Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərlə əlaqədar bəyanat yayıb.
MilliYol.Az-ın məlumatına görə, bəyanatda deyilir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan erməniəsilli Azərbaycan vətəndaşlarının seçkilərdə iştirak etmək hüququ var:
"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. Ermənistanın işğalı nəticəsində Azərbaycan Respublikasının vətəndaşları olan Dağlıq Qarabağ bölgəsinin erməni icması digər konstitusion hüquqları ilə yanaşı, seçki hüquqlarından da məhrum olmub. Ermənistan bu ərazilərdə dəfələrlə saxta seçki şousu yaratmağa cəhd göstərmişdir. Azərbaycan ərazilərində seçkilərin keçirilməsinin əsasını Azərbaycan Konstitusiyası və Seçki Məcəlləsi təşkil etdiyi üçün bu “seçkilər” qeyri-legitimdir və beynəlxalq ictimaiyyət tərəfindən tanınmır. Ermənistanın hərbi təcavüzü nəticəsində ölkə ərazisindəki 125 seçki dairəsindən 7-nin ərazisi tamamilə, 3 seçki dairəsi ərazisinin isə bir hissəsi işğal altındadır. Bununla yanaşı, digər 4 seçki dairəsi ərazisində də məcburi köçkün məntəqələri mövcuddur. Doğma torpaqlarından zorla didərgin salınmış məcburi köçkün vətəndaşlarımızın Azərbaycan Respublikasının Milli Məclisinə 2020-ci il fevralın 9-na təyin edilmiş seçkilərdə öz konstitusion hüquqlarından istifadə edə bilmələri üçün 523 seçki məntəqəsi yaradılıb və respublika ərazisində fəaliyyət göstərən digər seçki məntəqələri kimi bu məntəqələr də seçki gününə tam hazır vəziyyətə gətirilib. Məcburi köçkün vətəndaşlarımızın respublikanın bütün regionlarına səpələnməsi onların səsverməsinin təşkilini nə qədər çətinləşdirsə də, böyük zəhmət və gərgin iş sayəsində bu qəbildən olan vətəndaşlarımızın da səsvermə hüquqlarının tam təmin edilməsi üçün geniş şərait və hərtərəfli imkan yaradılıb. İndiyə qədər ölkəmizdə keçirilən seçki və referendumlarda Ermənistanın təcavüzü nəticəsində öz doğma yurdlarından didərgin salınan Azərbaycan vətəndaşlarının seçki hüquqlarının təmin olunduğunu və milli mənsubiyyətinə görə vətəndaşlar arasında heç bir fərq qoyulmadığını diqqətə çatdıraraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bəyan edir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməniəsilli Azərbaycan vətəndaşları da digər vətəndaşlarımız kimi bu seçkilərdə öz səsvermə hüquqlarından azad və sərbəst şəkildə istifadə edə bilər və bunun üçün Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq bütün addımların atılmasına hazırdır.
Bakı şəhəri, 5 fevral 2020-ci il".