Azərbaycanın rayonlarda əkin mövsümü başladığıdan kiçik pay torpaqlarına malik olan kəndlilər ənənəvi problemin davam edəcəyindən qayğılanırlar. Söhbət suvarma suyunun çatışmazlığından gedir. Məsələ burasındadır ki, bir çox rayonlarda ucsuz-bucaqsız torpaqları qamarlayıb ələ keçirən imkanlı şəxslər, məmurlar əkin-biçin mövsümü boyu suvarma sularını öz sahələrinə yönəldirlər. Nəticədə bu “su əjdahaları”nının ucbatından nisbətən kiçik pay torpaqları olan kəndlilər əkib-becərə bilmirlər.
“Su məsələsi bu gün kənd təsərrüfatının qarşısında duran ən ciddi problemlərdən biridir. Bunun da bir neçə obyektiv və subyektiv səbəbləri var”.
Bunu Modern.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin eksperti Nicat Nəsirli bildirib.
"Ölkənin su rezervləri işğaldadır”
N.Nəsirli qeyd edib ki, məsələ dövlət başçısının da diqqət mərkəzindədir:
“Bu yaxınlarda ölkə rəhbərinin sərəncamı ilə ən yüksək səviyyəli su ehtiyatlarının tapılması ilə bağlı komissiya yaradıldı. Bütün dövlət qurumlarının rəhbərləri o komissiyaya daxildir. Bu, onun isbatıdır ki, suvarma suyu ilə bağlı çox ciddi problemlərimiz var. Problemin obyektiv tərəfi ondan ibarətdir ki, ölkənin su rezervlərinin çoxu işğaldadır. Əsas qidalandırıcı iki çayımız var: Araz və Kür. Onlar da ölkədən xaricdə formalaşır, su itirə-itirə ölkə ərazisinə daxil olur. Nəticədə Kür çayından əkin sahələrinə su qaldırmaq üçün böyük, bahalı motorlar, elektrik enerjisi lazımdır.
Təkcə keçənilki təsərrüfat mövsümündə su ilə bağlı yüzlərlə şikayət alırdıq. Vəziyyət əkinçilik üzrə ixtisaslaşan 18 Aran rayonunda özünü biruzə verirdi. Dağətəyi və dağlıq rayonlarda bu, qlobal problem deyil. Çünki həmin ərazilərə atmosfer çöküntüləri, yağıntı çox düşür, orada sututarlar var, il boyu yağıntı toplanır. Ölkəni “yedizdirən” 18 rayon il boyu payızlıq bitkiləri əkib-biçdikdən sonra ikinci əkin aparırlar. Yəni il boyu əkin tsikli davam edir. Əvvəllər bu rayonlar işğaldakı Ağdərə ərazisindəki Sərsəng su anbarından qidalanırdı. Onun ümumi tutumu 560 milyon kubmetrdir. Bununla demək olar ki, əksər rayonlara Tərtərçay və digər ötürücü kanallar vasitəsilə suvarmanı təmin edirdilər. Məsələnin obyektiv səbəbləri budur”.
Su çatışmazlığı-məmur özbaşınalığı...
Ekspert qeyd edib ki, suvarma suyunun çatışmazlığının subyektiv səbəbi məmur özbaşınalığıdır:
“Problemin subyektiv tərəfində icra başçıları, rayonlardakı digər yüksək mənsəb sahibləri, imkanlı şəxslər, eyni zamanda Bakıda “yağlı vəzifələr”də, isti otqalarda oturub rayonlarda əkinçilik, heyvandarlıq təsərrüfatları quran məmurlar dayanır. Onların yerlərdəki məmurlarla əlbir olaraq özbaşınalıq etmələri əhalinin suvarma işləri aparmasında menələrdir. Son 3-4 icra başçısı ki həbs olunub, onların hamısının böyük təsərrüfatları var. Bu, öz-özlüyündə ciddi problemdir. Bu adamlar öz səlahiyyətlərindən istifadə edərək, əsas suvarma dövründə suyun böyük hissəsini öz sahələrinə yönəldirlər. Kəndlilərə də deyirlər ki, “kiməsə şikayət etsən sənin üçün pis olacaq”. Yəni kəndli bir növ təhdid edilir”.
