“Mənim ünvanıma gələn minlərlə məktubda korrupsiya, rüşvətxorluqla bağlı bizim mübarizə çox yüksək qiymətə layiq görülür. Vətəndaşlar bunu təqdir edir, bəyənir və biz görürük ki, yerlərdən artıq siqnallar gəlməyə başlayır. Mən bir daha demək istəyirəm ki, mütləq ictimai nəzarət olmalıdır”.
Bunu prezident İlham Əliyev iyunun 3-də Ağcabədidə “ASAN Həyat” kompleksinin açılışında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq: “Təbii ki, bu siqnallar ədalətli olmalıdır. Burada da hansısa qarayaxma kampaniyasına yol vermək və kortəbii yanaşmaq olmaz. Hər bir siqnal ciddi araşdırılacaq. Çünki istisna deyil ki, kimsə yalandan ortalığa bir məlumat ata bilər, kiminsə kimdənsə xoşu gəlmir, onun haqqında nəsə yaza bilər, belə hallar da var. Ona görə ilk növbədə ədalət və ictimai nəzarət təmin edilməlidir. Əminəm ki, biz korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də qalib gələcəyik”.
Dövlət başçısının məmurlara yönəlik bu fikirləri məmurlara mesaj kimi qəbul olunur. Növbəti məmur həbslərinin əslində anonsunun verildiyi qeyd edilir. Eyni zamanda, bununla prezidentin öz xalqını məmurların qanunsuz əməllərindən, rəftarlarından bir daha qoruduğu vurğulanır.
BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli proseslərin davamlı olacağını düşünür: “Prezident öz nitqində korrupsiyaya, rüşvətxorluğa, məmur özbaşınalığına son qoyulması üçün ilk növbədə ədalət və ictimai nəzarətin təmin edilməsinin vacibliyini vurğuladı. Düşünürəm ki, hər iki prinsipin əsasında ciddi islahatların anonsu dayanır. Nə üçün ədalət? Çünki bütün korrupsiya halları ilə bağlı problemlərin həlli yolları məhkəmə-hüquq sistemində aparılan islahatlardan keçir. Məhkəmə-hüquq sistemində aparılan islahatların təməl fəlsəfəsi dövlətin ədalətinin bərqərar olunmasını, vətəndaşın məhkəmə-hüquq sisteminə olan inamın və etimadını təmin etməkdir. Bu halda istənilən vicdanlı Azərbaycan vətəndaşı korrupsiya, rüşvət, məmur özbaşınalığı ilə bağlı faktları məhkəmə müstəvisinə çıxarmaqdan çəkinməyəcək, hüquqlarının qanunvericilik səviyyəsində qorunacağına şübhə etməyəcək. Bu məqsədlə müvafiq addımlar atılır, amma islahatların daha da dərinləşəcəyi qənaətindəyəm. Bu geniş, uzunmüddətli bir prosesdir. Kimliyindən asılı olmayaraq, Azərbaycanda hər kəsi qanunlarla yaşamaq vərdişinə alışdırmaq lazımdır. Yəni məhkəmə-hüquq sistemində aparılan islahatlar təkcə qanunvericilik aktlarına edilən əlavə və dəyişikliklərlə, eləcə də bu əlavə və dəyişikliklərin icrası ilə məhdudlaşmamalı, bu istiqamətdə geniş marifləndirmə işi həyata keşirilməlidir.
Elçin Mirzəbəyli: “Bu geniş və uzunmüddətli bir prosesdir...”
