“Türkiyə raket qüvvəsinə görə İrandan 20 il geridədir. İranın 2000 km-lik, Türkiyənin isə 280 km-lik raketləri var”...
Ali Kemal Erdem
“The Independent” qəzeti, 8 yanvar 2020-ci il
Müdafiə sistemləri mütəxəssisi Hakan Kılıç Türkiyənin ballistik raket texnologiyasında İrandan 20 il geridə olduğunu deyib. O qeyd edir ki, İranın 2000 km mənzilli raketlərə sahib olarkən, Türkiyənin ən uzun mənzilli raketi 280 km-i əhatə edir.
Qasım Süleymaninin öldürülməsinə qarşılıq olaraq İran İraqdakı ABŞ bazalarına raketlər ataraq cavab verib. ABŞ bazarına 22 raket zərbəsi vuran İran uzun illərdir raket texnologiyasını təkmilləşdirməyə çalışır.
İranın raket hücumundan danışmışkən, bəs görəsən, Türkiyənin hazırkı raket sistemləri nə vəziyyətdədir?
PİA.az bildirir ki, bu məsələni ballistik raket müdafiə sistemləri və hərbi aviasiya araşdırmaçısı Hakan Kılıç “The Independent” qəzetinə şərh edib.
Kılıç Türkiyənin raket texnologiyaları ilə bağlı bir çox ciddi məqalələr yazıb.
İran bir raketi sıfırdan yarada bilən nadir ölkələrdəndir
Kılıç Türkiyənin son dövrlərdə hava müdafiəsi və raket sistemləri məsələsində ciddi irəliləyişlər əldə etdiyini, lakin ballistik, yeni qurudan quruya atılan raket sistemləri texnologiyasında İrandan 20 il geridə qaldığını bildirib və bunun səbəbini belə izah edib:
“İran ballistik raket məsələsində özünü inkişaf etdirməyə Türkiyədən çox əvvəl - şah dönəmindən sonra başlamışdı. Şahın devrilməsindən sonra İran Qərbdən müasir silah sistemləri ala bilməyəcəyini başa düşmüşdü. Gücünü qorumaq üçün “kasıb ölkələrin atom bombası” adlanan ballistik raketlərə yönəlib, bunların istehsalını edə bilmək üçün çox əmək sərf edib və uğurlu olub. İranın bu gün özünün istehsal etdiyi 200 km-dən 2000 km-ə qədər mənzili olan çoxlu raketləri var. İran bir raketi sıfırdan başlayaraq istehsal edib əməliyyat keçirəcək qədər təkmilləşdirə bilən nadir ölkələrdəndir”.
“Varyag”ın keçidi Türkiyənin raket qüvvəsində dönüm nöqtəsi oldu
Kılıç bildirir ki, yalnız 2001-ci ildə “Varyag” adlı Çin təyyarə gəmisinin keçidi qarşılığında Türkiyənin raket istehsalına başlaya bilmişdi.
Türkiyənin raket qüvvəsi
Kılıçın verdiyi məlumata görə, bu gün Türkiyənin əlindəki ən uzun mənzilli raket 280 km mənzilli “Bora”lardır.
Yüksək vuruş gücünə sahib olan “Bora” raketləri keçən il Şimali İraqdakı PKK hədəflərinə qarşı istifadə olunub.
Yenə Kılıçın verdiyi məlumata görə, Türkiyənin əlindəki bir digər ballistik raket isə “Yıldırım” adı ilə tanınan 150 km mənzilli J-600 raketləridir.
Bununla yanaşı, Türkiyənin əlində 50 km mənzilli “Kasırga”, TRG 230, 30 km mənzilli TRG 220, TRG - 222 adlı topçu raket sistemləri də var. Bu silahlar ballistik raketdən çox, lüləli raket atıcısı sistemləri hesab edilirlər.
“1500 km mənzilli raketimiz var iddiası bir şəhər əfsanəsidir”
Sosial mediada tez-tez Türkiyənin əlində 1500 km mənzilli raket olduğu deyilir. Bunun hələlik bir şəhər əfsanəsi olduğunu deyən Kılıç səbəbini də izah edib:
“Raket texnologiyasında geridə qalmış ölkələrin heç biri 280 km-lik bir raketdən sonra sıçrayış edərək 1500 km-lik raket yarada bilməz. Bu işlər addım-addım görülür. Çünki raketlər hər zaman test edilərək hazırlanırlar. Zamanı isə pulla idarə etmək mümkün deyil. Pulun satın alacağı bir zaman maşını hələ ki, icad edilməyib”.
Türkiyənin imzaladığı raket müqaviləsi idxalı məhdudlaşdırır
Kılıç daha uzun mənzilli raketlər istehsal etmək üçün güclü raket mühərriklərinə ehtiyac olduğunu vurğulayıb.
1980-ci illərin əvvəllərində raket texnologiyası mübadiləsi daha rahat şəkildə həyata keçirilsə də Kılıç bildirir ki, bu günkü vəziyyətdə ballistik raket mühərriki almaq S-400 almaqdan belə çətindir.
Çətin olmasının səbəbi isə Yaponiyanın 1987-ci ildə imzaladığı, Türkiyənin də 1997-ci ildə qoşulduğu Raket Texnologiyasına Nəzarət Rejimi (RTNR) müqaviləsidir.
Rusiya, ABŞ və bir çox Avropa ölkəsinin də imzaladığı bu müqavilə ölkələri 500 kq-dan artıq müharibə başlığı daşıyan və 300 km-dan çox mənzilə sahib olan raketləri digər ölkələrə satmağı və texnoloji mübadilə aparmağı qadağan edir.
Çin və İran kimi ölkələr isə bu müqaviləyə qoşulmayıb. Yəni bu ölkələr tamamilə öz imkanları ilə istehsal etdiyi raketlərdə mənzil limitini keçə bilirlər.
Türkiyə kimi istehsal etdiyi raketləri belə idxal etməyə məcbur olan ölkələrə bu vəziyyət ciddi əngəl törədir.