Mərkəzi Bankın İdarə Heyətinin bu il aprelin 28-də “AtaBank” ASC və “AmrahBank” ASC-nin bank fəaliyyətinin aparılması üçün verilmiş lisenziyaları ləğv etməsinin səbəbi məlum olub.
Adları çəkilən banklar satış üçün nəzərdə tutulan külli miqdarda ABŞ dollarına özləri “müştəri” çıxıblar.
Məlumata görə, ölkədə karantin rejiminin elan olunmasından sonra Mərkəzi Bankın təşkil etdiyi valyuta hərracında xüsusi fəallıq göstərən “AtaBank” və “AmrahBank” bu əməliyyatlar zamanı iri həcmdə ABŞ dolları alıb.
Lakin hərracda alınan valyutanı satışa çıxarmalı olan bu banklar həmin vəsaitlərə özləri “müştəri” çıxaraq, dollara tələbatın kəskin artmasına ciddi “töhfə” veriblər.
“AtaBank” və “AmrahBank” rəhbərlərinin bu hərəkəti yuxarı dövlət instansiyalarında iqtisadi sabotaj kimi qiymətləndirilib və həmin bankların ləğv olunması haqda qərar qəbul edilib. (Yenicag.az)