Portalımızın suallarını “Sağlam gələcək. Valideynlərin stolüstü kitabı”nın müəllifi, tibb elmləri üzrə fəlsəfə doktoru Nurəngiz Hacıyeva cavablandırır.
- Nurəngiz xanım, valideynlərin stolüstü kitabının işıq üzü gördüyü ana qədərki fəaliyyətinizdən danışaq.
- 2001-ci ildən Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasında pediatriyanı tələbə və rezidentlərə tədris edirem. Həkimlik fəaliyyətinə 6 saylı uşaq xəstəxanasında başlamışam. Elmi -Tədqiqat Pediatriya İnstitutunun “Vaxtından əvvəl doğulanların patologiyası” şöbəsində, Türkiyənin Hacettepe Universitetinin “Reanimasiya” şöbəsində çalışmışam. Hal-hazırda isə Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında neonatoloq-pediatr kimi fəaliyyətimi davam etdirirəm. 33 məqalənin, 1 metodik vəsaitin, “Neonatologiya” dərsliyinin həmmüəllifi, “Sağlam boy at” kitabının müəllifiyəm.
- İndi də “Sağlam gələcək. Valideynlərin stolüstü kitabı” adlı növbəti kitabınız haqqında danışaq.
- 6 hissədən ibarət olan “Sağlam gələcək” kitabında çalışmışam ki, bir ananın düzgün övlad böyütməsi üçün faydalı olan ən son məlumatları paylaşım. Kitab valideynlərin stolüstü kitabı kimi yazılıb. Kitabda hamiləliyin planlaşdırılmasından tutmuş hamiləliyin sonuna qədər, yenidoğulan dövrdən 17 yaşa kimi uşaq haqqında informasiya, yaranan çətinliklər araşdırılıb. Məlumatları bacardığım qədər sadə dillə çatdırmağa çalışmışam. Bu işdə həkimlik və üç övlad anası kimi analıq təcrübəmdən istifadə edib, önəmli bilikləri valideynlərlə bölüşmüşəm. Qərara aldım ki, kitabda uşağın milli ruhda böyüməsi üçün laylalarımızın əhəmiyyətini vurğulayım. Onlardan da nümunələr var kitabda.
- Kitabın daha hansı özəllikləri var? Deyək ki, rus dilində olan oxşar kitablardan nə ilə fərqlənir bu nəşr?
- Kitab əks-rabitə əsasında yazılıb. Belə ki, çalışmışam ki, kitabda həkimlik fəaliyyətimdə tez- tez rastlaşdığım çatışmamazlıqları (yenidoğulanı yuyundurmaqdan, dırnağını tutmaqdan, papaqsız saxlamaqdan çəkinməmək, uşaqları çöpçüyə aparmamaq və s. ), uşağın qidalanma, yuxu, davranış və tərbiyəsində qayda-qanun, rejimin əhəmiyyətini təhlil edim .
Yer üzündə heç bir varlıq övladlarımızı bizim qədər sevib, anlaya bilməz. Lakin istənilən informasiyanı sevgi ilə yanaşı, bilik və düşüncə ilə qəbul etdikdə daha böyük nailiyyətlər əldə etmək olar. Kitabda hədəf məhz budur.
Onu da deyim ki, https://www.facebook.com/saglamgelecekbook/ səhifəsində faydalı məlumatları oxucularımla bölüşürəm.
- Kitabın strukturu haqqında nə deyə bilərsiniz?
- Kitab 6 hissədən ibarətdir:
Birinci hissə – “Hamiləlik və doğuş” hissəsidir.
Bu hissədə hamiləlik və doğuşun mütəşəkkil keçməsi üçün zəruri olan məlumatlardan bəhs olunur. Bu bölmədə ailə planlaşdırılması, dölün inkişafı, hamilə qadın üçün faydalı qidanın əsas mənbələri, onun həyat tərzi, doğuş, doğuşdan sonra depressiya haqqında məlumatlar var.
Ikinci hissə “Uşaqların yaş qrupları və onların özəllikləri” adlanır.
Bu hissədə uşaqların yenidoğulan dövrdən 17 yaşa kimi onları fərqləndirən xüsusiyyətlər əks olunur.
Üçüncü hissə “Qidalanma” adlanır.
Bu hissədə ana südünün ölçüyə gəlməz əhəmiyyəti, süd verən ananın həyat tərzi və qidalanma rejimi, sıfırdan 17 yaşa kimi uşaqların yaşlarına uyğun -düzgün qidalanmanın qurulması haqqında geniş məlumat verilir. Eyni zamanda qidanın düzgün hazırlanması və reseptlər təqdim edilib.
“Uşaqlara qulluq və onlarla düzgün davranış” adlı dördüncü hissədə müxtəlif yaş qruplarında olan uşaqlara düzgün qulluq standartı, yuxu, geyim, dişlərə qulluq və özəlliklər, vərdişlər, gəzinti, möhkəmlənmə tədbirləri, fiziki inkişaf, sinir psixi tərbiyənin əsas 4 elementi, məntiq və nitqin inkişafı üçün tədbirlər, oyuncaqlar və idmanın düzgün seçilməsi, şəxsiyyətin düzgün formalaşması, vaxtın düzgün bölünməsi, cinsdən asılı olaraq tərbiyə, cinsi yetişkənlik dövründə yaranan çətinliklərdə düzgün mövqenin istiqamətlənməsinə dair məsləhətlər öz əksini tapıb. Bu bölmədə həmçinin boy, çəki və digər göstəricilərin normativləri verilir.
Beşinci hissə uşağın səhhətində yarana biləcək problemlərdən bəhs edir. Bu hissədə uşağın təhlükəsizliyi, ev şəraitində zəruri tibbi vasitələr, uşaqlarda tez-tez rast gəlinən xəstəliklər, qəbizlik, ishal və s. qiymətləndirmək, qarşısını almağa dair məsləhətlər yer alır.
“Beşikləriniz heç vaxt körpəsiz, körpəniz isə laylasız qalmasın” adlı altıncı hissədə uşaqların milli ruhda böyüməsi və sinir-psixi inkişafı üçün layla və oxşamaların əhəmiyyətindən söz açılır, nümunələr verilir.
- İndi də gələcək planlarınız haqqında.
- “Uşaqlarda allergik xəstəliklərin genetik markerləri” mövzusunda tədqiqat aparıram. Həkimlər üçün nəzərdə tutulan ” Yenidoğulanlarda respirator terapiya” tədris vəsaiti üzərində çalışıram.
Bir məqamı da vurğulayım. Çox arzu edirəm ki, hər bir valideyn övladının sağlam gələcəyin qurulması üçün əlindən gələni etsin, diqqətli olsun, övladını daim sevgi və qayğı ilə əhatə etsin, orqanizmindəki ən kiçik dəyişikliklərə belə fikir versin.
1905.az
Digər xəbərlər
loading...