"Bu gün daha 4 rayon - Bakının Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə pensiya ödənişi həyata keçirildi. Həmin rayonlar üzrə 82 734 pensiyaçının hesablarına aprel ayının pensiyaları köçürülüb".
MilliYol.Az xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.
Onun sözlərinə görə, son üç gündə Bakının bütün rayonları, habelə Sumqayıt şəhəri və Abşeron rayonu üzrə bu ayın pensiya ödənişləri həyata keçirilib: "Aprelin 15-də isə ölkənin digər rayon və şəhərlərindəki pensiyaçılar öz pensiya vəsaitlərini alacaqlar. Həmin gün dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslərin pensiyaları da ödəniləcək. Aprel ayının müavinət, təqaüd və kompensasiyaları bu ayın 20-21-də, ünvanlı dövlət sosial yardımları isə ayın 28-də veriləcək".
"Pensiyaçıların yaxınları, ailə üzvləri (evdən çıxmaq üçün müvafiq icazə əsasında), habelə tənhalara xidmət edən sosial xidmətçilər həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya posterminallarından alaraq sahiblərinə çatdıra bilərlər. Bu zaman hər hansı faiz tutulmayacaq", - F.Talıbov qeyd edib.