İdlibdə Bəşər Əsədə sadiq olan Suriya qoşunları Türkiyə Silahlı Qüvvələrinə hücumu edib.
MilliYol.Az xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan məlumat verib. Hava hücum nəticəsində 33 türk əsgəri şəhid olub, 36 əsgər yaralanıb.
Gücə saatlarında Türkiyə ordusu hərbçilərin öldürülməsinə cavab olaraq Suriyanın hökumət ordusunun mövqelərinə zərbələr endirib. Bu barədə Türkiyə Prezident Administrasiyasının Əlaqələndirmə üzrə sədri Fahrettin Altun məlumat verib.
Onun sözlərinə görə, şəhid olan Türkiyə hərbçilərinin qanı yerdə qalmayacaq: “Suriya ordusunun hədəflərinə atəş açmaq üçün hava və quru qüvvələrdən istifadə edilir. Suriyadakı fəaliyyətimiz bayrağımıza uzadılmış əllər qırılana qədər davam edəcək”.
Son məlumatlara görə, aviazərbələr nəticəsində Bəşər Əsədə sadiq qüvvələrə məxsus maşın karvanı məhv edilib. Məlumatı verən mənbənin sözlərinə görə, “M-5” beynəlxalq şossesi (şimal-cənub) ilə hərəkət edən Suriya ordusunun əsgərləri bombardman edilib.
Türk qüvvələrinin artilleriyası Hələbin şimalında Tel-Rifaat şəhərində Suriya qoşunlarının mövqelərinə də intensiv atəş açıb.
Bu arada Türkiyənin rəsmi xəbər agentliyi “Anadolu” bildirib ki, son iki həftə ərzində Türkiyə hərbi qüvvələri Suriya hökumət qoşunlarının 130-a yaxın hərbi texnikasını sıradan çıxardıb.