Haşimi Rəfsəncaninin gündəliyindən..
Haşimi Rəfsəncaninin “Xatirələri”nə daha çox daldıqca bəzi mətləbləri iliyinə qədər bilmək istəyirəm. Azərbaycan-İran əlaqələrinin kulisində, səhnə arxasında rəsmi xronikolara, hesabatlara düşməyən saysız-hesabsız sirlər var. Bu hələ iki dövlətin münasibətlərində olan, bəndədən gizli, Allaha bəlli həqiqətlərdir. Digər ölkələrlə, onların dövlət başçıları, nazirləri, hərbi komandanları ilə şəxsi təmasların məxfi hesab-kitabını, qapı arxasındakı ünsiyyətlərdə söylənənlərini, habelə acizanə rica, yalvarış və ya umu-küsü, yaxud acı etiraflarını tozlu sandıqdan gün işığına çıxara bilsək… Tarixi yenidən yazmağa ehtiyac yaranacaq.
Sonra da deyirlər, yazıya pozu yoxdur…
Var, həmişə var!..
26 yanvar 1994
İslam Konfransı Təşkilatının baş katibi cənab Haməd əl-Ğabəd gəldi. Geniş hesabatı vardı. Bosniya, Somali, Fələstin, Əfqanıstan, Kəşmir və Azərbaycan kimi İslam coğrafiyasında yaşanan böhranlar konfransa öz təsirini göstərdi.
19 fevral 1994-cü il
Səhər namazından sonra yatdım və saat 8-də yuxudan oyandım. Ofisə getdim. Kooperasiya naziri cənab [Qulamrza] Şafei gəldi və kooperativin kreditlərinin icra vəziyyəti haqqında hesabat verdi. Kooperativlərin səhlənkarlığından şikayətləndi və daha çox dəstək istədi. Neft naziri [cənab Qulamrza Ağazadə] gəldi. Türkmənistana getdiyini söylədi. O, Türkmənistan qaz boru kəməri, neftin alınması və qazın satılması, habelə Gürcüstana qaz tədarükü, Azərbaycanla əməkdaşlıq və Ermənistanla müqavilə bağlanması barədə fikrimi soruşdu.
18 mart 1994-cü il
Xəbər verdilər ki, Rusiyadan qayıdan “C-130” təyyarəsi Dağlıq Qarabağ bölgəsində qəzaya uğrayıb, 35 nəfər ölüb. Təyyarədə olduğum müddətdə yeni xəbərlər gəldi və məlumatın doğruluğuna şübhə vardı, amma axşam evə gələndə, qəza xəbəri təsdiqləndi. Hadisənin qəza və ya ermənilərin atəş açmasının nəticəsi olduğu hələ məlum deyil.
Cənab Heydər Əliyev Azərbaycandan zəng edərək başsağlığı verdi. O, ermənilərin təyyarəni “Stinger” raketi ilə vurmasının həqiqət olduğunu söylədi. Sabah istintaqa kömək üçün heyət göndəriləcəyini söylədim.
9 may 1994-cü il
Koleybər nümayəndəsi gəldi… O, Azərbaycanla sərhəd hissəsinin ermənilər tərəfindən işğalından və Xudafərin körpüsünün bağlanmasından sonra Azərbaycan Respublikası ilə gediş-gəlişin azaldığını söylədi.
22 may 1994
Gecə Ayətullah Xamnəinin qonağı idim. Şimali İraq kürdləri, Azərbaycan prezidenti cənab Heydər Əliyevin İrana səfəri və onun [İran] Azərbaycan[ın]a səfərinə icazə verilməməsinin zəruriliyi, Məşhəd şəhərinə səfərim, onun Kohkiluyə-Buyer Əhməd əyalətinə… səfərlərini müzakirə etdik.
1 iyun 1994
Azərbaycan ərazisindəki ermənilər azəri məskənlərini işğal etdiklərindən Mil-Mugan və Xudafərin bəndləri üzrə danışıqlara başlamaq üçün və öz paylarını idarə etmək üçün Azərbaycandan vəkalət almışıq. Qərar verildi ki, ermənilərə deyək ki, onları bizə təhvil versinlər və əgər verməsələr, zor gücünə alaq.
4 iyun 1994
Səhər saat 10-nun yarısında neft naziri [cənab Qulamrza Ağazadə] gəldi… Xəzər dənizində qazma qurğusunu Azərbaycan Respublikasından icarəyə götürüldüyünü dedi və platformanın planını təqdim etdi…
17 iyun 1994
Doktor Adeli İsveçrədən [Davosdan] zəng edərək bildirdi ki, Azərbaycan prezidenti Heydər Əliyev konfransda iştirak üçün Cenevrəyə yollanarkən, təyyarəsi Türkiyənin hərbi hava bazasına enib və türklər təyyarənin uçmasına mane olublar. Konfransın prezidenti adından problemi həll etmək üçün müdaxilə etməyimi istədi.
