“Apple” şirkəti koronavirus xəstələrini müalicə edən həkimlər üçün xüsusi üz qoruyucu bəndlər hazırlayacaq...
Şirkətin baş direktoru Tim Kuk “Twitter” səhifəsində paylaşdığı açıqlamada həftədə 1 milyon belə qoruyucu vasitə istehsal etmək niyyətində olduqlarını qeyd edib.
T.Kuk videomüraciətində üzə uyğunlaşdırıla bilən həmin bəndlərin 2 dəqiqədən az vaxta yığıldığını bildirib.
Müraciətdə həmçinin şirkətin dünya təchizat şəbəkəsi vasitəsilə indiyədək 20 milyondan çox tibbi maska tədarük edildiyi də göstərilib: “Onların daha çox ehtiyac olduğu yerlərə çatdırıldığına əmin olmaq üçün Birləşmiş Ştatların hökumətilə daima yaxından əməkdaşlıq edirik. Həmçinin xaricə də tədarükü mümkün qədər tez genişləndirmək ümidindəyik”.
Ötən həftə “Apple” şirkətinin koronavirusun sürətlə yayıldığı ABŞ-dakı ticarət mərkəzlərini may ayının əvvəlinədək açmamaq qərarı verdiyi bildirilmişdi.