ABŞ prezidenti Donald Tramp İraqı Bağdad tərəfindən "düşmənçilik olacağı təqdirdə" sanksiyalarla hədələyib.
MilliYol.Az xarici mediaya istinadən xəbər verir ki,bu fikirləri ABŞ Prezidenti Donald Tramp mətbuata açıqlama verərkən deyib.
"Əgər hansısa bir düşmənçilik olsa, əgər onlar bizə qəbuledilməz görünəcək nəyisə etsələr, İraqa qarşı sanksiyalar tətbiq edəcəyik, çox əhəmiyyətli sanksiyalar", - Tramp deyib.
Ağ Ev rəhbəri həmçinin əlavə edib ki, rəsmi Bağdad Amerika aviabazası üçün Vaşinqtona ödəməyincə, ABŞ qoşunları İraqdan çıxmayacaq. "Bizim orada çox bahalı aviabazamız var. Onun tikintisi milyardlarla dollara başa gəlib. Onlar bunun üçün bizə ödəməyincə, getməyəcəyik", - Ağ Ev rəhbəri qeyd edib.
"Əgər onlar bizə getməyi xahiş edəcəklərsə, əgər biz dost kimi bunu etməyəcəyiksə, onlara qarşı elə sanksiyalar tətbiq edəcəyik ki, əvvəllər heç vaxt beləsini görməyiblər. Bununla müqayisədə İrana qarşı sanksiyalar darıxdırıcı görünəcək", - Donald Tramp əlavə edib.
Xatırladaq ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani və onun yaxın silahdaşları öldürülüb.
Bundan sonra İraq hökuməti ABŞ qoşunlarının ölkədən çıxarılması ilə bağlı qərar qəbul edib.