Ruhəngiz xanımla telefonda müsahibə barədə danışanda möhkəm-möhkəm tapşırmışdı: “Bax, əvvəldən hazırlanmış suallar olmasın, xoşum gəlmir. Müsahibə gərək öz axarı ilə gedə, ekspromt ola”
Allahdan müsahibəmiz o istədiyi kimi alındı. Razılaşdığımız vaxt qapılarını döydük. Bizi gur səsi, gülərüz çöhrəsi ilə qarşılayan Ruhəngiz xanım adımı öyrənər-öyrənməz sanki “isinmək” üçün elə dəhlizdəcə söhbətə başladı:
- Mirmehdi Seydizadə adlı bir şair vardı.
- Bəli, tanıyıram.
- Bir dəfə bir məclisdə idik. Mirmehdi Seyidzadə də yoldaşı ilə gəlmişdi. Bir az sonra məclisə Leyla Bədirbəyli gəldi yoldaşı ilə. Leyla da maşallah, dünya gözəli idi. Mirmehdi onu görən kimi masadan qalxıb bədahətən bir şeir dedi. Şeirin son misrası belə idi: “Mirmehdi qurbandı, gözlər, a gözlər”. Pah! Mirmehdi bunu deyən kimi, yoldaşı küsdü, durdu getdi mətbəxə. Ordan da Leylanın yoldaşı da hirsləndi, masadan qalxdı. Bunu niyə xatırladım? Keçən dəfə İTV-də bir qız gördüm, Mirmehdinin nəvəsi idi, ona da danışmışdım bunu.
Əlimi çantama aparıb diktofonu çıxardığımı görür:
- Sən bayaqdan bunları yazmırdın?
- Yox. İmkan verdiniz ki... Elə ayaq üstəcə başladınız söhbətə.
- Ay səni (gülür). Yaxşı keçin əyləşin, başlayaq o zaman.
Masanın başına keçirik. Mən diktofonumu, fotoqrafımız Şahin “silahı”ını çıxaranacan Ruhəngiz xanım zarafatından qalmır. Və söhbətimiz başlayır.
- Bu nə saç-saqqaldı? Torpağı sanı yaşayasan, rəhmətlik Elçini xatırlatdın sən mənə, Elçin Məmmədovu. Mehdi Məmmədovun oğlunu.
- “Yeddi oğul istərəm”dəki Mirpaşa...
- Bəli...
- Saçım-başım indi yaxşıdı, əvvəl bundan da çox idi.
- Saxla da nolacaq, hamı elə biləcək, hippisən.
- Ovqatdan asılıdır.
- Olmalıdır. Bütün bunları mərhələ-mərhələ keçmək lazımdır.
- Əvvəllər necə idi, hippilərə maraq var idi?
- Bizim cavanlığımızla işiniz olmasın (gülür). Bizim cavanlığımızda hər şey yerli-yerində idi. Məktəbdə pioner təşkilatına, yeniyetmə vaxtı komsomol təşkilatına, sonra da partiyaya cəlb edirdilər. Yəni, heç kəs kənarda qalmırdı
- Nəzarətdə idiniz.
- Həm nəzarətdə idik, həm də bilirdik ki, hara getsək dinləyəcəklər.
- Hippi mədəniyyətindən xəbəriniz var idi?
- Bilirsiz, o dövrdə dəmir pərdə hakim idi. Ordan balaca mürgənə də keçə bilməzdi, heç siçan demirəm. Ona görə bizim Amerikada baş verənlərdən xəbərimiz yox idi. Riskli olduğu üçün ancaq gecələr radioda “Amerikanın səsi”nə qulaq asırdıq. Onda da qorxurduq ki, birdən qonşu eşidər. Biz sonralar başa düşdük, bizim yaşam tərzindən başqa həyat da var.
- Ruhəngiz xanım, bir neçə gün əvvəl insanın kosmosa çıxmasının ildönümü idi. O günü necə xatırlayırsız?
