Xəbər verdiyimiz kimi, bu gün saat 10:00-da Azərbaycanda kirayə mənzillərin satışına başlanılır.
MilliYol.Az oxu.az-a istinadən xəbər verir ki, müraciətlərə dəqiqələr qalsa da, İpoteka və Kredit Zəmanət Fondunun elektron ipoteka səhifəsində problem yaranıb.
İstifadəçilər sistemə ASAN İmza ilə daxil olmağa çalışsa da, sistem çöküb.
Məsələ barədə İpoteka və Kredit Zəmanət Fondunun mətbuat xidməti ilə əlaqə saxlasaq da, buna müvəffəq ola bilmədik.
Qeyd edək ki, artıq bununla bağlı çoxsaylı şikayətlər daxil olmaqdadır.
Xatırladaq ki, MİDA-nın həyata keçirdiyi sosial mənzillərin satışı prosesində də analoji problem yaranmış, sistemin çökməsi səbəbindən satış ləğv edilmiş, daha sonra yenidən baş tutmuşdu.
09.41
Bu gündən Azərbaycanda kirayə mənzillərin satışına başlanılır.
MilliYol.Az xəbər verir ki, bununla bağlı mexanizm artıq hazırdır.
Qeyd edək ki, Azərbaycanda kirayə mənzillərin satışı Azərbaycan Respublikası Prezidentinin "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna (Fond) həvalə olunub.
Bu fərmanın icrasından irəli gələrək, mexanizmin fəaliyyətini təmin etmək üçün zəruri prosedurlar və daxili qaydalar hazırlanıb, kirayəçilərə və yaşayış sahələrinə dair tələblər müəyyən edilib, mexanizmlə bağlı iş prosesləri tam avtomatlaşdırılıb və kirayə mənzil fondu formalaşdırılıb.
Müraciətlər "Elektron Hökumət Portalı” (www.e-gov.az) üzərindən Fondun "Elektron ipoteka və kredit zəmanət sistemi” (EİKZS) vasitəsi ilə gücləndirilmiş elektron imzadan (Elektron imza və ya ASAN imza) istifadə etməklə həyata keçirilir.
Elektron İmzanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Məlumat Hesablama Mərkəzindən və ya Mərkəzi Poçtdan, ASAN İmzanı isə "ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar. Qeyd edək ki, şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə vətəndaşlara 2 saylı Bakı "ASAN Kommunal” və Sumqayıt "ASAN Xidmət” mərkəzləri vasitəsilə xidmət göstəriləcək.
Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.az), habelə "1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş yazılı və ya video-təlimatla tanış olmaqla əldə etmək mümkündür.
Eyni zamanda, vətəndaşlar Fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər.