müsadirə olunacağı təqdirdə Azərbaycana verilməyə də bilər:
“Azərbaycan həmin əmlakları tələb edirsə, həmin əmlaklara iddialıdırsa, sübut etməlidir ki, pul qanunsuz olaraq əldə edilib. Cinayət yolu ilə əldə olunmasını sübut edən məhkəmə hökmləri olmalıdır. Bu gün Eldar Mahmudovla bağlı cinayət işinin olub-olmaması belə bilinmir, geniş ictimaiyyətdən gizlin saxlanılır. Əgər Azərbaycan Eldar Mahmudovun övladlarının əmlaklarına iddia edirsə, həmin əmlakları tələb edirsə, ortaya sübutlar qoyulmalıdır ki, pulun mənbəyi korrupsiyadır, cinayətdir. Bunu demək üçün isə ilk növbədə həmin cinayətləri törədənlər məsuliyyətə cəlb edilməlidir. Bu gün Eldar Mahmudov və ailə üzvlərinə qarşı cinayət işi yoxdur. Londonda iddiamızı ortaya qoyub deyiriksə ki, bu mülklər Azərbaycan dövlətinin pulları hesabına alınıb, bu pullar Azərbaycan xalqından oğurlanıb, bizdən dediklərimizi təsdiq edən sənəd istəyəcəklər. Bu günə qədər Eldar Mahmudovla bağlı iş aparılmayıbsa, onun qanunsuz hərəkətlər etməsi sübuta yetirilməyibsə, Eldar Mahmudov 5 ildir ki, işsizdir, dövlət vəzifəsi tutmursa, sual oluna bilər ki, bəs niyə ona qarşı tədbir görmürsüz?”
Vəkil deyir ki, əgər Eldar Mahmudov hansısa cinayəti törədibsə, həmin cinayətlərə görə Azərbaycanda məsuliyyətə cəlb olunmalıdır:
“İlkin mərhələdə müəyyən olunmalıdır ki, Eldar Mahmudov cinayət törədib, ya törətməyib. Törədibsə, pul alıb həmin pulları övladlarına veribsə, övladları da pulu aparıb xaricə qoymaları sübut olunmalıdır. Ortaya qoyulmalıdır ki, övladları da həmin pulları aparıb Londona qoyublar. Bu halda həmin əmlakların Azərbaycana verilməsi mümkündür”.
Əkrəm Həsənovun sözlərinə görə, Azərbaycan dövləti Eldar Mahmudovun qudası, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevlə bağlı eyni prosedurlara baş vurmayıb:
“2018-ci ildə Londonda korrupsiyaya qarşı mübarizə qanununun ilk hədəfi Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva oldu. Londonda Hacıyevaya məxsus 11.5 milyon funt sterlinqə alınmış (15.13 milyon dollar) evin müsadirəsi gündəmə gəldi. Bilirik ki, Cahangir Hacıyevin arvadı 10 il ərzində Londonun məşhur dükanı ”Harrods"da 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib və elə həmin mağazanın yanında - Londonun ən bahalı ərazilərindən birində ev alıb. O, həmçinin Berkshire qraflığında qolf klubunu alıb. Britaniyanın İzahedilməyən Sərvət Sərəncamı (UWO) altına alınan əmlaklar, pul vəsaitləri müsadirə oluna bilər. Bu perspektiv hazırda Cahangir Hacıyevin ailəsini gözləyir. Maraqlıdır ki, Azərbaycan tərəfi həmin əmlakların qanunsuz yolla əldə edilməsini təsdiq edən faktları ortaya qoymağa tələsmir. Aydındır ki, Cahangir Hacıyev bu qədər vasaiti təkbaşına talamayıb, ələ keçirməyib. O, o qədər vəsaiti ələ keçirmək üçün azı 100 nəfərin köməyindən istifadə etməli idi. Həmin 100 nəfər də, bu gün, Cahangir Hacıyevlə birgə həbsdə olmalı idilər. Azərbaycan tərəfi də bu haqda sənədləri London Ali Məhkəməsinə təqdim etməklə pulların mənbəyi haqda məlumat verməli, ölkə büdcəsindən talandığını sübuta yetirməli, bu əmələ görə cəzalandırılan şəxslərin olduğunu ortaya qoymalı idi. Bu günə qədər Cahangir Hacıyevlə bağlı belə bir prosedur olmayıb. Yəni Hacıyevin üzərində keçirilən məhkəmənin çıxardığı hökm, istintaqa cəlb olunan şəxslərin dairəsi aydındır ki, London məhkəməsini qane etməyəcək. Əlavə sübutlar istəniləcək, işin yenidən araşdırılması gündəmə gələ bilər. Bunu isə buradakılar istəmirlər. Bu cür gedişat ortada yoxdursa, Eldar Mahmudovla bağlı da konkret addımların atılacağı, London mülklərinin Azərbaycan dövlətinin xeyrinə tələb olunacağı real görünmür. Digər tərəfdən, Eldar Mahmudovun təsir dairəsi daha genişdir, bu günə qədər ona qarşı cinayət işi açılmayıbsa, onun London mülklərinə Azərbaycandan iddiaların ortaya qoyulacağı perspektivini görmürəm".
