Saatlı rayon İcra Hakimiyyətinin sabiq başçısı Siraqəddin Cabbarovun eyni torpaq sahəsinə dair verdiyi ikinci sərəncamla bağlı məhkəmə prosesi yekunlaşmaq üzrədir.
AzFakt.com xəbər verir ki, S.Cabbarov rayonda 20 ildir kənd təsərrüfatı ilə məşğul olan fermerə verilən torpaq sahəsini qalmaqallı iş adamı Hacı İbrahim Nehrəmliyə satıb.
Belə ki, 100 milyardlıq “Xəzər adaları” layihəsi iflas olduqdan sonra qoyunçuluqla məşğul olan iş adamı Saatlıdan 30 hektar torpaq icarəyə götürüb. Lakin həmin torpağın 2000-ci ildə ovaxtkı icra başçısı Gülhüseyn Əhmədovun sərəncamı ilə ailə-kəndli təsərrüfatı ilə məşğul olmaq üçün 30 hektar sahəsi kənd sakini, 79 yaşlı Validə Məmmədovaya ayrılıb. 2009-cu ildə yeni başçı Siraqəddin Cabbarov həmin torpaq sahəsinin 15 il müddətinə, 2024-cü ilədək istifadə edilməsi üçün V.Məmmədova ilə icarə müqaviləsi bağlayıb. Lakin S.Cabbarov 2018-ci ildə torpağı növbəti sərəncamı ilə İbrahim Nehrəmliyə verib.
İ.Nehrəmli də bir müddət sonra “Rom-Alpinos süd və ət məhsulları” MMC üçün fermalar tikməyə başlayıb və kənd sakinindən ərazidən çıxmağı tələb edib.
Bu iş məhkəmə müstəvisinə çıxarıldıqdan sonra ilk olaraq Şirvan İnzibati-iqtisadi Məhkəməsi kəndlinin xeyrinə qərar çıxarıb. Amma Şirvan Apellyasiya Məhkəməsində kəndlilər məhkəməyə çağırılmadan milyonçunun xeyrinə qərar qəbul edilib. Validə Məmmədova bu qərardan Ali Məhkəməyə şikayət edib. Bu işə Saatlı rayon İcra Hakimiyyəti və şirkət cavabdeh şəxs kimi cəlb olunub. İşə fevralın 27-də hakim İlqar Dadaşovun sədrliyi ilə baxılacaq.
Məhkəmə materiallarından görünür ki, İ.Nehrəmli Saatlının Sırma kəndində 1700 hektar torpaq sahəsi alıb və onun 30 hektarı da V.Məmmədovagilin təsərrüfatıdır. İ.Nehrəmlinin Saatlıda 3 min baş qoyun saxladığı məlum olub.
Qeyd edək ki, Siraqəddin Cabbarov 2019-cu ilin dekabrında vəzifəsindən azad edilərək Sabirabad İcra Hakimiyyətinə başçı təyin edilib. Onun yerinə isə Sabirabadın icra başçısı Nazim İsmayılov gətirilib.
Validə Məmmədova 27 fevral tarixində Ali Məhkəmənin onun işinə ədalətli baxması üçün ölkə rəhbəri Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə 79 yaşlı Validə Məmmədova prezidentdən bu işi nəzarətə götürməsini və ədalətin bərpa edilməsi üçün ona köməklik göstərməsini xahiş edir.