Hər görüşdən sonra ciddi bir nəticə olsaydı, Dağlıq Qarabağ münaqişəsi otuz il uzanmazdı.
Odur ki, siyasi təhlilçilər və politoloqlar arasında əvvəldən Bratislava görüşü ilə bağlı gözləntilər elə də böyük deyildi, xüsusən də nəzərə alanda ki, iki ildir, Ermənistanın "ən yeni – inqilabi” hakimiyyəti substantiv-nəticəli və konkret danışıqlardan qaçamaq üçün gündə bir formul düşünür, gah ayrıca Dağlıq Qarabağ xalqı haqqında danışır, gah da bircə bəyanatla Dağlıq Qarabağı Ermənistana "birləşdirərək” həm Azərbaycanla problemi "həll edir”, həm də öz daxili siyasətinin ən böyük əngəllərindən birini – hələ də mərkəzi Ermənistan hakimiyyətinin nəzarətindən kənarda qalan, devrilmiş Dağlıq Qarabağ siyasi klanının nəzarətində olan bir bölgənin ölkənin daxili siyasətində yarada biləcəyi fəsadların qarşısını almağa çalışır.
Odur ki, Ermənistan hakimiyyəti, xüsusən də ounun baş naziri "miatsum”la ayrıca "Dağlıq Qarabağ” xalqı formulları arasında çarpışmaqdadır və xaotik halda gah bu, gah da ki, digər formula müraciət edir. Elə Bratislava görüşü ərəfəsində daha çox belə bir fikir dolaşırdı ki, görən, ermənilər bu dəfə hansı prizmadan məsələyə yaxınlaşmağa çalışacaqlar? 3.5 saatlıq söhbətin qısa xülasəsindən indi belə məlum olur ki, Ermənistanın xarici işlər naziri bu dəfə "Dağlıq Qarabağ xalqı”nın haqlarını önə çəkməyə çalışıb və bildirib ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanması yalnız və yalnız "Dağlıq Qarabağ xalqı”nın Azərbaycanın yürisdiksiyasından kənarda öz müqəddəratını təyinetmə hüququnun tanınmasından, etirafından asılıdır.
Nə demək olar? Birincisi, dünyanın heç bir etnoqrafik sorğu-məlumat kitabında "Dağlıq Qarabağ xalqı” anlayışı yoxdur – Dağlıq Qarabağın əhalisi, erməni və azərbaycanlı icması məsələsi var. İkincisi, indiyədək bəlkə min dəfələrlə bildirilib ki, öz müqəddəratını təyinetmə buna cəhd edən subyektin daxil olduğu ölkənin konstitusion-yuridik sərhədlərindən kənara çıxması demək deyil; məsələnin həm Azərbacyanın, həm də Dağlıq Qarabağın maraqları prizmasından çözülməsinin yolu budur ki, Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək statuslardan biri verilir.
Üçüncüsü, "Dağlıq Qarabağ xalqı” anlayışına gəldikdə bu günlərdə Azərbaycanda səfərdə olan Rusiyanın Xarici İşlər naziri S.Lavrov da belə bəyan etdi ki, söhbət Dağlıq Qarabağın əhalisindən, erməni və azərbaycanlı icmasından gedir və bütün fundamental məsələlərdə hər iki tərəfin rəyi nəzərə alınmalıdır.
Amma Ermənistan və onun qondarma satelliti olan "dqr” buna necə yanaşır? Qondarma "dqr”in prezidentinin mətbut katibi bu yaxınlarda bildirib ki, icmalararası dialoq, azərbaycanlı icmasının da maraqlarının nəzərə alınması ermənilər üçün tamam qeyri-məqbuldur. Bunun özü nə deməkdir?
Odur ki, ermənilər Dağlıq Qarabağda da aparılan etnik təmizlənmə əməliyyatlarını da bir "reallıq” kimi tanınmasını istəyirlər. Amma Azərbaycan bununla razılaşarmı? Həmsədrlər bu məsələni qəbul edə bilərmi? Düşünürük ki, yox, çünki söhbət on minlərlə insanın özəl, təməl haqlarından gedir...
Əlbəttə, Ermənsitanın Bratislavada belə bir mövqe sərgiləməsinin bir səbəbi də var. Valday Forumundan başlayan diplomatik həmlə hələ də onlara özlərinə gəlməyə imkan vermir.
Xüsusən də MDB-nin Aşqabad sammitində Azərbaycan prezidentinin Ermənistanın faşist Q.Njdeyə abidələr ucaldılmasına, onun fetişləşdirilməsinə və qəhrəmanlaşdırılmasına yönəlik siyasətinə kəskin münasibət bildirməsi və bundan sonra Rusiyada da bu məsələyə diqqətin artıması Yerevanı, demək olar, çox gərgin duruma gətirib: onlar izahlar verir, özlərinə bəraət qazanadırmağa çalışırlar, amma ki, hər belə cəhddə daha çox ifşa olunurlar.
Üstəlik, KTMT-nın Bişkekdə keçirilən sammiti də bunları xeyli məyus etdi. Yeravaının istəyinə rəğmən, baş katib postu onlara yox, Belarusun təmsilçisinə, Bakı ilə çox isti münasibətləri olan A.Zasa həvalə olundu.
Amma əsas diloxrçuluq yaradan, Yerevanın ovqatını təlx edən təkcə bu məsələ deyildi: bunlar KTMT-nın hər iclasında məsələ qaldırırlar ki, bəs Bakıya silah satmayın.
Bu dəfə də buna cəhd etdilər, amma cavablarını da aldılar: bunlara bildirildi ki, Azərbaycanla hərbi-texniki əməkdaşlıq nəinki onların strateji müttəfiqlik öhdəliklərindən irəli gəlir, həm də çox sərfəli-gəlirli bir işdir, çünki Yerevandan fərqli olaraq Bakı silahları və hərbi texnikanı valyuta ilə alır...
Qaynarinfo.az