Bank sektorundan sonra Azərbaycanın sığorta bazarında da yarpaq tökümü başladı desək, yanılmarıq.
Belə ki, Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə "Standart İnsurance” sığorta şirkəti ləğv edilib. Müvafiq qərarda bildirilir ki, ASC "Standard Insurance” Sığorta Şirkəti kapitalını tam itirdiyinə, cari fəaliyyətini etibarlı qaydada həyata keçirmədiyinə və istehlakçılarının hüquqlarının pozulmasına yol verdiyinə görə "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.4-cü, 109.1.2-ci, 118.1.1-ci və 118.1.2-ci maddələrinə əsasən sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilib. Həmçinin şirkətə müvəqqəti inzibatçı təyin edilib, şirkət barəsində iflas proseduruna başlanılmasına dair ərizə ilə məhkəməyə müraciət olunub.
Qanunvericiliyə uyğun olaraq "Standard Insurance” sığorta şirkətinin idarəetmə orqanlarının sәlahiyyәtlәri dayandırılıb və həmin səlahiyyətlər müvәqqәti inzibatçıya verilib.
Mərkəzi Bankın sədri Elman Rüstəmov ötən həftə mediaya açıqlamasında sığorta bazarı ilə bağlı bəzi gəlişmələrin olacağı anonsunu vermişdi. "Sığorta bazarı ilə bağlı bizim tədbirlər planımız var. Bu sahənin genişləndirilməsi, həm əhalini, həm də biznesi əhatə etməsi nəzərdə tutulub”, - deyə baş bankir bildirmişdi.
Bəs sığorta bazarını daha hansı şirkətlər tərk edə bilər? Ümumiyyətlə, bu sahənin inkişafı üçün hansı tədbirlər görülməlidir? Məsələ ilə bağlı Qaynarinfo-ya danışan sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı qeyd etdi ki, bazarda vəziyyəti ağır olan şirkətlər var.
Ekspertin sözlərinə görə, daha 2-3 şirkəti təhlükə gözləyir:
"Təəssüf olsun ki, nə Maliyyə Bazarlarına Nəzarət Palatası problemləri vaxtında gördü, nə də Mərkəzi Bank hazırda sığorta sektorundakı probemləri görür və həll edə bilir. Onlar üçün prioritet bank sektoru olduğuna görə digər maliyyə bazarları diqqətdən kənarda qalıb. Azərbaycan Sığortaçılar Assosiasiyası da qeyri-effektiv fəaliyyət göstərir, İcbari Sığorta bürosunda problemlər var. Bütün bunlarla bərabər, əhalinin sığorta mədəniyyəti çox aşağıdır. Ciddi islahatlara ehtiyac var, həm Asssosiasiyada, həm nəzarət qurumunda, həm də sığorta şirkətlərinin özündə. Əks halda, heç bir ürəkaçan mənzərə görünmür”.
Maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənovun sözlərinə görə, sığorta bazarı Azərbaycanda ən perspektivli və ən çox ehtiyac hiss edilən bazarlardan biridir:
"Hətta bank bazarında daha vacib. Amma bu və ya digər səbəblərdən çox az inkişaf edib, həcmi bank bazarından xeyli azdır. Dünya ölkələrində sığorta bazarı hədsiz genişdir. Bəzi hallarda sığorta şirkətləri bank belə təsis edirlər. Bizdə isə tərsinədir, banklar sığorta şirkəti təsis edirlər. Azərbaycanda sığorta bazarı yavaş-yavaş inkişaf edib. 2016-cı ildə sığorta bazarına nəzarət Maliyyə Bazarlarına Nəzarət Palatasına verildikdə bu inkişaf dayandı. Bunun da bir neçə səbəbi vardı. Məsələn, bu sahədə olan ən yaxşı mütəxəssislər əvvəlki nəzarətçidə, yəni Maliyyə Nazirliyində idi. Onların hamısı Palataya gəlmədi. Gələnlər də sonradan bu qurumdakı idarəetmənin bərbad olduğunu görüb qaçıb getdilər. Digər bir səbəb ondan ibarətdir ki, Palata bütün diqqəti bank sektoruna vermişdi. Nəticədə sığorta bazarı faktiki olaraq nəzarətsiz qaldı. Sığorta şirkətləri də bu nəzarətsizlikdən istifadə edib vəsaitlərini özlərinin daxil olduqları holdinqlərdə saxlamağa başladılar. Nəticədə o banklar bağlandıqda şirkətlər də problem yaşadılar. Məsələn, "BankStandart”la eyni holdinqdə olan "Standart İnsurance” bu gün bağlandı. Vaxtilə həmin bank bağlananda o şirkətin orada xeyli pulu qalmışdı və ondan bəri özünə gələ bilməmişdi. Halbuki "Standart İnsurance” "BankStandart”dan daha keyfiyyətli idi. İdi də səlahiyyətlər verilib Mərkəzi Banka. Mənim də bildiyim qədər hazırda bu qurumda layihələr hazırlanır, komanda yığılıb, yaxşı idarəçilər təyin edilib. Düzdür, hələlik hansı işlərin görüləcəyi açıqlanmır deyə konkret münasibət bildirmək olmur. Amma hamımız gözləyirik görək nə baş verəcək”.
Ə.Həsənovun sözlərinə görə, sığorta daha çox şəffaflığa söykənən prosesdir və hazırda Azərbaycan iqtisadiyyatında qeyri-şəffaf mühit hökm sürdüyü üçün bu sahədə inkişaf çətin gedir:
"Ümumiyyətlə, sığorta şirkətlərinə etibar yoxdur. Ona görə də onlar məcburən daha sadə sığorta növlərini tətbiq edirlər. Qanunda daşınmaz əmlakın sığortası var, amma heç kim buna getmir. Mürəkkəb sığorta növləri bizdə yoxdur. Çünki sığorta şirkətlərinin əksəriyyəti dürüst deyil. Sığorta ödənişlərini etməmək üçün dəridən-qabıqdan çıxırlar. Əvvəllər belə hallar az idi, Palatanın dövründə çoxaldı. İndi görək Mərkəzi Bank bu sahədə hansı siyasəti sərgiləyəcək. Bir daha qeyd edirəm, inkişaf üçün münbit mühit var, sadəcə düzgün sığorta nəzarəti olmalıdır və iqtisadiyyat özü də şəffaflaşmalıdır ki, sığorta növləri artsın. Azərbaycanda sığorta bazarının zəif olmasının əsas səbəblərindən biri də odur ki, bizdə yalnız kommersiya sığorta növü olub indiyədək. Müştərək sığorta olmayıb. Müştərək sığortanı təşviq edəcək dəyişiklik yalnız ötən il "Sığorta fəaliyyəti haqqında” qanuna daxil edilib və bu ildən artıq qüvvədədir. Amma qanunda da çox bəsit formada bəhs edilib”.
Mənbə: Qaynarinfo.az