Məlum olduğu kimi, bu il oktyabrın 10-da ölkə başçısının fərmanı ilə Əmlak Məsələləri üzrə Dövlət Komitəsi (ƏMDK) İqtisadiyyat Nazirliyinə birləşdirilib. Bununla da adıçəkilən komitə rəhbəri Kərəm Həsənov komitə sədri kimi vəzifəsini itirib. O, 2009-cu ildən bu vəzifəni yerinə yetirirdi. Bəzi iddialara görə, Həsənov İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək bu alt-qurumda işinə davam edəcəkdi.
Qaynarinfo-ya daxil olan məlumata görə, ƏMDK-nin sabiq sədrinə belə bir təklif gəlməyib. Beləliklə, o, hazırda işsizdir. ƏMDK-nin birləşdirilməsi ilə bağlı təhvil-təslim işlərinin yekunlaşdığı və K.Həsənovun istirahətə çəkildiyi, bu məqsədlə hətta xarici ölkələrdən birinə yollandığı deyilir.
O da bildirilir ki, keçmiş komitə rəhbəri gələn il Azərbaycanda keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürmək fikrindədir. Həsənovun böyük ehtimalla 67 saylı Cəlilabad şəhər seçki dairəsindən namizədliyini irəli sürəcəyi bildirilir.
Hazırda sözügedən dairədən deputat onun qardaşı Malik Həsənovdur. M.Həsənovun gələnilki parlament seçkisində namizədliyini irəli sürməyəcəyi və qardaşının Milli Məclis üzvlüyü uğrunda yarışa qoşulacağı iddia olunur.
K.Həsənovun siyasi razılıq alacağı təqdirdə Bakının Suraxanı rayonu 30 saylı birinci, yaxud 31 saylı ikinci seçki dairələrinin birindən də namizədliyini irəli sürə biləcəyini deyən qaynaqlar bunu həmin rayona Əziz Əzizovun rəhbərlik etməsi ilə əlaqələndirirlər. Məsələ burasındadır ki, 2016-2018-ci illərdə Cəlilabad rayonunun icra başçısı postunda çalışmış, sonradan öncə ilyarım paytaxtın Yasamal (2018-2019), ardınca isə bu ayın 12-də Suraxanı rayonuna icra başçısı təyin edilən Ə.Əzizov mətbuatda məhz sabiq komitə sədrinin kadrı kimi təqdim olunur.