“Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar artıq məntəqə seçki komissiyaları fəaliyyətə başlayıb. İlk baxışdan belə görünə bilər ki, bələdiyyə seçkiləri ilə Milli Məclisə növbədənkənar seçkilərin üst-üstə düşməsi ahəngi poza bilər. Amma mən tam məsuliyyətimlə deyirəm ki, bu heç də belə deyil”.
MilliYol.Az “Report”a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
Bələdiyyə seçkilərinə hazırlığın gedişi ilə bağlı AzTV-yə danışan MSK sədri bildirib ki, proses yekunlaşmaq üzrədir: “Əksinə, bələdiyyə və parlament seçkilərinin üst-üstə düşməsi hazırlıq baxımından daha geniş imkanlar yaradır. Əvvəla, biz bələdiyyə seçkiləri ilə əlaqədar tədbirləri bütün istiqamətlərdə, demək olar ki, başa çatdırmaq ərəfəsindəyik. Biz artıq bülletenlərin çapı ilə məşğul oluruq. Yəni əsas addımların hamısı atılıb”.
Məzahir Pənahov bildirib ki, bələdiyyə seçkilərində iştirak üçün müraciət edənlərin demək olar heç birinə yox cavabı verilməyib və hamısının namizədliyi qeydiyyata alınıb. O xatırladıb ki, bu il dekabrın 23-də 1606 bələdiyyəyə 15156 üzv seçiləcək: “Seçkiyə 42 minə yaxın namizəd qatılıb. Bu da, təxminən, bir bələdiyyə yerinə 3 namizədin mübarizə aparması deməkdir. Hesab edirəm ki, bu da yaxşı bir göstəricidir. Nəzər alaq ki, 13 siyasi partiya birbaşa özləri namizədlərini irəli sürərək seçkilərdə iştirak edirlər. Bu da cəmiyyətin, siyasi partiyaların bu seçkilərə marağının yüksək olduğundan xəbər verir”.
Sədr MSK-nın növbədənkənar parlament seçkilərinə tam hazır olduğunu bildirib: "MSK seçkilərlə əlaqədar tam hazır vəziyyətdədir və bələdiyyə seçkilərindən növbədənkənar parlament seçkilərinə harmonik və ahəngdar keçid edəcək. Milli Məclisin deputatı seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər. Parlament seçkiləri zamanı bizim 125 dairədə seçkilər həyata keçirilir. Prezident seçkilərinə nisbətən parlament seçkilərində işimiz biraz gərgin olur. Bələdiyyə seçkilərində isə bizim işimiz həm prezident, həm də parlament seçkilərinə nisbətən gərgin keçir. Çünki biz 1606 bələdiyyə üzrə seçkilər keçiririk. Təbii ki, prezident seçkiləri bütün ölkələrdə olduğu kimi bizdə də yüksək məsuliyyət və ciddi yanaşma tələb edən bir tədbirdir ki, bütün cəmiyyət gərək öz vətəndaşlıq mövqeyini ortaya qoysun”.
Məzahir Pənahov həmçinin bildirib ki, növbədənkənar parlament seçkilərinin təqvim planı hazırdır və bu gün təsdiqlənəcək: “Bu gün MSK-nın iclasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planı təsdiq ediləcək. Təqvim planı layihəsi mənim əlimdədir. Burada bütün məqam və müddəalar tam göstərilib. Hesab edirəm ki, dekabrın 8-də bizim təqvim planı dövri nəşrlərdə dərc olunduqdan sonra artıq rəsmi status alacaq. Bundan sonra da bütün fəaliyyətlər sistemli şəkildə həyata keçiriləcək”.