İstanbulun tam mərkəzində, Sultanəhməd məscidi yaxınlığında yerləşən Aybar oteli 2015-ci ildə istifadəyə verilib.
Dördmərtəbəli dördulduzlu otelin sahibi Milli Məclisin deputatı, "Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevdir.
MilliYol.Az xəbər verir ki, bu barədə jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Bildirib ki, İstanbulun Alemdar məhəlləsi, Başmühasip küçəsi 10 ünvanında yerləşən otel Pərviz Vəliyevin 2015-ci ilin avqustun 24-də İstanbul Ticaret Odasında qeydiyyatdan keçirdiyi PZ GRUP TURİZM İNŞAAT SANAYİ VE TİCARET LİMİTED ŞİRKETİ üzərindən idarə olunur:
"Ağalar Vəliyevin biznesi və "Azəraqrartikinti” ASC haqqında mətbuatda dəfələrlə yazılıb, o üzdən geniş təfərrüata varmaq istəmirəm.
Pərviz Vəliyev Azərbaycandakı PZ ŞİRKƏTLƏR QRUPU-nun rəhbəridir. Ağalar Vəliyev bu şirkət üzərindən plastik pəncərələr istehsal edən fabrikin, betonzavodun və "MƏLƏK” ailə-uşaq əyləncə mərkəzinin sahibidir.
Bundan başqa onun İSRAFİL MTK (Mirəli Qaşqay, 94 və S.Rəhman 53 ünvanında hər biri 14 mərtəbəli və 112 mənzilli olmaqla iki bina), RAHATLIQ MTK (Maliyyə Nazirliyinin arxasında, Zabitlər bağının yaxınlığında, Nəsimi rayonu, H.Sarabski 16A ünvanında) kommunal və servis xidmətləri göstərir”.