Bir cəmiyyətdə əgər fərdlər və ya ölkələr arasında iqtisadi rifah səviyyəsində fərqlər yaranırsa, bu zaman bərabərsizlik ortaya çıxır...
Levent Yılmaz
“Yeni Şafak” qəzeti, Türkiyə, 21 noyabr 2019-cu il
Dünya iqtisadiyyatında qarşıdan gələn illə bağlı gözləntilər çox da ürəkaçan deyil. Belə ki, həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr irəliləyişin zəif olacağını düşünür. Digər tərəfdən, İngiltərənin Avropa Birliyindən çıxa bilməməsi və ABŞ-la Çin arasındakı ticarət müharibələrində hələ də razılaşma əldə edilməməsi kimi risklər də davam edir.
Mühafizəkar siyasətçilər və iqtisadiyyatın təhlükəsizliyi
Necə ki, dünyada təhlükəsizlik paradiqmasıda 11 sentyabr hadisəsi bir dönüş nöqtəsi olmuşdusa, Trampın ABŞ prezidenti olması da iqtisadiyyatda paradiqmanı dəyişdirdi. Çünki Trampdan əvvəl ABŞ liberal iqtisadiyyat, azad bazar, açıq iqtisadiyyat və qlobal ortaqlıq kimi məsələləri ön plana çıxararkən, artıq ABŞ-ın siyasətləri bütün bunların əksinə gedir.
11 sentyabrdan sonra ABŞ prezidentləri tərəfindən hazırlanan 5 müxtəlif Milli Təhlükəsizlik Strategiyası sənədi var. Bunlardan ikisi Buş, ikisi Obama, sonuncusu da Tramp tərəfindən elan edilib. Buş və Obama dönəmindəki sənədlərə nəzər salsaq görərik ki, iqtisadiyyat və iqtisadiyyatla bağlı məsələlərdən ABