"Biz kommunikativ formada çalışırıq. Seçki prosesi ilə bağlı hər hansı suallarımız olanda bir-birimizə müraciət edir, dəstək oluruq".
Bu sözləri Axar.az-a açıqlamasında tanınmış jurnalist, Qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmət jurnalist Ceyhun Musaoğlu ilə eyni - 45 saylı Abşeron seçki dairəsindən namizəd olmasına münasibət bildirərkən deyib. O bildirib ki, aralarındakı dostluq seçki prosesinə müsbət təsir göstərəcək:
"Biz həm də yaxın dostuq. Bununla belə, bu, bizim sivil seçki mübarizəsi aparmağımıza mane olmayacaq. Hər ikimiz sağlam düşüncəli insanlarıq. Hesab edirəm ki, çox normal nümunə göstərəcəyik”.
Z.Əzəmət namizədliyini 45 saylı Abşeron seçki dairəsindən irəli sürməsinin səbəbinə də aydınlıq gətirib:
"Mən Masazır qəsəbəsində yaşayıram. Bura həm də mənim dairəmdir. Ona görə namizədliyimi bu dairədən verdim ki, ərazinin problemlərini yaxşı bilirəm, vətəndaş kimi bu problemlərlə hər gün qarşılaşıram. Hesab edirik ki, illərlə mətbuatda vətəndaşların şikayətini aidiyyəti qurumlara çatdırmışıq, müəyyən problmlərin həllinə nail olmuşuq və ya buna cəhd göstərmişik. İndi bunu dairə üzrə daha konkret müstəvidə mandat qazanaraq həll etmək iddiasındayıq”.
Tanınmış jurnalist, media eksperti Ceyhun Musaoğlu isə onu seçkiyə Zahir Əzəmətin dəvət etdiyini bildirib:
"Milli Məclis üzvlüyünə namizədliyimi ilk dəfə 2005-ci ildə 45 saylı Abşeron seçki dairəsindən irəli sürmüşəm. Növbəti seçkidə də hamı namizədliyimi verəcəyimi düşünürdü. Ancaq mən özümü məhz 2020-ci il seçkisinə hazırlayırdım. Seçki prosesinə start veriləndə həmkarım və dostum, hazırda 45 saylı Abşeron seçki dairəsindən deputatlığa namizəd Zahir Əzəmət mənə zəng edib, seçkiyə qatılmağı təklif etdi. Əslində, bir az tərəddüdüm vardı, Zahir bəy bu təklifi ilə tərəddüdümə son qoydu. İmza vərəqələrini götürməzdən əvvəl də Zahir bəylə görüşdüm, bir-birimizə xeyir-dua verdik. 45 ildir Abşeronda yaşayıram, namizədliyimi irəli sürdüyüm dairədə məni əksəriyyət lap çoxdan yaxşı tanıyır. Zahir Əzəmət qardaşım demokratdır, istedadlıdır, əla şairdir, yazıçıdır, jurnalistdir. Onunla eyni dairədən namizəd olmağı özümə fəxr bilirəm".
C.Musaoğlu bu seçkidə unikal üsuldan istifadə edəcəyini deyib:
"Biz bir-birimizə rəqib deyilik. İkimiz də belə qənatə gəlmişik ki, bizim üçün ümumiyyətlə, rəqib yoxdur, biz heç bir rəqibin əleyhinə danışmayacağıq. Şəxsən mən görüşlərimə bütün namizədləri dəvət edib, onları yuxarı başda əyləşdirəcəm. O namizədlər məhz indiki məqamda yeni parlamentin yaranmasına dəstək vermək üçün meydana gəliblərsə, alqışa layiq hərəkət edirlər".
C.Musaoğlu deputat olarsa, ölkədə aparılan islahatlara dəstək vermək üçün çalışacağını söyləyib:
"2005-ci ildə namizəd olanda demişdim ki, mən deputat olmağa yox, deputat necə olur, onu göstərməyə, nümunə olmağa gəlmişəm. Amma indi açıq şəkildə deyirəm ki, bu 15 ildə deputat nümunəmi bir az da təkmilləşdirdim, daha çox oxudum, dövlətçiliyi bir az da dərk elədim. Ölkədə aparılan islahatlara dəstək vermək üçün qanunverici orqanda təmsil olunmaq istəyirəm. Dəryaya bir damla su atan qaranquş misalı, ölkəmin çiçəklənməsi işinə hər vəchlə dəstək verməyə hazıram".