“CARÇIOGLU GROUP” MMC-nin prezidenti Elçin Carçıyev “Qaynarinfo”ya müsahibə verib. Həmin müsahibəni sizə təqdim edirik.
- Elçin müəllim, yola saldığımız 2019-cu il Azərbaycan üçün bir çox sahələrdə, o cümlədən iqtisadiyyat sahəsində uğurlu oldu. Bu uğurlarda “CARÇIOGLU GROUP” MMC-nin də özünəməxsus payı var. Şirkətinizin 2019-cu ildəki fəaliyyətinə geniş toxunacağıq. Amma istərdim ki, əvvəlcə oxucularımıza “CARÇIOGLU GROUP” şirkətinin necə yaranması haqda qısa məlumat verəsinizi.
- Bizim şirkətimiz artıq 22 ildir ki, fəaliyyət göstərir. 1997-ci ildə biz “CARÇIOGLU GROUP” MMC-ni yaratmışıq. Həmin illərdə beləydi ki, yerli iqtisadiyyatımız yenicə formalaşmağa başlayırdı, cürbəcür şirkətlər yaradılırdı. Bizim şirkətimiz də formalaşmağa məhz həmin mürəkkəb dövrdə başladı. Bilirəm ki, adın hardan qaynaqlandığını da bilmək istəyirsiz. Gördüyünüz kimi, soyadımız Carçıyevdi. Elə soyadımızı da şirkətimizə verdik. Biz Carcıoğullarıyıq. Sözün düzü, bu qədər böyüyəcəyimizi, inkişaf edəcəyimizi hələ o vaxtlar düşünmürdük. Azərbaycan bazarında özümüzə məxsus yerimiz var. Bir vaxtlar idxal sektorunda fəaliyyət göstərirdik. Əsasən qida sektorunda və mebel aksesuarlarının ölkəyə gətirilməsində ixtisaslaşmışdıq. Müəyyən bir yol keçdik və baxdım ki, idxaldan daha çox ixracatçı olmaq cəlbedicidi. Bununla həm də Azərbaycan iqtisadiyyatına daha yaxşı fayda vermək mümkündü. Təxminən 2007-2008-ci illərdə kənd təsərrüfatı sahəsinə diqqət ayırmağa başladıq, qonşu ölkələrdən Azərbaycana kartof gətirirdik. Fikirləşdim ki, bizim torpağımız da var, suyumuz da var. Nə üçün kartofu xaricdən gətirməliyik? Hollandiya və Fransadan bizim iqlimə uyğun kartof toxumları gətirdik. Kartof əkib-becərməyə başladıq. Artız uzun müddətdi ki, Qazaxda kartof sahələrimiz var. Hər il təxminən 100 hektarda kartof əkiririk, əhaliyə yerli məhsul təklif edirik. Qazaxı kartofçuluq rayonuna çeviririk. Bizə baxıb, digərləri də kartof əkməyə başlayıblar. Tarix boyu Qazaxda kartofçuluq olmayıb. Bizim başladığımız layihədən sonra digərləri də bu işə qoşulub. Təxminən 800 hektara yaxın torpaqda kartof əkilir ki, bu da Qazax rayonu üçün yaxşı rəqəmdi. Qazaxda əvvəllər pambıqçılığı inkişaf etdirməyə çalışıblar, ondan sonra üstünlüyü üzümçülüyə veriblər. İndi biz bu prosesi kartofçuluğa çeviririk. Bunu ona görə söyləyirəm ki, zaman bir yerdə dayanmadığı kimi gərək biz də yerimizdə dayanmayaq.
- Qeyd etdiyik ki, 2019-cu il “CARÇIOGLU GROUP” MMC üçün uğurlu oldu. Qusar rayonunda şirkətinizin yeni zavodu açıldı. Belə başa düşülür ki, istiqaməti daha çox Azərbaycanın bölgələrinə doğru götürmüsüz, rayonlarda yeni istehsal sahələri, iş yerləri açmağa çalışırsız.
- Bəli, düzgün qeyd etdiniz. Əsas məqsədlərimizdən biri də budu. İndiyə qədər daha çox Qazaxa diqqət yetirirdik. Spirt zavodunu isə Qusar rayonunda açdıq. Gələcəkdə həmin rayonda limonad zavodu da açmağı planlaşdırmışıq. Bu zavodda xarici şirkətlərlə birlikdə çalışacağır, onların markalarından, texnologiyalarından yararlanacağıq. Həmişə bir sözü vurğulamışam: Bakıda sonuncu olmaqdansa rayonda birinci olmaq yaxşıdır. Əsas məqsəd rayonlarda iş yeri açmaqdı, bunun savabı daha çoxdu. Əsas istəyim budur. Bakıda araq zavodu açsan, suyu və təbiəti buna uyğun gəlməyəcək. Qusarda isə suyu bulaqdan götürük. Alkosektor elədi ki, su və hava kimi vacib şərtləri nəzərə almalısan.
