Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa rayonuna səfərə gəlib.
MilliYol.Az xəbər verir ki, dövlət başçısı Ağstafa şəhərində Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Daha sonra Prezident "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağstafa filialının fəaliyyəti ilə tanış olub. "Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlət başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.
İlham Əliyev Ağstafada Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının “N” saylı hərbi hissəsinin açılışında da iştirak edib. Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov Prezident, Ali Baş Komandana raport verib. Dövlət başçısı hərbi hissədə yaradılan şəraitlə tanış olub.
Prezident daha sonra Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib. Prezident yolun rəmzi açılışını bildirən lenti kəsib. Sonda xatirə şəkli çəkdirilib.
Bu gün həmçinin 110/35/10 kilovoltluq “Ağstafa” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib. İlham Əliyev açılışda iştirak edib. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına yarımstansiya haqqında məlumat verib. Prezident yarımstansiyanı işə salıb.