Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkiləri ilə əlaqədar Təqvim Planını təsdiqləyib.
MilliYol.Az "Report"a istinadən xəbər verir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.
İclasda “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” müzakirə olunaraq təsdiq edilib.
İclasda həmçinin MSK-nın bəzi normativ xarakterli aktlarına dair müzakirələr aparılıb.
“Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”ına əsasən növbədənkənar parlament seçkilərində namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri dekabrın 21-dən başlayaraq yanvarın 10-u saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir.
Seçkiqabağı təşviqatın aparılmasına isə yanvarın 17-də başlanacaq və təşviqat 8 fevral saat 08:00-da dayandırılacaq.
Azərbaycanda parlament seçkilərində exit-poll keçirmək niyyətində olan təşkilatlar akkreditasiya üçün sənədlərini yanvarın 20-dək Mərkəzi Seçki Komissiyasına təqdim etməlidirlər.
Yanvarın 30-dək isə onların qeydiyyata alınması başa çatmalıdır.
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar olaraq MSK-nın nəzdində ekspert qrupu və işçi qrupu yaradılıb.
Qurumun bu gün keçirilən iclasında vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupu yaradılması məsələsinə baxılıb. Məsələ müzakirə edildikdən sonra səsverməyə qoyularaq təsdiq edilib.
Daha sonra isə imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupunun yaradılması və tərkibinin müəyyən edilməsi məsələsi müzakirə olunub.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.