Xarici İşlər Nazirliyinə məsələni təqib etməsini tapşırdım. XİN-dən bildirdilər ki, müşkül İsveçrədəki nümayəndəmiz cənab [Məhəmməd Rza] Alborzi tərəfindən həll ediləcək. Amma bir müddət sonra cənab Mostafavi, həm Türkiyədəki səfirimiz, həm də Türkiyənin İrandakı səfir vasitəsi ilə məsələnin təqib edildiyini açıqladı və məlum oldu ki, cənab Əliyev Türkiyəyə getməyib. Cənab [Əli Əsğər] Nəhavandyandan, Bakıdakı səfirimizdən də soruşulub və o, Əliyevin Bakıda olduğunu, bir neçə saat əvvəl onunla əlaqə saxladığını söyləyib və xəbərə təəccüblənib.
Bunun səbəbini tapmaq üçün İsveçrədə araşdırma aparılmasını tapşırdım…
26 iyun 1994
Gecə Ayətullah Xamenei ilə görüşümüz oldu. [Azərbaycan Respublikasının prezidenti Heydər] Əliyevin Təbrizə səfəri, Tehran ətrafındakı qəsəbələr haqqında parlament qərarı, “Mostəzafan” Fondu, İmam Rza türbəsində partlayı və ehtimallar haqqında danışdıq.
29 iyun 1994
Dünən gecə Ali Təhlükəsizlik Şurası toplandı. Türk təyyarələrinin İran torpaqlarına təcavüzü və Azərbaycan Respublikasına ermənilər əleyhinə göndərilən silah növləri müzakirə edildi. Türkiyənin xarici işlər naziri doktor Vilayəti ilə telefonla danışdı və üzr istədi. Araşdırma qrupu göndərilməsi qərarına gəlindi. Gecə ofisimdə qaldım.
29 iyun 1994
Azərbaycan prezidentini qarşılamaq üçün [Mehrabad] hava limanına getdik. İki təyyarədən ibarət böyük heyətlə gəldilər. Hərbi qarovul qarşısından keçmə mərasimi və ikilikdə müsahibə vermə, sonra görüşün keçirilməsi üçün Səadabad iqamətgahına gediş. Axşama qədər işimlə məşğul idim.
Saat 5-də müzakirə üçün gəldilər. Üzərində İmamın (Ayətullah Xomeyni – Ə.R.) təsviri olan bir xalçanı hədiyyə gətirmişdilər. Film çəkilişi üçün bağışladılar.
Danışıqlarımız əməkdaşlıq haqqında idi. Mən Xudafərin bəndinin inşası, Azərbaycan Respublikasının Astarasından İran Astarasına dəmir yolu bağlantısının həyata keçirilməsi və İranın neft hasilatı layihələrində iştirakını vurğuladım. Onlar 50 milyon dollar kreditlə silahlarımızı satın almaqda, daha çox məcburi köçkünü geyim-keçimlə təmin etməkdə və Naxçıvana İran qazı tədarükünə israr etdilər. Dedim ki, hamısı icra olunacaq.
Cənab [Heydər] Əliyev özəl söhbətdə rusların cənub sərhədində, İranla hüdudları yaxınlığında mövcudluğa israr etdiyini söylədi, sonra Azərbaycan və Ermənistan qüvvələri arasında təmas xətti çəkilməsini təklif etdi; erməniləri Dağlıq Qarabağ bölgəsi və Kəlbəcərin bir hissəsi istisna olmaqla, geri çəkilməyə məcbur etmək və daha sonra tam geri oturtmaq üçün. Bu xüsusda mənimlə məsləhətləşdi. Birinci məsələ ilə razılaşmadım, ikinci məsələ ilə bağlı dedim ki, sizin və ermənilərin gücünə, uzaqgörənliyinizdən asılı olaraq, daha diqqətli olacağam. Mövzuya sonradan yenidən qayıtmaq qərarına gəldik.
Sonra o, Təbrizin səfər proqramına daxil edilməsinə israr etdi. Dedim ki, sizin açıqlamalarınıza görə təbrizlilər inciyiblər və hörmətsizlik göstərə bilərlər, amma o razılaşmadı, dedi ki, qəsd-qərəzi yoxdur və biz təpki verməməliyik, üstəlik, Təbrizə getməməyi bədxahlarının sevincinə səbəb olacaq.*
Dedim ki, Xarici İşlər Nazirliyinə məsələni araşdırmağı tapşırmışam.**
XİN-in iş otağında şam ziyafəti verdik. Yemək süfrəsində Rusiya, Ukrayna və digər mövzularda çox fərqli müzakirələr apardıq.
