Bu gün səhər saatlarından metronun “Koroğlu” stansiyası yaxınlığında üzü şəhər istiqamətində böyük tıxac yaranıb.
MilliYol.Az “Yeni Sabah”a istinadən xəbər verir ki, buna səbəb metronun yaxınlığında yerləşən və avtomobillərin dayandığı əraziyə girişin dayandırılmasıdır.
Belə ki, sözügedən metrostansiyanın yaxınlığındakı ərazi bir müddət əvvəl iki hissəyə bölünüb. Kiçik hissə marşrut avtobusları üçün ayrılıb. Avtobuslar oradan keçərək "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə üz tuturlar. Digər böyük hissədə isə Bakının kənd və qəsəbələrindən gələn minik avtomobilləri dayanaraq sərnişinləri düşürür və hərəkətə davam edir. Elə həmin hissəyə girişin qadağan olunması nəticəsində minik maşınları sərnişinlərini düşürtmək üçün yolun hərəkət hissəsində dayanmaq məcburiyyətində qalırlar.
Nəticədə üzü şəhər istiqamətində olan yolda avtomobillər 2-3 sıra dayanaraq yolda böyük tıxacın yaranmasına səbəb olublar. Təxminən “Sabunçu keçidi” adlanan ərazidən “Koroğlu” metrosuna kimi olan yolda böyük tıxac yaranıb. Hətta sərnişinlərini düşürtmək üçün avtomobilini yolun yüksək sürətli hissəsində də saxlayan sürücülər də olub. Oradan düşüb metroya gəlmək istəyən insanların da həyatı üçün təhlükə yaranıb.
Girişin qadağan olunduğu ərazidə isə Bakı Nəqliyyat Agentliyinin (BNA) avtomobilləri və əməkdaşları dayanıb. Sizə həmin görüntüləri təqdim edirik.