- Bəlkə də Qaqarin kosmosa uçmasaydı biz dərd içində boğulardıq. Neyçün? Aprelin 8-də mənim atam 54 yaşında dünyasını dəyişdi. Onda 20 yaşım vardı. Atamın yeddisini verməyə hazırlaşırdıq, xəbər gəldi ki, Qaqarin kosmosa uçub.
- Xəbəri eşidəndə heyrətləndiniz?
- Yox. Çünki bundan əvvəl baş verən hadisələri bilirdik axı. Süni peyklərin orbitə getməsindən, Laykanın uçmasından xəbərimiz vardı deyə insanın uçmağı da gözlənilən idi. Əlbəttə, bu, çox möhtəşəm idi. Ondan sonra Tereşkova, Nikolayev, Titov uçmuşdu. Artıq biz sovet vətəndaşlarının kosmosa uçmağını adi şey kimi qəbul edirdik.
- Niderland rejissoru Aleks Van Varmerdamın “Ofisiant” adlı filmi var. Ssenarist ssenari yazdığı yerdə qəhrəman qapını döyüb onun evinə girir və deyir ki, süjetdə dəyişiklik et. 2006-cı ildə çəkilən bu film xeyli maraq oyatmışdı. Amma mən sizin “Yollar görüşəndə” tamaşanıza baxanda gördüm ki, oxşar şeyi siz hələ 1979-cu ildə eləmisiz, qəhrəman müəllifin yanına gəlib ona deyir ki, hadisənin axarını dəyiş.
- Bahooo. Sən məni haralara aparıb çıxardın (gülür)!
- Yenə o illərə qayıtdıq.
- Hə. O tamaşada müəllif kadrdadır.
- Tamaşanın ideyası hardan yaranmışdı?
- Yekəxanalıq olmasın, əgər siz mənim yaradıcılığıma bələdsinizsə fikir verib görərsiniz ki, onlar paradoks və qrotesk üstündə qurulub. Bu mənim xasiyyətimdi. Bunu mənə heç kəs aşılamır, bunu heç kəsdən götürmürəm. Əvvəl hekayələr, novellalar yazırdım.
- Hekayə kitabınız da çıxmışdı.
- Bəli. “Babamın muzeyi”. O vaxt “Ədəbiyyat və incəsənət” qəzetində, “Azərbaycan”, “Ulduz” jurnallarında dərc olunurdum. Hələ gənclik dövründən mənim bəyəndiyim yazıçılar vardı: Klapka Cerom, Əziz Nesin, bir də O Henri. Bir də Yeroslav Qaşek vardı. Onun “Cəsur əsgər Şveykin macəraları” əsərini əzbər bilirdim. Onun sitatlarını biz gənclər öz aramızda işlədirdik. Əlbəttə, dünya klassiklərini, rus klassiklərini, Azərbaycan klassiklərini oxuyurdum. Əfsuslar olsun, mən Azərbaycan ədəbiyyatını ruscadan oxumuşam; Mirzə İbrahimovun “Gələcək gün”, Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz”, “Qılınc və qələm” əsərləri və başqaları.
- Əsərlərinizi də rusca yazmısız...
- Bəli. Mənim ilk “Yollar görüşəndə” pyesimi Həsən Əbluc tərcümə eləmişdi. “Ömrün yolları” və “Qonşu qonşu olsa” pyeslərimi isə Nailə Muradxanlı çevirmişdi.
- Tamaşalara yazlan mahnıların sözlərini də Fikrət Qoca yazırmış.
- Fikrət Qoca və Ruhəngiz Qasımova ayrılmaz yaradıcı tandemdir. Mahnı, romans janrında nə yazmışamsa, 80 faizi Fikrət Qocanın sözlərinədir. Mahnılarımın bir qisminin sözlərini də İsa İsmayılzadə yazıb. Dilsuz Mustafayevlə də işləmişdim.
- Dilsuzu deyirsiz yəqin? “Yol” povestinin müəllifi.
