Karantin rejimi elan ediləndən sonra bir çox idarələr onlayn xidmətə keçdirlər. Lakin aprelin 27-də qəbul edilən “yumşaltma” qərarından sonra bir çox idarələrin fəaliyyətinə icazə verildi. Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon Məşğulluq Mərkəzi də onlayn xidmətə keçdiyini açıqlayıb və bununla bağlı idarənin qapısına elan vuraraq müraciət etmək istəyən vətəndaşların (+994 2524) 5-54-33 nömrəsi ilə əlaqə saxlamasını bildirib. Lakin göstərilən telefon nömrəsinə zəng vurarkən dəstəyi heç kim qaldırmır.
Rayonun Muğan kənd sakini Arif Duniyev iki ildir ki, Cəlilabad Məşğulluq Mərkəzi ilə “vuruşur”. İki övladı ağır binevrit xəstəsi olan A.Duniyev bir çox insanlar kimi məşğulluq proqramına qoşulmaq istəyir. Lakin o, müraciətlərinə baxmayaraq meydandan uzqaşdırılır. A.Duniyev bildirir ki, ondan sonra Cəlilabad Məşğulluq Mərkəzində siyahıya alınanlara dolayısı yollarla məşğulluğa başlamaq üçün mal-heyvan verilir, amma ona yox.
Bu dəfə şikayətçinin özüylə birlikdə dediklərinin şahidi olmaq üçün Cəlilabad Məşğulluq Mərkəzinə yollandıq. Qapını döysək də heç kim açmadı. İdarənin qarşısında bir neçə rayon sakini də gözləyirdi. İdarənin qarşısında avtomobildə əyləşən polis əməkdaşı bildirdi ki, idarə onlayn xidmət göstərir və mayın 4-dən sonra qapılarını vətəndaşların üzünə açacaq. Amma idarənin içində işçilər var idi. Biz də göstərilən nömrəylə əlaqə saxlamağa çalışsaq da telefon zənglərimizə cavab verən olmadı.
Qeyd edək ki, hələ 2019-cu ilin yanva ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri ilə Dövlət Məşğulluq Xidmətinin Cəlilabad rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini icra edən Mehdi Abasov Mərkəzin baş məsləhətçisi Hafis Allahyarov və qeyriləri ilə əlbir olaraq, müxtəlif vədlər verərək işsiz və işaxtaran şəxslərdən ümumilikdə 7.400 manat məbləğində rüşvət almalarına, habelə eyni məqsədlə 1 nəfər rayon sakinindən 1.000 manat rüşvət almağa cəhd etmələrinə şübhələr üçün əsaslar müəyyən edildiyindən fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Mən indi üzümü Cəlilabad rayon Məşğulluq Mərkəzinin işçilərinə tutub deyirəm, siz nə vaxt düzələcəksiniz?!
Vasif Əlihüseyn