Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuz rayonuna səfərə gedib.
MilliYol.Az xəbər verir ki, dövlət başçısı Tovuz şəhərində Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonda görülən işlər barədə dövlət başçısına məlumat verib.
Ardınca Prezident də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialının fəaliyyəti ilə tanış olub. “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.
İlham Əliyev daha sonra Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin açılışında iştirak edib. Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib. Prezident muzeylə tanış olub.
Bu gün həmçinin Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin açılışı olub. İlham Əliyev açılışda iştirak edib. Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib. Prezident muzeydə yaradılan şəraitlə tanış olub.
Tovuzda Dövlət Rəmzləri Muzeyinin də açılışı olub. İlham Əliyev açılışda iştirak edib. Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib. Prezidentə muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.
Daha sonra İlham Əliyev “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kompleks barədə dövlət başçısına məlumat veriblər.
İlham Əliyev kompleksdə təqdim edilən innovativ yeniliklərlə tanış olub. Sonra dövlət başçısı ASAN könüllüləri ilə görüşüb. Prezident görüşdə çıxış edib.
Prezident həmçinin Tovuzda Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verib. İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.