- Hə. Biz onda Azərbaycan radiosunda işləyirdik. Deyirlər ki, necə oldu yazıçı oldunuz? O mühitdə necə yazıçı olmayasan? Böyük redaktorumuz Firudin Ağayev, baş redaktorumuz Rauf İsmayılov idi. Çox gözəl redaktor idi. Azərbaycan dilinin keşiyində duran adam idi. Belə mühitdə necə öyrənməmək olardı? Biz sözün əsl mənasında bir-birimizi başa düşən həmkar olmuşuq. Baş redaktor deyəndə ki, nəyisə çıxar biz bilirdik, bu hissə ümumi materialın uğuruna mane olur. Yəni, sözün qədrini bilməyi, sözü yerində işlətməyi öyrədirdilər. Bizim vaxtımızda “Allah canıvızı sağ eləsin“ ifadəsi yox idi. İndi televizoru açırsan, aparıcı “Allah canıvızı sağ eləsin“ deyir, öpüşür, görüşür, oynayır. Ay bala niyə atılıb-düşürsən, niyə oynayırsan, nolub axı?!
- Artistizm də yoxdu.
- Artistizm də yoxdu, səviyyə də. Ona görə belə verilişlər mənim xoşuma gəlmir.
- Azərbaycan kanallarına baxırsız?
- Baxıram, niyə baxmayım? Bilirsiz, tənqid eləmək asandı. Kiminsə şəstinə toxunmadan tənqid etmək lazımdır. “Yeni ulduz” proyektini xalq niyə sevdi? Çünki xalq dürüst söz eşidirdi, o təmizliyi, saflığı görürdü. Gəncləri düzgün istiqamətləndirməyə cəhd edən böyükləri görürdülər.
- “Yeni ulduz”dan çıxan qaliblər gözlədiyiniz səviyyədə müğənni ola bildilər?
- Mən deyərdim ki, hə. Bu başqa şeydi ki, onlar özləri layiq olduqları tərzdə özlərini təsdiqləyə bilmirlər. Bunun da səbəbi özləri deyil. Bir çoxu qazanc naminə el şənliklərinə qoşulub. Vaxtilə Niyazi simfonik orkestrlə Salyana gedib kolxozçuların qarşısında çıxış edirdi. Camaat tökülüb gəlirdi simfonik orkestrə qulaq asmağa. İndi hünərin var bir kvartet götür get rayonlara, gör qulaq asacaqlar? Yox. Çünki camaat indi televizorda simfonik orkestri görmür.
- Bəlkə camaat simfonik konsertlərə zorən gətirirdilər?
- Nə danışırsız? Niyazinin adı gələndə camaat elə sevinirdi ki.
- Belə çıxır o dövrdə xalqımız daha mədəni idi?
- O dövrdə camaatın zövqünün özbaşına formalaşmasına imkan vermirdilər. Xalq yönləndirilirdi.
- Belə çıxır indi yönləndirmə olmadığı üçün bayağılıq üzə çıxıb?
- Mən başqa cür deyərdim. Həmişə belə olub: qocalar deyirlər, qabaq yaxşı idi, cavanlar deyirlər indi yaxşıdır. Çünki, qoca irəlidə heç nəyi görmür, özünü də görmür. Ona görə keçmişdə yaşadığı əhval-ruhiyyəni canlandırdıqca ona elə gəlir ki, o vaxta qayıdır və özünün mənəviyyatını təmin edir. Həm də indi bilirsiniz necədi, hər kəsin evində kompüteri var, kimə nə maraqlıdırsa ordan tapır. Əvvəllər kolxozlarda klublar, mədəniyyət sarayları vardı, indi də fitnes klublar var. Bəşəriyyət tədricən gedən yolu biz son iyirmi ildə keçirik. Ona görə də hər şeyi necə var qəbul eləmək lazımdır.
- Siz necə, yeniliklərə alışa bilmisiz?
- Obijaeş, naçalnik (gülür). Mən 98-ci ildən kompüterə bağlı adam. Amma yazılarımı yazı makinasında yazıram. Ona görə ki, makinanın səsi çıxmayanda məndə ideya baş qaldırmır. Makina mənim həmkarımdır.
- Hər gün yazırsız?
- Hər gün? Nə danışırsan, onda mən Tolstoyu, Heminqueyi keçərdim ki.
- AYB-yə niyə belə gec üzv oldunuz?
