"Əhali yoxsulluqdan və işsizlikdən şikayət edir”.
MilliYol.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Qubad İbadoğlu Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun ölkə rəhbərliyinə ən çox hansı rayonlardan müraciət daxil olması ilə bağlı məqaləsini şərh edərkən deyib. O, məqaləyə əsasən 2019-cu ildə əhalinin hər 1000 nəfərinə düşən şikayətlərin sayına görə Naftalan, Yevlax, Ağstafa, Ağsu, Astara, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Göygölün ən pis onluqda lider olduğunu qeyd edib:
"Yevlax, Ağstafa rayonlarının icra başçıları həbs olunsa da, Naftalan şəhəri, Ağsu, Astara, Beyləqan və adı keçən digər rayonlarla bağlı heç bir tədbir görülməyib. Müraciətlərin məzmunundan görünür ki, Prezident Administrasiyasına ünvanlanan məktublarda əfv məsələləri, iş, mənzil, ünvanlı sosial yardımla təmin olunma, güzəştli kreditlərin verilməsi, pensiyaların yenidən hesablanması, xaricdə müalicə, yaşayış binalarının və mənzillərin təmiri və sənədləşdirilməsi, sahibkarlığın inkişafı, məcburi köçkünlərin evlə təmin edilməsi, təhsil haqqı və digər məsələlərdən daha çox bəhs olunub.
Rayonlardakı vəziyyətin bir-birindən fərqli olmadığını nəzərə alsaq, aydın olur ki, yerli problemlərin həllinə yerində adekvat münasibət göstərilmədiyindən şikayətçilər onları mərkəz səviyyəsinə yönəldir. Müraciətlərin məzmun təhlilindən məlum olur ki, 2019-cu ildə sosial proqramların genişlənməsinə və 192017 yeni iş yeri açılmasına baxmayaraq, əhali yenə də yoxsulluqdan və işsizlikdən şikayət edir. Çünki müraciətləri qruplaşdırsaq, görəcəyik ki, iş, mənzil, ünvanlı sosial yardımla təmin olunma, güzəştli kreditlərin verilməsi, pensiyaların yenidən hesablanması, xaricdə müalicə, məcburi köçkünlərin evlə təmin edilməsi, təhsil haqqı sırf sosial məsələdir. Onların əksəriyyəti yerli səviyyədə həlli mümkün olan problemlərdir. Yerdə qalan 2 məsələ fərqli problemlərdən qaynaqlanır. Belə ki, əfv məsələsi prezidentin səlahiyyətində olduğuna görə, onunla bağlı müraciətlərin Prezident Administrasiyasına ünvanlanması məntiqli görsənir. Sahibkarlığın inkişafına dair müraciətlərə gəlincə, bu sahədəki problemlər də dövlət orqanlarının və yerli hakimiyyət nümayəndələrinin onların fəaliyyətinə haqsız müdaxiləsi, yersiz yoxlamalar və inhisarçılıqla bağlıdır”.
Qubad İbadoğlunun fikirincə, 2019-cu ildə Prezident Administrasiyasına bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərin ümumi sayı əvvəlki illə müqayisədə 31 faiz, şikayətlərin sayı 46,4 faiz artıb:
"Ötən ilki müraciətlərdəki problemlərin daha çox yerli xarakterli olmasına baxmayaraq, mərkəzi icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərindən 845 nəfərinə (yerli icra hakimiyyətləri səviyyəsində 60 nəfərə) töhmət və ya şiddətli töhmət verilmiş , 64 nəfərin (yerli icra hakimiyyətləri səviyyəsində 8 nəfərin) əmək müqaviləsinə xitam verilmiş, 53 nəfər (yerli icra hakimiyyətləri səviyyəsində 3 nəfər) barəsində digər intizam tənbehi tədbiri görülmüş, 793 nəfərə (yerli icra hakimiyyətləri səviyyəsində 244 nəfərə) xəbərdarlıq edilib”.
Qeyd edək ki, Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun mətbuatda məqaləsi dərc edilib. Həmin məqalədə 2019-cu ildə Prezident Administrasiyasına daxil olan müraciətlər təhlil olunub. Təhlil göstərir ki, Bakı şəhərinin rayonlarından, Şəki, Yevlax, Ağcabədi, Ağdam, Ağdaş, Ağstafa, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, İmişli, Kürdəmir, Laçın, Saatlı, Sabirabad, Salyan, Şamaxı, Şəmkir, Tovuz, Zərdab, digər şəhər və rayonlardan daha çox müraciət daxil olub.