Zəruri izah: “Xatirat”ın bu hissəsinə dair 3 səhifəaltı qeyd var. Birinci qeyddə iki ölkə prezidentinin müsahibəsinə toxunulub. Lakin mənim üçün maraq doğuran Heydər Əliyevin Təbriz haqqında açıqlaması idi. Onun hansı sözləri təbrizlilərin xətrinə dəymişdi?
Bununla bağlı “Xatirat” redaktorunun səhifəaltı qeydində deyilir: “Cənab Əliyev əslən Naxçıvandan idi və Naxçıvan Azərbaycan Respublikasının Təbrizə ən yaxın şəhərdir. O, Təbriz haqqında deyib: “Mən Naxçıvanda anadan olmuşam. Gəncliyim orada keçib. Doğrudur, o vaxtlar yollar bağlı idi, amma yenə də bizim üçün Təbriz, Təbriz, Təbriz! Sanki əlinizi uzatsaydınız, Təbrizə çatacaqdı, ancaq o tikanlı məftillər bizə imkan vermirdi”. Sitatın mənbəsi də göstərilib: “Heydər Əliyev və Şərq”. Böyük ehtimalla bu nəşrin İrana aid IV kitabı.
Nəhayət, 3-cü səhifəaltı qeyddə sanki kələfin ucu görünür: “Mərhum Azərbaycan prezidenti Heydər Əliyev bu haqda dedi: “Hörmətli Haşimi Rəfsəncani mənə dedi ki, Azərbaycandakı 4 oktyabr hadisələri zamanı guya əsassız olaraq baiskarın İran olduğu deyilib. Dedim, bunun olub-olmadığını bilmirəm, amma deyilibsə, bunun heç bir əsası yoxdur. Əminəm ki, ölkəmizdəki bəzi cinayətkar qüvvələrin qarşıdurma yaratmaq səylərinin İran İslam Respublikası ilə heç bir əlaqəsi yoxdur və ola da bilməz. Buna görə də, kim nə deyirsə-desin, onu qətiyyətlə rədd edirəm. Bəlkə də bu iddianı kimsə deyib, yoxsa şayiələr İran cəmiyyətinin qulağına gəlib çatmazdı. Haşimi Rəfsəncani ilə görüşdə həmin mövzuda danışdıq. Ona bir daha bildirdim ki, dostluq və qardaşlıq münasibətlərimiz bundan sonra da davam edəcək. Həm İranda, həm də Azərbaycanda münasibətlərimizə mane olmaq istəyənlərin qarşısı alınmalıdır. Biz öz tərəfimizdən bu sayaq hərəkətləri dayandıracağıq”.
4 oktyabr hadisələri də, həqiqətən, 1994-cü ilə aiddir. Lakin o, Heydər Əliyevin İrana səfərindən (29 iyun-2 iyul 1994-cü il) çox-çox sonra baş verib. Odur ki, Təbriz səfərinin xətm edilməsinin səbəbi ola bilməz. “Xatirat”da bu səhvi redaktorun diqqətsizliyi ilə izah etmək olar. Amma bəlkə də o, həqiqi səbəbi gizlətmək üçün edilib.
Heydər Əliyevin Ayətullah Xamnəi ilə görüşdə Xamnəyə, yəni əslində, Təbrizə getmək istəyi ilə bağlı Vilayət Quliyevin də məşhur bir xatirəsi (Elmira Axundova. “Heydər Əliyev: Şəxsiyyət və zaman”) var. Lakin həmin epizod neçənci ilə aiddir? Söhbətin məhz 1994-cü ilə aid olması ehtimalı böyükdür. Lakin Vilayət Quliyev 1999-2004-cü illərdə XİN rəhbəri vəzifəsini tutub, yəni 1994-cü ildəki görüşün iştirakçısı olması ehtimalı yoxdur.
29 iyun 1994
Ta saat 11-ə qədər işlərimi gördüm. Cənab [Heydər] Əliyevin Ayətullah Xamnəi ilə görüşündə iştirak etmək üçün Rəhbərlik Dəftərxanasına getdim. Ayətullah Əli Xamenei ilə görüşdən əvvəl Əliyevlə Dağlıq Qarabağ müharibəsi, rusların İran-Azərbaycan birgə sərhəddində iştirak etmək təklifi və Azərbaycan torpaqlarında erməni və azəri qüvvələri arasındakı təmas xətti barədə danışdıq.
Söhbət etdik, görüş uzun çəkdi.
2 iyul 1994
[Azərbaycan prezidenti] cənab Əliyev və yoldaşları gəldi. Əksər hallarda tərəflər arasında fikir ayrılığı yaranıb. Onların hamısı ilə ayrıca danışıqlar apardıq və nisbi razılığa gəldik. İmzalanmayan nəqliyyat komitəsi məsələsi istisna olmaqla, qalan sənədlər imzalanıb. Danışıqlar və mərasimlər günortadan sonra saat 6-nın yarısından 9-a qədər davam etdi. Çox sərt idilər, əslində, daxili müxaliflərindən qorxurdular.
Mən öz qoşunlarını sərhədlərimizdə yerləşdirilməsi ilə bağlı Rusiyanın təklifinə dair [Azərbaycan prezidentinin] sualına razılaşmadığımız cavabını verdim. Dedim ki, çoxmillətli bir qüvvə olmağa səy göstərməliyk. Əgər ruslar yeganə qüvvə olmaqda israr etsələr, danışıqlar apararaq vaxt qazanmaqla, qərarı ləğv edə bilərlər. Dedi ki, bu, istənilən halda onların fikridir.
[Mehrabad] hava limanında ikimiz də müsahibə verdik və rəsmi mərasimlə onları yola saldıq…
25 iyul 1994
Günortadan sonra cənab [Süleyman] Dəmirəli salamlamaq üçün [Mehrabad] hava limanına getdik, vaxtlı-vaxtında gəldi… Birlikdə Səadabad iqamətgahına getdik. Yolda cənab Dəmirəl ikilikdə müzakirə edilən mövzuları vardı: Bosniya, İraq, kürdlər, Azərbaycan, Rusiya, Orta Asiya, Ukrayna…
… Axşam Səadabad iqamətgahının yanındakı binada danışıqların ilk raundunu keçirdik. Bina qədim və təmirlidir, yaxşı salonları var. İki ölkənin nəzərdən keçirdiyi bütün məsələlərə dair razılaşmaların alt komitələrdə baxılması və layihələrin hazırlanması tapşırıldı.
…Şam yeməyində İraq, Bosniya, Azərbaycan və Rusiya mövzularından danışdıq. Cənab [Süleyman] Dəmirəl Bosniya və İraq kürdləri məsələsinin mürəkkəb və vacib olduğunu düşünür… Rusiyanın Azərbaycana qayıtma təhlükəsini ciddi və Rusiyanın öz vəziyyətini “karmaşık” (“qarışıq”, mətndə bu söz Dəmirəlin dediyi şəkildə, yəni Anadolu türkcəsin yazılıb – Ə.R.) hesab edir.
13 avqust 1994
Azərbaycan Respublikasının səfiri [cənab Əliyar Səfərli] gəldi; o, ilk səfirdir (Əliyar Səfərli 1994-1998-ci illərdə Azərbaycan Respublikasının İranda fövqəladə və səlahiyyətli səfiri olub. Sələfi – Nəsib Nəsibli. – Ə.R.) Azərbaycan xalqının mənə və İrana olan marağından danışdı. Səfirliyin təhlükəsizliyini və daha yaxşı bina ilə təmin edilməsini xahiş etdi.
20 avqust 1994
Doktor Həbibi gəldi. Azərbaycana səfər etdiyini bildirdi.
5 oktyabr 1994
Xəbərlərdə Azərbaycan Respublikasında zəbt və [prezident] cənab Heydər Əliyevin dövlət çevrilişinə dair iddiası var, xalqdan dəstək istəməsi diqqət mərkəzindədir.
…[Xarici işlər nazirinin müavini] cənab [Mahmud] Vaezi Azərbaycan Respublikasındakı vəziyyəti telefonla izah etdi və vasitəçilik edib-etməmə barədə soruşdu. “Vəziyyət aydınlaşana qədər gözləyin”, – dedim.
6 oktyabr 1994
Hesabatlarda Azərbaycan Respublikasında vəziyyətin hökumətin xeyrinə dəyişdiyi gözə dəyir.
18 noyabr 1994
[Qızıl Aypara Cəmiyyətinin rəhbəri] doktor [Seyfullah] Vəhid Dəstjerdi gəldi və işləri barədə hesabat verdi. Azərbaycan Respublikasındakı [məcburi köçkün] düşərgələrin tezliklə beynəlxalq təşkilatlara təhvil veriləcəyini söylədi. Dedim, səbr edin, yoxlama aparaq. Şimal və cənubdakı daşqınlar, Firuzabadda, Farsdakı zəlzələdə ziyan çəkənlər, habelə Azərbaycana edilən yardımlara dair məruzə etdi; həkimlərə büdcə dəstəyini artırmağa çağırdı.
Əziz Rzazadə
Strateq.az