“Biz ölkəyə kütləvi turist axını gözləmirik. İnsanların kənd turizmi və digər bu kimi seçimlər etməsini gözləyirik”.
Oxu.az-ın məlumatına görə, bunu ATV-nin efirində Dövlət Turizm Agentliyinin (DTA) mətbuat katibi Kənan Quluzadə bildirib.
Onun sözlərinə görə, ölkədə elan edilən xüsusi karantin rejimi bitdiyi günün sabahı Azərbaycanda yeni turizm mövsümü açıq elan ediləcək:
“Amma dövlət insanlara xidmət göstərən turizm obyektlərində qiymətlərin formalaşmasına müdaxilə etmir. Biz tövsiyə vermişik ki, qiymətlər baha olmasın. Hazırda koronavirusla bağlı dünyada böhran var. Təbii ki, əhalinin gəlirləri azalıb. Bunu nəzərə alaraq, tələbat yüksək olacaq. Amma tələbatın arxasında büdcə də durmalıdır”.
“Bu təklif-tələb məsələlərini bazar iqtisadiyyatı özü tənzimləyəcək ki, hər kəs öz büdcəsinə uyğun olaraq səyahətini təmin edə bilsin.
Bir çox hotellər endirim kampaniyalarına başlayıb, təkliflərini təqdim edirlər”, - deyə o qeyd edib.