“Kəndlilər məmurlardan qorxur”
Müsahibimiz deyir ki, rayonlarda böyük təsərrüfatlara sahib məmurlar su məsələsilə bağlı ciddi problem yaradırlar:
“Prezident özü də müşavirədə bildirdiyi kimi, məmur özbaşınalığına son qoyulacaq. Hesab edirik ki, bu cür məmurlara da növbə çatacaq. Məmur məmurluqla məşğul olmalıdr, məmur əkinçiliklə məşğul olmamalıdır. Olursa da əkinliçiyin ədəbi qaydasına riayət etməlidir. Elə icra başçısı var ki, nəninki suvarma suyunu, rayonun bütün təəsrrüfat resurslarını, texnikasını öz təsərrüfatına yönəldir, işçiləri qul kimi işlədir. Əminik ki, dövlətin güclü qılıncı onları yerində otuzduracaq, ədalət, düzgünlük qalib gələcək. Prezidentin hər çıxışında dediyi kimi, belə hallar olan rayonlarda insanlar qorxub geri çəkilməməlidirlər. Kəndlilər məmurun qılıncından qorxurlar, qorxmasınlar, öz haqlarını müdafiə etsinlər. Hansı məmur təzyiq edirsə, vətəndaş birbaşa aidiyyatı mərkəzi qurumlara, dövlət başçısına çıxmalı, öz hüquqlarını müdafiə etməlidirlər. Əgər kəndlinin təsərrüfatına su gəlmirsə və onu batırırsa, bu, onun üçün ölümə bərabərdir. Ona görə də hansısa məmurdan qorxmaq lazım deyil. Rayonların fermerlərinə müraciət edərək deyirik ki, öz haqlarını müdafiə etsinlər. Pandemiya dövründə görüşlər keçirilmir, amma görüşlər bərpa olunanda da qorxmasınlar. Artıq o dövr bitdi, ölkədə məmur özbaşınalığı dövrü qapandı. Bizim yaxın tariximizdə icra başçısının həbs olunması baş verməmişdi. Amma bu baş verirsə, gələcəyə inam da artır. Burada ictimai məlumatlandırma, ictimai aktivlik önəmli yer tutur. Hər bir insan öz hüquqlarını müdafiə etməlidir. Eyni şeyi biz də fermerlədən tələb və xahiş edirik ki, öz hüquqlarını qorusunlar, haqlarını tələb etsinlər, məmurlarına adını desinlər. Biz dəfələrlə görüşlərdə bu cür məsələlərlə qarşılaşmışıq. Fermer gəlib ki, “məmur suyumu kəsib çətin vəziyyətdə qalmışam”. “Hansı məmur” sualı ilə tapmaca tapmaq məcburiyyətində qalırıq. Yüzlərlə belə anonim şikayətlər alırıq. Qardaş, biz Baş Prokurorluğun istintaq idarəsində işləmirik. Şikayət sənindirsə, arxasında da dayanmasılan. O baxımdan sudan şikayət edən insanların təfəkküründə də dəyişiklik olması işin faydasına olardı”.
“Fermer suyun ağzını açır, arxasını buraxır”
N.Nəsirlinin sözlərinə görə, ən qlobal problem su resurslarının düzgün idarə olunmamasıdır:
“Bu, ümumilikdə bütün rayonlar üçün xarakterikdir.Yəni su probleminin arxasında yalnız məmur özbaşınalığı dayanır desək, doğru çıxmaz. Bundan da qlobal problemimiz su resurslarının düzgün idarə olunmamasıdır. Hətta bizim elə rayonlarımız var ki, orada məmur özbaşınalığı yoxdur, onlara məxsus böyük təsərrüfatlar formalaşmayıb. Amma o rayonda sakinlərin suyun idarə olunması ilə bağlı təsəvvürləri yanlışdır. 1 hektara becərmədə mövsüm ərzində 8 kubmetr su lazımdır, amma fermer 8 kubu 1 saatda sahəyə axıdır. Buna selləmə-suvarma metodu deyilir. Loru dildə desək, suyun ağzın açır, arxasını da buraxır. Suyu bitkiyə lazım olan qədər vermək lazımdır. Əks halda su sahədə yığılır, qrunt suyu ilə əlaqə yaranır, torpağın üzündə şoranlaşma getməyə başlayır. Bir sözlə insanların sudan istifadədə ciddi problemləri var”.
Rayonlarda sututarların sayı artırımalıdır
Ekspert həmçinin deyib ki, son illər dövlət dəstəyilə regionlarda sututarlar yaradılsa da, kifayət qədər deyil:
“İqlim dəyişmələrə məruz qalır. Bu ilin qışında kifyaət qədər atmosfer çöküntüləri düşmədi, düşənləri də su anbarına topalamaq mümkün deyil. Dağlardan əriyib gələn qarı, buzu sututarlarda saxlamaq lazımdır. Bu gün rayonlarımızdakı sututarlar ya sıradan çıxıb, ya da yoxdur. Aran rayonlarında ümumiyyətlə sututar görməmişəm. Sututar ən rentabelli infrastrukturdur. Yağış yağır və gedib orada toplanır”.