Hüseynbala Səlimov
Bəli, yazıçı var ki, onu oxumamaq mümkün deyil. Belələrinə ilk növbədə Tolstoyu, Dostoyevskini və bir də Markesi aid edərdim. Yazıçı da var ki, onu oxumaq lazımdır, yəni oxumamaq ayıbdır. Belələrinə isə mən ən birinci növbədə Kamyunu aid edərdim.
Bilirsinizmi, bu iki yazıçı və yaxud da iki çox böyük ekzistensialist – Kamyu və Sartr nə qədər ki, ədəbiyyatla maraqlanan olacaq, daim mübahisəli qalacaqlar - ədəbiyyat və söz xiridarları onları filosof, fəlsəfə biliciləri isə ədəbiyyatçı hesab edəcəklər...
Əslində bunların hər ikisi çox böyük dəyərləndirmədir, məsələn, İ.Nyuton ona filosof deməyəndə inciyirmiş. Dostoyevski isə İ.Turgenevdən "zəif” yazdığını etiraf etsə də, özünü yenə də Rusiyanın ən böyük yazarlarından biri hesab edirmiş.
Yaxşı yazıçılar (eləcə də yaxşı filosoflar!) özləri özlərini xatırladırlar. Bizim bu təşvişli günləri düşünürkən ilk yada düşən əlbəttə ki, Kamyu olur. Ona görə yox ki, onun "Taun” romanı var. Ona görə yox ki, roman istər-istəməz yaşadığımız epidemiya və yaxud da pandemiya ilə səsləşir və yaxud da onunla assosiasiya yaradır.
Yox, mən Kamyunu həmişə onun fəlsəfi esselərinə görə qiymətləndirmişəm. "Həyat onu yaşamağa dəyərmi?” sualı və yaxud da yaşamın özü bir bunt-qiyam kimi! Nə qədər ki, insanlıq var, "həyat onu yaşamağa dəyərmi?” sualı aktual olacaqdır. Nə qədər ki, bəşəriyyət var, permanent bunt – qiyam davam edəcəkdir...
İnsanın qiyamı əslində onun "Həyat onu yaşamağa dəyərmi?” sualına cavabıdır. Allahların hökmü budur ki, həyatın heç bir mənası yoxdur, insanın onu necə yaşamasının, ümumiyyətlə, yaşayıb-yaşamamasının da əslində bir mənası yoxdur. İnsan əlbəttə ki, bununla razılaşmır və elə ona görə qiyam edir: Allahlardan ilk olaraq odu oğurlayır, bu xaotik və çox soyuq dünyadan İstinin nə olduğunu anlayır, Allahların hökmünə qarşı çıxır, hər dəfə daşı dağın başına qaldırır və bunu təkrar-təkrar edir, sonsuzluğa qədər də edəcəyinə qərar verir və beləcə, Allahların insanlıq üçün Cəza Evi kimi nəzərdə tutduğu bu dünyanı özü üçün Yaşam Evinə çevirir...
Qiyamın məzmunu, mahiyyəti də məhz elə budur – insanın qiyamı mahiyyətcə məhkumların qiyamı kimidir, - bəli, Dünya bir Cəza Evidir, allahlarsa onun əli dəyənəkli nəzarətçiləri! Mənasızlığa məna verməyə, boşluğa dolu kimi baxmaq – qiyamın daha bir məzmunudur. Qiyam heç sözsüz, insanın Təbiətdən qopmaq üçün atdığı addımdır, qəbul etdiyi bir qərardır.
Bəli, insan daim Təbiətdən, hətta belə demək mümkündürsə, öz təbiətindən qopmağa çalışır. Hər kiçik qələbəsindən sonra ona elə gəlir ki, Təbiətin üzərində böyük qələbə çalıb. Amma əfsus! Bu, sadəcə, ona belə gəlir: Təbiət böyük bir mövcudluq tənliyinə daha kiçik bir hədd və yaxud da məchul daxil etməklə "bütün kartları qarışdırır”, İnsanı yenidən aşağıya doğru, daşın yanına doğru qayıtmağa vadar edir.
Bəli, bu sanki əbədi bir ssenaridir: Qiyam və Məğlubiyyət, daha bir Qiyam və daha bir Məğlubiyyət – Allahların və İnsanın mövcudluq şansı bax belə davam edir...
Bütün bunlar bu gün müşahidə etdiklərimizdə özünü çox bariz şəkildə göstərir: İnsan yenə də Qiyamla İtaət arasında qalıbdır.
Bəli, kimisi, ən azı müvəqqəti olaraq, itaəti önə çəkir, daha qısa yolla gedir, kimi də qiyam edir. Məsələn, bəzi Avropa ölkələrindəki vəziyyət buna sübutdur; avropalı insan hər şeyin ilk növbədə azadlıq müstəvisində çözümünü istəyir.
Bəli, onunçün hətta mövcudluq, hətta əxlaq, ümumiyyətlə, hər şey və eləcə də təhlükəsizlik məsələsi, bu müstəvidə çözülməlidir – bunun özü də haradasa kiçik bir adrenalin məsələsidir.
Avropalı insanın "Azadlıq hüdudlarında təhlükəsizlik, yoxsa təhlükəsizlik çərçivəsində azadlıq?” sualına cavabı birmənalıdır – o, hələ ki azadlığı seçir, ona üstünlük verir və ona sığınır. Risklidirmi? Əlbəttə! Özü də çox! Burada bir məsələ var və bunu nəinki avropalılar, ümumiyyətlə, bütün insanlıq, asiyalılar, Qərb və Şərq, Şimal və Cənub kəsiminin bütün əhli bilməlidir: insan özünün ən özəl instinktlərindən birini, ən təməl haqlarından birini, bəli, yaşamaq haqqını və instinktini unutmamalıdır.
Bəli, əks təqdirdə insanlıq bir daha, neçə min illər bundan əvvəl yaşamalı olduğu aqibəti təkrar yaşamalı olar və bu da odur ki, ən azı müasir antropoloqların dediyinə görə, dinozavrlar və kərtənkələlər demək olar ki, yaşıd olub. Fəqət, kərtənkələlər özlərin hifz edə, yaşaya bildilər, dinozavrlar isə...