Korrupsiya və rüşvət faktları nəticədir. Nəticənin aradan qaldırılması vacibdir, amma korrupsiyaya və rüşvətə zəmin yaradan səbəblərin aradan qaldırılması bundan daha vacibdir. Məhz bu səbəbdən, ələbaxımlılığa imkan yaradan əməkhaqqı siyasətindən başlamış bütün məqamlar diqqətlə incələnməli və korrupsiyaya zəmin yaradan halların aradan qaldırılması üçün çevik mexanizmlər tətbiq olunmalıdır. Bu məsələdə ictimai nəzarət xüsusi yerə malikdir. Nə üçün ictimai nəzarət? Çünki ictimai nəzarəti təmin etmədən şəffaflığa nail olmaq mümkün deyil. Şəffaf olmayan istənilən işdə isə korrupsiya halları olacaq. Bununla yanaşı ictimai nəzarətin özü də şəffaf bir prosesə çevrilməlidir. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa yenidən baxılmalı, formalizmə imkan yaradan bütün hallar aradan qaldırılmalı, dövlət qurumları üzərində tam şəffaf ictimai nəzarət təmin edilməlidir. Düşünürəm ki, bu məsələdə Kütləvi İnformasiya Vasitələrinin, vətəndaş cəmiyyəti institutlarının fəal iştirakının təmin edilməsində böyük ehtiyac var. Prezidentin məmur özbaşınalığı ilə bağlı siqnallar araşdırdığı barədə fikirlərinə gəldikdə isə, bu prosesin davamlı olacağı qətiyyən şübhə doğurmur. Dövlət başçısı bununla həm də cəmiyyətə mesaj verir, vətəndaşları islahat prosesində fəal və obyektiv olmağa çağırır. Bununla yanaşı, məmur özbaşınalığına zəmin yaradan halların aradan qaldırılması istiqamətində də ciddi addımların atıldığının, məmur-vətəndaş təmaslarının minumuma endirildiyinin şahidi oluruq. Yəni Azərbaycan islahatları konseptual və praktiki həll mexanizmləri ilə həyata keçirir. Bu təhtəlşüur bir proses deyil. Ardıcıl xarakter daşıyan, şəffaflığın təmin edilməsi üçün konkret və işlək mexanizmlərin tətbiq olunduğu bir prosesdir. Bu arada Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində Avropa Şurasına üzv 50 ölkə arasında 7-ci, MDB məkanında isə 1-ci yerə yüksəlməsi faktını da xüsusi qeyd etmək istəyirəm. Bu kifayət qədər ciddi bir göstəricidir və ölkəmizdə həyata keçirilən islahatların effektivliyini bir daha təsdiqləyir.
Natiq Cəfərli: “Korrupsiyaya bulaşmış istənilən məmurun cəzalandırılması...”
REAL-ın icraçı katibi Natiq Cəfərli: “Azərbaycanda korrupsiyaya qarşı mübarizə hələ ki, nəticələrlə mübarizədən keçir. Bu da lazımdır. Korrupsiyaya bulaşmış istənilən məmurun cəzalandırılması, həbs olunması, işdən çıxarılması bir cəza mühitinin formalaşmasına səbəb olur. Bu da pozitiv bir məsələdir. Amma hələ ki, nəticənin yox, səbəblərin aradan qaldırılması üçün ciddi addımların atılmasına böyük ehtiyac var. Azərbaycanda korrupsiya sahəsində ən böyük problemlərdən biri büdcə korrupsiyasıdır. Büdcədən ayrılan vəsaitlərin normal xərclənməməsi var. Qeyri-şəffaflıq hökm sürür. Bu da orta və yüksək səviyyəli məmurların büdcə vəsaitlərinin xərclənməsində korrupsiya sxemlərindən istifadə etmələrinə imkanlar, fürsətlər yaradır. Bu istiqamətdə qanunvericilik səviyyəsində dəyişikliklərə böyük ehtiyac var.
Burada hətta bir çox ölkələrin təcrübəsindən də istifadə etmək olar. Məsələn, Türkiyədə tenderlər canlı yayımda həyata keçirilir. Nəticədə insanlar şəffaf şəkildə mübarizə aparırlar. Əslində bu bir çox ölkələrin praktikasında var. Sadəcə, bizim insanlar türk telekanallarına daha çox baxırlar. Bizdə qanunvericilik səviyyəsində məsələlər həll olunmasa, korrupsiyanın özü ilə mübarizə aparmaq o qədər də effektli və məntiqli deyil. Söhbət ondan gedir ki, korrupsiyanı yaradan səbəblərin aradan qaldırılması üçün ciddi işlər görülməlidir - həm qanunvericilik, həm də insanların məlumatlandırılması səviyyəsində. Dünyada korrupsiyaya qarşı mübarizədə ən effektli alətlərdən biri vətəndaş cəmiyyəti və mediadır. Azərbaycan hökuməti və dövləti media, vətəndaş cəmiyyəti əməkdaşlıq edərək bu prosesdə onların da dəstəyinə arxalanaraq bu işdə ciddi nəticələr əldə edə bilər”.
Mənbə: "Yeni Müsavat"