“Rusiyanın Qarabağ məsələsində müəyyən açıqlamaları nikbin notda olsa da bunun reallaşması polemikadır”.
Bu sözləri politoloq Məhəmməd Əsədullazadə son zamanlarda rus politoloqlarının Azərbaycanın xeyrinə verdikləri açıqlamalarının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.
"PolitRus" portalının rəhbəri, rusiyalı politoloq Vitali Arkov bildirib ki, Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması artıq həll olunmuş məsələdir. Hazırki Ermənistan hakimiyyəti bu prosesə başlamaqdan imtina etməklə cəbhədə gərginliyi artırmaq məqsədi güdür.
Onun sözlərinə görə, Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesində hazırda top İrəvanın tərəfindədir. Məhz İrəvan, hazırda hakimiyyətdə olan Nikol Paşinyan və onun komandasının simasında bu məsələdə Ermənistanın daha əvvəllər Minsk Qrupu çərçivəsində üzərinə götürdüyü öhdəlikləri icra etməkdən boyun qaçırır. Ermənistan tərəfi Dağlıq Qarabağ ətrafında olan işğal edilmiş rayonları Azərbaycana geri qaytarmaq prosesinə başlamaqdan imtina edir. Bu gün Dağlıq Qarabağın gələcək statusu dialoq predmetidir. Burada həm iki tərəfli formatda, həm də beynəlxalq vasitəçilər cəlb etməklə müxtəlif variantlar müzakirə oluna, danışıqlar aparılar bilər. Lakin işğal altındakı rayonların qaytarılması artıq həll olunmuş məsələdir. Ermənistan tərəfi bu addımı atmasa, danışıqların gələcəyi mümkün deyil. Ermənistanın üzərinə götürdüyü öhdəlikləri icra etməkdən imtina etməsi onu göstərir ki, hazırkı Paşinyan hökuməti konfrontasiyaya meyllidir. Təəssüflər olsun, ancaq güc nümayişi ilə külü soyutmaq mümkündür. Hazırkı Ermənistan rəhbərliyi qoşunların təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində müxtəlif təxribatlar törədərək Azərbaycan tərəfini cavab tədbirləri görməyə sövq edir.
Həmişə Ermənistan tərəfdən danışan rus politoloqlarının son vaxtlar bu cür açıqlamalar verməsinin səbəbi nədir və ən əsası Rusiyanın rayonların qaytarılması üçün Ermənistana təzyiq etməsi inandırıcıdırmı?
Mövzunu PİA.az-ın əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.
Məhəmməd Əsədullazadə: “Rusiyadan verilən bu açıqlamaların hər-hansı bir siyasi anlamı yoxdur. Yaxşı olardı ki, Rusiya neytral qalsın”.
Rusiyanın hazırkı şərtlər daxilində status-kovoda maraqlı olduğunu nəzərə çatdıran politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, Rusiyanın ərazilərə Azərbaycanın nəzarət etməsi kimi hər-hansı bir istəyi yoxdur. Çünki, bu Moskanın geosiyasi maraqlarını təhdid edir:
“Rusiyanın müəyyən siyasi mərkəzlərindən Azərbaycana qarşı pozitiv siyasətin şahidi oluruq. Əlbəttə ki, Rusiyada praqmatik siyasətə üstünlük verib Azərbaycanla əməkdaşlığı dərinləşdirilməsinə maraqlı qüvvələr var. Bundan əlavə Qarabağ məsələsində müəyyən açıqlamalar nikbinlik notda olsa da, bunun reallaşması polimikadır.
Ermənistanda baş verənlər Rusiyanın maraqlarına uyğun deyil. Bu ölkədə daxili gərginliyi artırmağın ən asan yolu Qarabağ məsələsində verilən açıqlamalardı. Rusiyanın ictimai-siyasi çevrələrindən bu kimi açıqlamaların konkret mənası yoxdur.
Məhəmməd Əsədullazadə: “Ermənistanda baş verənlər Rusiyanın maraqlarına uyğun deyil. Bu ölkədə daxili gərginliyi artırmağın ən asan yolu Qarabağ məsələsində verilən açıqlamalardı”.
Onsuzda masa üzərində olan həll variantları üzrə danışıqlar var. Ermənistan bu danışıqlardan yayınmağa çalışır. Rusiya politoloqlarının bu kimi mövqeyi əsasən Ermənistanda Paşinyan Qarabağı satır kimi bir narazılıq yaratmasına hesablanıb.
Rusiya ümumiyyətlə hazırkı şərtlər daxilində status-kovoda maraqlıdır. Onun ərazilərə Azərbaycanın nəzarət etməsi kimi hər-hansı bir istəyi yoxdur. Çünki, bu Moskanın geosiyasi maraqlarını təhdid edir. Hesab edirəm ki, Rusiyadan verilən bu açıqlamaların hər-hansı bir siyasi anlamı yoxdur. Yaxşı olardı ki, Rusiya neytral qalsın”.