- 75 yaşım olanda üzv elədilər. Yazıçılar Birliyində təqdimat olanda Anar dedi ki, Ruhəngiz, 1939-cu ildə Üzeyir bəyi ilk bəstəkar-yazıçı kimi mənim atam Rəsul Rza Yazıçılar İttifaqına qəbul eləmişdi. 76 il keçəndən sonra mən səni üzv edirəm. Mən də dedim, bu vaxta kimi ilk peşəmi bəstəkarlıq hesab edirdim. Amma siz ki, belə uyğun görüb məni Yazıçılar Birliyinə üzv etmisiz, çox sağ olun. Söz verirəm ki, sizi çox yormayacam, çox yazıb-pozmayacam. Bax belə zarafatımız oldu.
- Onda belə çıxır, özünüzü daha çox bəstəkar hesab edirsiz?
- Musiqi bəstələyəndən sonra hücum çəkirəm yazı masama və makinama. Nəsə yazıram, o da alınmayanda mahnı bəstələyirəm. Fikrət Qoca mənə zəng edib təzə mahnı mətnlərini deyir. Bizim işləmək prinsipimiz çox orijinaldır. O, bilir ki, mən makinadan çıxan mətn ilə işləmirəm. Ya gərək əl yazısı olsun, ya da o gərək diktə eləsin, mən əllə yazım. Fikrət Qocanın 80 illiyi ilə əlaqədar Moskvaya getmişdik. Orda mənə söz verdilər. Royal arxasına keçəndə dedim, baxmayaraq ki, Fikrətin 80, mənim 75 yaşım var, biz yenə də sevgidən-məhəbbətdən yazırıq, yenə də yazacağıq.
- Mütaliə edirsiz?
- Hər gün. İyirmi ildir “Soverşenno sekretno”, “Sobesednik” və başqa jurnallara abunəyəm. Hər gün krossvord edirəm, krossvord eləyəndə beyin itiləşir. Özü də mən bizim krossvordları xoşlamıram, çox bəsitdirlər. Sonra mən nərd oynamağı xoşlayıram. Yoldaşımla nərd oynayırıq. Nəvəmlə şahmat oynayıram. Nərd üçün ölürəm. Cığal da deyiləm.
- Zər tutmursuz?
- Yox. O artıq nərd olmur, hoqqabazlıq olur. Mən “azartnı” adamam. Riskə getməyi xoşlayıram. Xaricdə olanda mütləq kazinoya gedirəm və uduram da. Əlim gətirir. Belə oyunları oynayanda adamın içindən adrenalin çıxır.
- Qonaqlıqdan nərd oynamısız?
- Əşşi, mənim peşəm onsuz da qonaqlıq verməkdi.
- Şair-yazıçıların məclislərində çox iştirak etmisiz?
- Yox. Mənim üçün maraqlı olmayıb.
- Rəqsanəni tərifləmişdiz bir dəfə.
- Rəqsanənin çox gözəl səsi var. Heyf ki, savadı azdı.
- Başqa hansı müğənnilərin adını çəkə bilərsiniz?
- Bizdə çoxu soyunub sonra oxumağa başlayır, amma əvvəl oxuyub sonra soyunmaq lazımdır.
- Flora Kərimova necə oxuyur? O vaxt sizin tamaşada oxumuşdu.
- Flora cürbəcür səslərlə oxuyub özünü yoxlayırdı. Onun çox yaxşı ürəyi və duyumu var. İlhamə də gəncliyinə baxanda son dövrlər daha yaxşı oxuyurdu. Onlar və başqaları Azərbaycana məxsus müğənnilərdir. Bizim müğənnilər Türkiyəyə güclə yol tapa bilirlər. Türkiyənin yüzdən çox kanalı var, bizimkilər birində çıxıb oxuyanda bunu toy-bayram hesab edirlər. Amma Ajda Pekkan dünya miqyasında müğənnidir. Zeki Müren bütün Şərq aləmi üçün Zəki Müren idi. Necə ki, mən öz Azərbaycanımızda tanınan bəstəkaram, onlar da Azərbaycanda önəmli müğənnilərdi.
Mirmehdi Ağaoğlu
lent.az
Digər xəbərlər
loading...