Paytaxt sakini Azər Arif oğlu Qurbanov Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirli Kəmaləddin Heydərova rəsmi müraciət ünvanlayıb.
Arqument.az-a daxil olan məlumata görə, Xətai rayonu, Məzahir Rüstəmov küçəsi ev 18, mən 9 ünvanında qeydiyyatda olan şikayətçi hazırda Məzahir Rüstəmov küçəsi ev 18-də yaşayan Aşurbəyov Əfrasim İsa oğlu ilə qonşudur və vaxtilə həmin mənzili ona satıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətində idarəetmə mərkəzinin əməliyyat idarəsinin Fövqəladə Halların modelləşdirmə şöbəsinin rəisi vəzifəsində Ə.Aşurbəyov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, kobud şəkildə onun hüquqlarını pozur.
A.Qurbanovun sözlərinə görə, bu il oktyabr ayının 1-də təxminən saat 12 :30 radələrində Fövqəladə Hallar Nazirliyinin 4 zabiti ilə birgə yolu bağlayaraq, ona məxsus ünvana qapı yerləşdirib: "Bunun səbəbini soruşduqda o məni təhqir edərək, baş nahiyəmə əli ilə güclü zərbələr endirdi. Bu zaman mən özümü itirdim, yaxınlıqda olan şəxslərin köməyi ilə həkimə getdim. Baş verən hadisəyə görə məni Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə çağırdılar. Araşdırılma aparıldıqdan sonra cinayət işinin başlanılması barədə qərar qəbul olundu. Bundan sonra iş adiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə göndərildi".
Şikayətçi qeyd edir ki, barəsində cinayət işi açılmış Aşurbəyov Əfrasim İsa oğlu özünü çox güvənli və arxayın aparır.
Açıq şəkildə deyir ki, mən məmuram və arxamda nazirim dayanır və buna görə, heç kimdən çəkinmir.
Sonda şikayətçi Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova müraciət edir və onun adına xələl gətirən işçisinin əməllərinə qiymət verməyi xahiş edir: "Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev dəfələrlə xəbərdarlıq edib ki, məmurlar xalqın qulluqçusudur! Sizin əməkdaşınız olan Aşurbəyov Əfrasim İsa oğlu heç bir səbəb olmadan, özü günahkar ola-ola, sadə vətəndaşa qarşı zor tətbiq edərək onun sağlamılğına ciddi ziyan vurur. Lakin buna görə ona gözün üstə qaşın var deyən yoxdur. Açıq bəyan edir ki, onun arxasında ciddi qüvvələr dayanır və bu qanunazidd hərəkətləri edərkən sizin adınızı hallandırır".
Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.