“Beynəlxalq münasibətlərin hazırkı vəziyyətində Azərbaycan-Rusiya Regionlararası Forumu xüsusi aktuallıq kəsb edir”.
Bunu prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunun əhəmiyyətini şərh edərkən səsləndirib. Əli Həsənov bildirib ki, hər il keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu iki ölkənin münasibətlərində körpü rolunu oynayır. Həm Rusiyada, həm də Azərbaycanda təşkil olunan Foruma hər iki ölkədən 500-dən çox iştirakçı qatılır. Builki Forumda Rusiyanın bir çox vilayətlərindən, o cümlədən mərkəzi hakimiyyət orqanlarından nümayəndələr iştirak edir.
Prezidentin köməkçisi məlumat verib ki, tədbirdə bir çox sahələr üzrə əlaqələrin geniş spektri müzakirə olunacaq. İqtisadiyyat, sənaye, kənd təsərrüfatı, ticarət, humanitar əlaqələr, gənclər arasında münasibətlər, hər iki ölkənin qeyri-hökumət təşkilatları və media qurumlarının əməkdaşlığı müzakirəyə çıxarılacaq mövzular sırasındadır.
“Həmçinin ötənilki Forumda qəbul olunmuş qərarların icrası ilə bağlı görülmüş işlərə dair hesabat xarakterli çıxışlar olacaq. O cümlədən gələn il üçün regionlararası əlaqələrin genişləndirilməsi sahəsində təkliflər müzakirə ediləcək. Beynəlxalq münasibətlərin hazırkı vəziyyətində Azərbaycan ilə Rusiya arasındakı bu Forum çox aktualdır və hər iki ölkənin maraqlarına cavab verir”, - deyə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi vurğulayıb.
Əli Həsənov qeyd edib ki, Azərbaycan və Rusiya arasında daim genişlənən əlaqələr hər iki ölkənin prezidentlərinin diqqət mərkəzindədir. Həm iqtisadi və siyasi sahədə, həm də sosial və mədəni əlaqələr, cəmiyyətlərarası münasibətlər kifayət qədər intensivdir. Bu intensivliyi nizamlamaq üçün belə forumlar zəruridir.(Azərtac)
MilliYol.Az
Digər xəbərlər
loading...