Milli Televiziya və Radio Şurası 102,0 MHz işçi tezliyi ilə elan etdiyi müsabiqənin ləvğ olunması haqqında qərar verib...
Müsabiqədə iştirak etmək üçün 5 hüquqi şəxs sənədlərini Şuraya təqdim edib: "Real Təhlil İnformasiya Mərkəzi” MMC, "TV-Media Azerbaijan” MMC, "Balans Studiyası” MMC, "İNS ÇM” MMC, "OMD Azerbaijan” MMC.
Üç iddiaçı - "TV-Media Azerbaijan” MMC, "OMD Azerbaijan” MMC və "Real Təhlil İnformasiya Mərkəzi” MMC sonradan müsabiqədə iştirak etməkdən imtina edib.
Bəs, bu qərardan sonra ANS televiziyası açıla bilərmi?
"Ayna” və "Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı Qaynarinfo-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının 102 mhz tezliyi ilə bağlı müsabiqənin ləvğ olunmasında Azərbaycan ictimaiyyətinin böyük dəstəyi olduğunu qeyd edib:
“ANS televiziyasının yenidən açılması ilə bağlı qəti fikir söyləyə bilmərəm. Amma hər halda istəyərdim ki, ANS televiziyası yenidən efirə qayıtsın. Sadəcə olaraq, digər yeni radio kanalının açılması üçün ANS ÇM - 102 FM tezliyininin satışa çıxarılması vacib deyildi. Bu məsələdə ictimai fikir mühim rol oynadı. İctimaiyyətin rəyi, narazılığı buna öz təsirini göstərdi. Ona görə də ANS CM-in 102 tezliyini satmaqdan imtina elədilər. Bu, ən azı ictimaiyyətin fikirini nəzərə almaq baxımından müsbət məqamdır”.
Milli Qəhrəmanın qardaşı, ANS şirkətlər qrupunun rəhbəri Vahid Mustafayev virtualaz.org-a açıqlamasında ANS CM 102 mhz tezliyinin qorunmasına görə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib:
"Əlbəttə, yarışmanın son anda ləğv olunduğundan kədərləndik və Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına radiostansiyanın işini bərpa edə bilmədik. Lakin digər tərəfdən, ictimaiyyətin köməyi ilə Çingiz Mustafayevin tarixi xatirəsini və onun adını daşıyan əfsanəvi radiostansiyanı müdafiə edən ziyalıların ən yaxşı nümayəndələri ölkə rəhbərliyinə müraciət edərək 102 mhz tezliyini qorumağı bacardı. Sevindirici haldır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla, bütün maraqlanan insanlara Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinə həssaslıqla yanaşdıqlarına və bəzi qüvvələrin ölkənin tarixini aşmasına icazə verməmələrinə görə təşəkkür edirik", - Vahid Mustafayev deyib.