Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) adı məlum olub.
MilliYol.Az-ın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb.
Məsələ müzakirə edildikdən sonra səsverməyə çıxarılıb. Səsvermə nəticəsində Səbinə Əliyeva səs çoxluğu ilə Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib. İclasda iştirak edən deputatlardan 104 nəfəri onun Ombudsman olmasının lehinə səs verib.
Qeyd edək ki, bu vəzifəyə Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən sənəddə 3 nəfərin namizədliyini irəli sürülmüşdü. Namizədlər Bakı Apelyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyeva idi.
Xatırladaq ki, hazırda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovadır. O, 2002-ci ildən Ombudsmandır. Onun səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib. (APA)
Yeni ombudsman kimdir?
Ombudsmanlığa namizəd 1980-ci il təvəllüdlü Əliyeva Səbinə Yaşar qızı 3-cü dərəcəli Dövlət müşavidirir. İxtisasca hüquqşunas olan Əliyeva eyni zamanda hüquq üzrə fəlsəfə doktorudur. O, 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Səbinə Əliyeva millət vəkili Siyavuş Novruzovun həyat yoldaşıdır.