Hazırkı doğum göstəricisi saxlanılsa, 2050-ci ildə Azərbaycanda hər il 10-15 min oğlan uşağı çox doğulacaq...
“Arzu edək ki, həm yeni tərkibli Milli Məclis, həm də Komitənin yeni rəhbəri bu cür sosial məsələlərdə daha diqqətli olacaqlar”.
Bu sözləri sosioloq Əhməd Qəşəmoğlu Azərbaycanda gender disbalansının pozulma səbəblərini PİA. az-a şərh edərkən qeyd edib.
Azərbaycan Çindən sonra gender disbalansının ən çox pozulduğu ölkə sayılır. Dövlət Statistika Komitəsi xəbər verir ki, ölkədə hər 100 qadına 114 kişi düşür.
Hazırkı doğum göstəricisi saxlanılsa, 2050-ci ildə Azərbaycanda hər il 10-15 min oğlan uşağı çox doğulacaq. Bu isə əhalinin cinsi tərkibində bərabərsizlik, qadınlarının azlığına və onlar uğrunda kişilər arasında mübarizəyə yol açacaq. Buna görə, azərbaycanlı kişilərin kənar ölkələrdən özlərinə həyat yoldaşı axtarması halları artacaq.
Görünən budur ki, bu problem ildən-ilə daha da böyüyür. Bəs problemin qarşısın almaq üçün atılan addımlar niyə bəhrəsini vermir?
Mövzunu PİA.az-ın əməkdaşı sosioloq Əhməd Qəşəmoğlu ilə müzakirə edib.
Oğlanların sayı qızların sayından 7-8 faiz çox olanda bu işə sevinmək lazım olduğunu deyən sosioloq PİA.az-a açıqlamaslnda əlavə edib ki, 14 faiz artıq böyükdür və bu tendensiya artıq. 14 faiz 18 faiz də ola bilər. Bu da çox qorxuludur:
“Bu sahədə atılan addımlar lazımi addımlar deyil. Yəni hansısa iş görüldü xatirinə edilən işlərdir. Mən 10 ildən artıqdır ki, bununla bağlı müsahibə verirəm. Uyğun olan qurumlardan hələ biri də maraqlanmayıb ki, sizin mütəxəssis olaraq nə tövsiyyəniz ola bilər. Hərəsi bir yanda başını salıb aşağı öz məmurluğunu edir.
Azərbaycanda bu məsələyə yanaşma doğru deyil. Çünki millət vəkili, jurnalist, xanəndə hamı bu işdən danışır. Danışanlar deyirlər ki, ölkədə oğlanlar çox, qızlar az doğulur. Bir azdan oğlanlarımız evlənməyə qız tapmayacaq. Bu çox gülünc yanaşmadır. Bu məsələnin bir tərəfidir.
Məsələnin daha qorxulu tərəfi var. Bu da selektiv abortdur. Uşağın cinsi məlum olandan sonra ata-ana qərar qəbul edir ki, öz uşaqlarını qətl etsinlər. Bu çox dəhşətlidir. Çünki ata-ana öz uşağının qatili olur. Bəzən isə öz övladının qatili olmaq bir dəfə deyil, dəfələrlə təkrar olunur. Bundan sonra o insanların özündə də psixoloji hallar olur və cəmiyyətə qarşı həmin insanlarda qəzəb yaranır.
Əhməd Qəşəmoğlu: “Din idarələri də bu məsələ ilə bağlı nağıl danışırlar”.
Biz bunu insanlara başa salmalıyıq ki, öz övladlarının qatili olmaqla həm Allah qarşısında günah edirlər, həm də psixoloji olaraq özlərinə zərbə dəyir. Həmçinin valideynlərə başa salınmalıdır ki, ultrasəs müayinəsinin uşağa ziyanları çoxdur. Amma valideynlər deyirlər ultrasəs müayinəsinin hər hansı ziyanı yoxdur. Biz eşitmişik ki, bir dərmanı istifadə edirlər və 50 ildən sonra deyirlər ki, bilməmişik burada böyük səhv olub. Məsələn pensilin deyilən antibiotiki kütləvi şəkildə 10 il əvvələ qədər istifadə edirdilər. Sonra da dedilər bu dərmanın ziyanı çoxdur.
Din idarələri də bu məsələ ilə bağlı nağıl danışırlar. Amma savadlı insanlar bu məsələdə kifayət qədər ciddi maariflənmə işi apara bilərlər. Bunu da etmirlər.
Onu da qeyd edim ki, oğlan uşaqlarının qız uşaqlarından çox doğulması yaxşı haldır. Bunu da maarifləndirmə aparmaq olar ki, əgər ölkədə qız uşaqlarından çox, yəni 7-8 faiz oğlan uşağı doğulursa, bu idealdır. Çünki oğlan uşaqları böyüyəndə ölkədən çıxıb gedir. Həmçinin oğlan uşaqlarının çoxu müharibədə, dava-dalaşda, hərbi xidmətdə ölür. Qız uşaqlarında isə ölüm bu qədər baş vermir. Müəyyən xəstəliklərə də qız uşaqları daha davamlı olur.
Əgər oğlanla, qız uşaqları eyni sayda doğulursa, 20 yaşlarında oğlanların sayı xeyli az olur. Buna görə də oğlanların sayı 7-8 faiz çox olanda mən deyirdim bu işə sevinmək lazımdır. Amma 14 faiz artıq böyük rəqəmdir və bu tendensiya gütdikcə artır. 14 faiz 18 faiz də ola bilər. Bu da çox qorxuludur. Çünki həqiqətən də oğlanlar bu qədər çox olanda başqa millətlərdən qız alıb ölkəyə gətirirlər. Bu da ölkədə etnik mənsubiyyətdə dəyişiklik deməkdir.
Buna görə də bu məsələ ilə ciddi məşğul olmaq lazımdır. Bu barədə ciddi, dərin əsaslarla fəaliyyət proqramı hazırlamaq lazımdır. Bu zaman məlum olacaq ki, hansı qanunlar işlənməlidir, hansı inzibati metodlar olar. Həyatda elə bir sosial problem yoxdur ki, onu idarəetmək mümkün olmasın. Amma onu düzgün idarəetmək lazımdır. Oğlanların çoxalmasının yaxşı hal olmadığını deməklə heç nəyi tənzimləmək olmaz. Bu indiki vaxtda mümkün deyil.
İndiki elm onu təsdiq edir ki, cəmiyyət günü-gündən möhkəmlənirsə, artıq maariflənmə 50 il əvvəlki kimi ola bilməz. Hökmən maariflənmənin arxasında elm olmalıdır. O elm də hansı sosial texnologiyaları qurmaq lazım olduğunu deməlidir. Bu sahədə heç bir iş görülməyib və bu sahədə boşluq var.
Bildiyimiz kimi Ailə Qadın və Uşaq Komitəsinə yeni rəhbər təyin edildi. Arzu edək ki, həm yeni tərkibli Milli Məclis, həm də Komitənin yeni rəhbəri bu cür sosial məsələlərdə daha diqqətli olacaqlar”.