Son zamanlar ölkənin maşın bazarında durğunluq müşahidə olunur. Ekspertlər bu sabitliyin yaz aylarına qədər davam edəcəyini və aprel ayından etibarən qiymətlərin bahalaşacağını deyirlər. Bəs görək, yaxın zamanlarda Azərbaycanın maşın bazarında hansısa qiymət dəyişikliyi olacaqmı?
"2020-ci ilin ortalarından etibarən istehsal və tələbat azalacaq”.
Bu sözləri lent.az-a Azərbaycanda maşın bazarındakı qiymətlərdən danışan avtomobil eksperti Eldəniz Cəfərov deyib. Onun sözlərinə görə, Avropada istehsal olunacaq avtomobillərə yeni təhlükəsizlik sistemləri quraşdırılacağı üçün bəzi avtomobillərin qiyməti artacaq:
"Hazırda Azərbaycanın istər ikinci əl, istərsə də yeni avtomobil bazarında qiymətlər stabildir. Bundan sonra da qəfil artım olacağını düşünmürəm. Ancaq ola bilər ki, il ərzində yeni avtomobillərin qiymətində 5% qiymət artımı olsun. Bu da Avropa ölkələrində istehsalçıların təhlükəsizliklə bağlı irəli sürdüyü tələblərlə əlaqədardır. Belə ki, həmin ölkələrdə istehsal olunacaq avtomobillərə yeni təhlükəsizlik sistemləri quraşdırılır. Bütün bunlar az da olsa qiymət artımına təsir edə bilir”.
2020-ci ilin ortalarından etibarən istehsal və tələbatın kəskin azalacağını deyən ekspert, bunun səbəblərinə aydınlıq gətirib:
"Düşünürəm ki, bu ilin ortalarından etibarən, dünya üzrə avtomobil sektorunda kəskin geriləmə müşahidə olunacaq. İstehsal və tələbat azalacaq. Əvvəlki proqnozlarda hesab edirdik ki, 2022-ci ilə qədər avtomobil sektorunda 20%-dən çox artım olacaq. Ancaq indiki dövrdə düşünürük ki, 2020-ci ilin ortalarından etibarən istehsal və tələbat azalacaq. Bu isə şirkətlərin ekoloji təmiz maşınlar istehsalına başlaması və Yaponiya kimi böyük istehsalçı ölkələrdə bir sıra zavodların köçürülməsi ilə əlaqədardır”.