Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşları Ankarada Zekai Tahir Burak xəstəxanasından buraxılıblar.
MilliYol.Az APA-ya istinadən xəbər verir ki, 6 Azərbaycan vətəndaşından biri 7 yaşlı qız olmaqla 3-ü eyni ailənin üzvləridir.
Xəstəxanadan buraxılan 6 Azərbaycan vətəndaşı Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələri ilə birlikdə Ankarada yerləşən Heydər Əliyev parkına gəliblər. Onlar parkda Heydər Əliyevin heykəli qarşısına gül dəstələri qoyublar, Azərbaycan, Türkiyə və Çin dövlətlərinə öz təşəkkürlərini bildiriblər.
Azərbaycanın Türkiyədəki səfirliyindən APA-ya verilən xəbərə görə, onlar gün ərzində Azərbaycana yola salınacaqlar.
Qeyd edək ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə 42 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşlarıdır. Ekipaj, texniki və tibbi heyət üzvləri ilə birlikdə təxliyə edilənlərin sayı 61 nəfərdir. Ekipaj, texniki və tibbi heyət üzvləri bundan əvvəl evə buraxılıblar.
Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bu gün bildirib ki, analizin nəticələrinə əsasən, 42 nəfərdə koronavirus aşkarlanmayıb. Nazir qeyd edib ki, onların 14 günlük karantin müddəti başa çatıb.
Azərbaycanın Səhiyyə Nazirliyi Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşlarının yenidən karantinə götürülməsi məsələsinə aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna verilən cavaba görə, həmin şəxslər Türkiyə 14 gün karantin müddəti keçiblər. “Buna görə də onların ölkəyə qayıtdıqdan sonra təkrar karantinə alınmasına ehtiyac yoxdur”, - deyə Nazirlikdən bildirilib.