Raqib Soylu
“Middle East Eye”, 17.01.2020
Türk dövləti onilliklər boyu məktəblərində ciddi millətçi bir tədris planı qurub, demək olar ki, həmişə beynəlxalq aləmdə mövcud olan böhranla qarşılaşdıqda, türklərin yalqız olduğu fikrini şagirdlərin düşüncəsinə yerləşdirib.
Müəllimlər şagirdlərinə ümumiləşdirilmiş bu fikri aşılayıblar: “Türkün türkdən başqa dostu yoxdur”.
Belə bir mesajın tədrisi son illərdə az əsaslandırılmış olsa da, analitiklər təhsildə oxşar tendensiyanı hələ də müşahidə edirlər.
İndi, görünür, Türkiyənin yalnız türk qonşularına və tərəfdaşlarına güvənə biləcəyi mesajı gücünü itirib: Türkiyə vətəndaşlarının əksəriyyəti tamamilə yalqız qaldıqlarını düşünürlər.
İstanbulda yerləşən Kadır Has Universitetinin ötən ilin dekabr ayında 1000 nəfər arasında keçirdiyi illik sorğunun nəticələrinə görə, cəmi bir ölkə ictimaiyyətin dost və ya müttəfiq tərifinə uyğundur: respondentlərin 56,5%-i Azərbaycanı müsbət qiymətləndirirlər.
İkinci yeri yalnız Ankaranın tanıdığı, 43,1%-lik dəstəyi ilə Şimali Kipr Türk Cümhuriyyəti tutub. Şimali Kipr keçən il Ankara ilə son siyasi toqquşmasına görə etimad reytinqlərində 16 faiz geriləyib.
Anket sorğusu, həmçinin Türkiyə vətəndaşlarının əksəriyyətinin qalan ölkələrin, Gürcüstan, Qətər, Rusiya, Ukrayna, Almaniya, ABŞ, Hindistan və Çin də daxil olmaqla, Türkiyənin dostu olmadığına inandığını göstərir.
Tarixdən dərslər
Təhlilçilər hesab edirlər ki, nəticələr heç də təəccüblü deyil, çünki hökumətin son onilliklərdəki millətçi siyasəti, Türkiyənin bölgədəki artan hərbi fəallığı nəzərə alınaraq, Ankaranı bir çox qonşularla ziddiyyətli hala gətirib.
İstanbul Səhər Universitetinin sosiologiya üzrə professoru Ferhat Kentel bu təzahürün arxasında əsasən iki hadisənin dayandığını söyləyib: Osmanlı İmperatorluğunun süqutu və bunun ardınca Sevr müqaviləsi.
Keçmiş müstəmləkə dövlətləri hələ də təhdid siyahısında daimi yüksək pillələrdədir: Türkiyə vətəndaşlarının 64,5 faizi ABŞ, 49 faizi İngiltərə və Fransa, 55.6 faizi İsrail haqqında “təhdidkar dövlət” fikrindədir.
Keçən ay Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Liviya hökuməti ilə dəniz sərhədlərini məhdudlaşdırma müqaviləsinin bölgədə Sevr müqaviləsini ləğv etdiyini, Osmanlı dövründən qalan xatirələrin gündəlik siyasətdə hələ də aktual olduğunu söyləyib.
“Dövlət müstəqillik müharibəsindən bəri yalqız olduğumuzu öyrədib, – deyən Kentel Birinci Dünya müharibəsindən sonra müasir Türkiyənin qurulmasına səbəb olan münaqişəyə toxunub. – Ancaq son illərdə hakim AKP-yə sahibsiniz. O, Dövlət Baxçalı və Doğu Perincek kimi millətçi liderlərlə birlikdə Türkiyənin yalqız olduğunu iddia edir. İctimaiyyət güvənmək üçün beynəlxalq təşkilatlar və ya başqa ölkələr axtarır. Başqalarını isə tapa bilmir”.
Digər analitiklər deyir ki, Türkiyə hökumətinin Liviya və Suriyadakı vətəndaş müharibələrində iştirak etməsinin, habelə Somalidə, Qətərdə, Əfqanıstanda və Bosniyada türk hərbi qüvvələrinin mövcudluğunun bütövlükdə cəmiyyətə təsiri ola bilər.
Tədqiqat müəlliflərindən biri olan Kadır Has Universitetinin professoru Murat Güvenc Türkiyənin Suriyanın şimal-şərqində kürd qüvvələrinə qarşı həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatının, yəni xarici sərgüzəştlərin ictimai şüura necə təsir etdiyinin yaxşı bir nümunə olduğunu bildirib: “Həm Rusiya prezidenti Vladimir Putin, həm də ABŞ prezidenti Donald Trampın əməliyyatın dayandırılmasına çalışdığını gördünüz. Tramp Ankaranı iqtisadi sanksiyalarla hədələdi. Bu hər kəsin türklər əleyhinə olduğu fikri yaradır. Ən təhsilli, qərbçi və dünyəvi qruplar arasında da oxşar bir cərəyan görürəm”.
Bununla yanaşı, Güvenc nəticələrin diqqətlə araşdırılmalı olduğunu vurğulayıb: “Bəli, əksəriyyət heç kimi bəyənmir. Ancaq başqa ölkələri müttəfiq kimi qəbul edən fərqli etnik, mədəni və sosial mənşəli milyonlarla insanı heç kim görməməzliyə vurmamalıdır. Bununla belə, türklər kimi monolit bir qrup yoxdur”.
Digər tərəfdən, digər ölkələrə münasibətdə türk duyğuları qarşılıqlı ola bilər.
Məsələn, Türkiyə vətəndaşlarının 44,4 faizi Almaniyanın onlar üçün təhlükə olduğuna inanır. Keçən il “YouGov”-un keçirdiyi sorğuda almanların 58 faizi “Sülh çeşməsi” əməliyyatı ilə əlaqədar Türkiyənin NATO-dan qovulacağına inanıb. Respondentlərin yalnız 18 faizi bu fikrə qarşı çıxıb.
Kentel bildirib: “Heç kim türkləri müttəfiq kimi görmür. Bunu türklər də bilir. Bu da beynəlxalq tendensiyadır: hamı özünə güvənməyə meyllidir. Dünyanın hər yerində dövlət başçısı olan sağçı qüvvələr millətçiliyi körükləyir”.
Tərcümə: Strateq.az