Hüquqşünas Natiq Ələsgərov deyib ki, hazırda Londonda Azərbaycanla yanaşı, MDB məkanından olan bir çox korrupsioner məmurların başı qaldadır:
“Bilirik ki, order ilk dəfə olaraq Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevaya tətbiq edilib. Bu order Moldovanın keçmiş baş naziri Vladimir Filatın oğluna da tətbiq edilmişdi. Filatın oğlu mənşəyi bəlli olmayan 650 min funt sterlinqi İngiltərəyə verməli oldu. Çünki mənşəyini sübut etmək istəmədi. Göründüyü kimi, dünya siyasilərinin ”ikinci evi" statusunu illərdir özündə saxlayan Londonda artıq fərqli durum yaşanır. Eldar Mahmudovun övladlarının da orada aşkar olunan var-dövləti müsadirə olunacaq. İngilislərə pul lazımdır. Dünyadakı iqtisadi böhranlar İngiltərə hakimiyyətini radikal qərarlar verməyə sövq edib. İngiltərə hakimiyyəti bir qanun qəbul etməklə dünyanın dörd bir tərəfindən illərlə bu ölkəyə pul daşıyan Cənubi Afrika ölkələrindən tutmuş korrupsiya reytinqlərində yer alan əksər dövlətlərin rəsmilərinin mal varlığına əl qoyub. Eldar Mahmudov da bu sırada nə birincidir, nə də sonuncu".
Hüquqşünas deyir ki, hazırda İngiltərədə yaşananlar korrupsiya pullarının başqa ünvanlara axmasının qarşısının alınmasına hesablanıb:
“Böhrandır və hər kəs pulunu geri çəkmək, digər ünvanlara yönəltmək haqda düşünür. İngilislər bir qanun qəbul edir və bunun qarşısını alırlar. Bu gün İngiltərədə 50 min funt sterlinqlik evi olan şəxsi qeyd olunan order əsasında araşdırmalara cəlb edə bilərlər. Qanun buna icazə verir. Eldar Mahmudovun övladlarının Londondakı mal-mülklərinin toplam dəyəri milyonlarladır. Belə bir əmlakın sahibi ”siyasi əhəmiyyətli şəxs"dirsə, onun araşdırmalara cəlb edilmə ehtimalı da yüksəkdir. İllərdir ki, MDB məkanında korrupsiya yolu ilə əldə olunan vəsaitlər İngiltərə aktivlərinə və orada daşınmaz əmlaka yatırılıb. Orada milyardlarla korrupsiya pulu var. Bir araşdırmadan bəlli olmuşdu ki, hazırda Londondakı elit mülk sahiblərinin 5-də 1 hissəsi rus dilində danışır. İngiltərə paytaxtında bahalı mənzillərin əksəriyyəti Naytsbric və Belqreyviya rayonlarında yerləşir. Elit alıcıların 60 faizi isə xarici ölkə vətəndaşlarıdır. Şəhərdə qiyməti 8 milyon funt-sterlinqdən yuxarı olan evlərin 21 faizini Rusiya, 13 faizini isə Yaxın Şərq ölkələrinin varlıları ələ keçirib. İngiltərə vətəndaşları bu cür evlərin 37 faizinə nəzarət edir. Bu statistik məlumatlar zaman-zaman yenilənir. Artıq London qanunsuz pulları saxlamaq üçün olduqca təhlükəlidir. Ingilislər bir qanun qəbul etməklə həmin pulları müsadirə edib London sakinlərinin rifahına xərcləyəcəklər".
Hüquqşünas bildirib ki, Eldar Mahmudovun övladlarının adına alınan əmlakların mənbəyi şübhə doğurur:
“Eldar Mahmudovun özünü məşhur Aşurovlarla qohum çıxarması da sıradan məsələ deyil. Düşünür ki, pulun mənbəyi kimi dədə-babadan qalan varidatı göstərə biləcək. Belə nağıllarla London məhkəməsini yola vermək mümkün olmayacaq. Bu gedişlə Mahmudovların London mülkləri də müsadirə ediləcək”.
Xatırladaq ki, 11 il təhlükəsizlik naziri olmuş Eldar Mahmudovun ailə üzvlərinin Avropada təxminən 100 milyon avroluq - 200 milyon manata yaxın biznes imperiyası qurduqları ortaya çıxıb. Beynəlxalq Araşdırmaçı Jurnalistlər Qrupu Mahmudovların Britaniya, İspaniya, Lüksemburq, Litva və Kiprdə “onun ailə üzvləri ilə əlaqəli şirkətlər və daşınmaz əmlak biznesləri”ni ortaya çıxarıb. Bu əmlak və şirkətlərin hamısı demək olar ki, Eldar Mahmudovun 36 yaşlı oğlu Anar Mahmudov və 31 yaşlı qızı Nərgiz Mahmudovaya aiddir. Hazırda üzə çıxan əmlaklarla bağlı Londonda araşdırmalar aparılır.
Mənbə: musavat.com