- İki aydan çoxdu ki, “RUS AZERİ SPİRİTS” zavodu açılıb. Hazırda zavodun fəaliyyəti sizi qane edirmi?
- Qane edir, özü də çox yüksək səviyyədə. Məhsullarımıza təlabat böyükdü. Əvvəlllər yalnız bir xətt üzrə istehsal etmək imkanımız vardı. Hazırda əlavə iki xəttin quraşdırılmasına başlamışıq. Digər zavoduların 5-6 ayda bacarmadığını biz bir ayda bacardıq, satışda heç bir problem yoxdu. Yeni ildə bu sektorda Azərbaycan bazarının lidero olmağı planlaşdırırıq. Qeyd edim ki, “RUS AZERİ SPİRİTS” ötən il açdığı ikinci zavoddu. Daha bir zavodumuzu Qazax rayonunda açmışıq. “Gedik Carçı” zavodunda inşaat üçün vacib material olan qaynaq elektrodları istehsal olunur. Özü də yüksək keyfiyyətlə. 2020-ci ildə bu sahəni də genişləndirəcəyik. Bir məhsulu ki özümüz istehsal edə bilərik, onu nə üçün xaricdən baha qiymətə gətirməliyik? İşçi qüvvəmiz var, təbiətimizin nemətləri var. Niyə dəyərləndirməyək? Xaricdən yalnız texnologiya və texnoloqlar gətiririk. Bunun da sayəsində həm keyfiyyəti qoruyuruq, həm də keyfiyyətli məhsulu 40 faizə qədər ucuz qiymətə satırıq. Azərbaycanda olmayan texnologiyaları gətirmişik. Spirt zavodunda gümüş və qızıl filtirlərdən istifadə olunur. Belə texnologiya Rusiyanın özündə 2-3 zavodda var. Bizim araqlarımız Rusiya və Avropa səviyyəsində qiymətləndirilən araqlardı. Sizə bir məqamı deyim, biz Qusarda spirt zavodu açdıq. Daha sonra bizim yanımızda karton zavodu da açıldı. Artıq karton qutuları ordan alırıq, Rusiyadan gətirməyə ehtiyac qalmadı. Etiketləri də Xırdalanda bir müəssisədən alırıq. Bununla da digər sahələrə də təkan vermiş oluruq. Hazırda Qusardakı zavodumuzdan 35 nəfər çalışır, digər xətlər işə düşəndən sonra bu sayı 100-ə çatdıracağıq. İş yeri açılır, proses davamlıdı. Hələ satış sahəsində çalışanlarımız da var. Ümumilikdə bu gün bizim MMC-də 400 nəfərə yaxın insan çalışır. Bütün bunlar bizim prezidentimiz cənab İlham Əliyevin yürütdüyü siyasətin tərkib hissəsidi. Dövlət başçımız da deyir ki, əsas məqsəd Azərbaycanı idxalçı ölkədən ixrac edənə çevirməkdi. Bu gün də biz Azərbaycan bazarını yox, dünya bazarını düşünürük. Sizi əmin edirəm ki, 2020-ci ildə Azərbaycanda alkoqol sektorunda ixracatçı kimi ilk pilləni “CARÇIOGLU GROUP” MMC tutacaq. Bizim tərəfdaşlarımız da Rusiyada öz sahələrinin lideridi. Tezliklə Avropa, hətta Amerika bazarlarına da məhsul çıxaracağıq. Artıq müqavilələrimiz hazırlanıb, imzalanmaq ərəfəsindədi.
- Deməli, “CARÇIOGLU GROUP” MMC-nin planları daha böyükdü. Biz də öz növbəmizdə sizə bu çətin işlərinizdə uğurlar arzulayırıq.
- Təşəkkür edirəm. Sizin verdiyiniz imkandan istifadə edib, xalqımızı yeni təqvim ilinin başlaması münasibəti ilə təbrik edirəm. Yeni ildə hamıya can sağlığı, uğurlar arzulayıram. İnanın mənə, bir çox xarici ölkələrdə, şəhərlərdə oluram. Bakı qədər, Azərbaycan kimi sürətlə inkişaf edən, gözəlləşən ikinci bir yerə rast gəlməmişəm. Vətənimizi, onun insanlarını sevək, onların qiymətini bilək. Biz öz ölkəmizlə fəxr etməliyik. Qonaqlarımız hava limanından şəhərə gələnə qədər Bakıya heyran olurlar. Bu da bizim cənab prezidentimizin zəhmətinin nəticəsidi. Artıq gənc kadrlara da böyük meydan verilir. Biz də bu prosesin bir parçasıyıq.