"2003-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Əliyar Əliyev küçəsində yerləşən 2 sot və 4 sot torpaq sahəsinə (zəbt olunmuş) 20000 ABŞ dolları pul ödəyərək almışdım. Bu barədə torpağa aid bələdiyyə sənədi verilmişdi. Mən torpaq sahələrinin ətrafını hasarlayaraq 2 sotunu himayəsində 2 əlil övladı olan bacımın istifadəsinə vermişdim. 4 sotunda idə özüm üçün kiçik daxma tikmişdim. Hələ içərisini təmir edərək köçmək imkanım olmamışdı və oraya çox vaxt gələ bilməmişdim. Lakin 2019-cu ilə qədər mən torpağa aid bütün ödənişləri etmişəm.Təqribən 20 gün bundan əvvəl Sabunçu rayonu İcra Hakimiyyətinin gözə görünməyən, əlaltı torpaq sahələrini satan Qalib adlı şəxs mənim torpaq sahəmi Ucar rayon sakini Miri adlı adama 35000 manata satmış, bunun nəticəsində Miri mənim torpaq sahəmdə qanunsuz tikinti aparmağa başlayıb".
Bu sözləri müharibə veteranı Qasımov Qəşəm Moluş oğlu Qaynarinfo-ya şikayətində bildirib.
O, yuxarıda qeyd olunan ünvanda özünə məxsus olan torpağın tanımadığı şəxs tərəfindən başqa birinə satıldığını, məsələ ilə bağlı olaraq İcra Hakimiyyətinə müraciət etdiyini bildirib və Sabunçu rayon İcra Hakimiyyətinin birinci müavini Güloğlan Məmmədovu korrupsiyaya şərait yaratmaqda ittiham edib.
"Bundan xəbər tutduqdan dərhal sonra mən Miriyə yaxınlaşıb bildirdim ki, bu torpaq sənədlər əsasında mənə satılıb. Lakin Miri də həmin torpaq sahəsi üçün ödəniş etdiyini bildirdi. Mən Sabunçu rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədovun yanına gedərək baş vermiş hadisəni danışdım. Lakin müavin mənə biganə yanaşaraq bu problemin həllində heç bir köməklik edə bilməyəcəyini bildirdi. Sonra mən sistemdə də torpaq sahəmə aid məlumatları yoxlatdım, 2019-cu ilədək aylar üzrə torpaq üçün etdiyim ödənişlər görünsə də, sonrakı ayların qarşısından xətt çəkilmişdi. Məsələnin bu gedişindən məlum oldu ki, İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələrinin də razılığı ilə əlaltıları Qalib adlı şəxs torpaq sahəsini iki nəfərə satmaqla ciddi korrupsiyaya, vətəndaşları aldadaraq külli miqdarda dələduzluğa yol verib.
"Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarına əsasən: Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmkakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.
Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyətə hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və siğorta sənədlərində və s.) əks oluna bilər.
Mən 20 Yanvar və Qarabağda Çaykənd hadisələrinin iştirakçısıyam. Himayəmdə xəstə övladlarım var. Qeyd edilən evi tikib tamamlamağa imkanım olmadığı üçün Göyçay şəhərində mərhum anama məxsus evdə yaşamaq məcburiyyətində qalmışdım. Həmin torpaq sahəsini əldə etmək üçün bankdan 20.000 ABŞ dolları kredit götürmüşəm. İndi vəziyyətim çox acınacaqlıdır.
Sabunçu rayon İcra Hakimiyyətinin birinci müavini Güloğlan Məmmədov kimi vəzifəli məmurların tamahı, Qalib adlı şəxsin bu işdə iştirakı nəticəsində mən əmlakımdan məhrum olmuşam.
Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən:
I. Hər kəsin mülkiyyət huquq vardır.
II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüquqa, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir.
Göründüyü kimi, Sabunçu rayon İcra Hakimiyyətinin birinci müavini Güloğlan Məmmədov kimi məmurların, Qalib adlı əlaltıların əməlləri nəticəsində mən öz mülkiyyətimdən məhrum edilmişəm, mənə ciddi maddi ziyan dəyib".
Şikayətçi qeyd edib ki, torpağının qaytarılması və bu işdə korrupsiya və cinayətlarlığa yol verən şəxslərin məsuliyyətə cəlb olunması üçün Prezident aparatı və bır sıra dövlət qurumlarına şikayət ərizəsi göndərib.
Qarşı tərəfin mövqeyini öyrəmək üçün Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Lakin cəhdlərimiz uğursuz oldu. Belə ki, şikayətdə adı keçən Başçının I müavini Güloğlan Məmmədovun iş nömrəsindən zəngimizə cavab verən olmadı. Növbətçi hissədən bizi Ədalət müəllim adlı icra işçisinə yönləndirdilər. O isə, öz növbəsində Başçının köməkçisi Müslüm Mahmudovla əlaqə saxlamağımızı tövsiyyə etdi. Lakin nə Güloğlan Məmmədov, nə də Müslüm Mahmudovun iş nömrələrindən 2 gün ərzindən telefona cavab verən olmadı.
Röya Kərimli
Digər xəbərlər
loading...