"Martın 7-də Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrini yerinə yetirən zaman əsgərimiz Qarayev Eltun Elman oğlu Ermənistan silahlı qüvvələrinin odlu silahdan açdığı atəş nəticəsində qətlə yetirilib".
MilliYol.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb.
"Bu qətl həftə ərzində düşmən qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində törətdiyi ikinci qanlı təxribat və cinayət halıdır və onun bütün məsuliyyətini Ermənistan daşıyır. Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyaraq, dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan heç bir hərbi qulluqçumuzun qanı yerdə qalmayacaq.
Allah şəhidimizə rəhmət eləsin", - nazirlikdən bildirilib.
11.27
Bu gün saat 05:40 radələrində “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası zamanı əsgər Qarayev Eltun Elman oğlu odlu silahdan açılmış atəş nəticəsində yaralanıb, dərhal Qazax Müalicə-Diaqnostika Mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Bu barədə MilliYol.Az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və DSX-nin digər rəhbər vəzifəli şəxsləri hadisə yerindədirlər.
Baş verən hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları və Hərbi Prokurorluq tərəfindən zəruri istintaq tədbirləri həyata keçirilir.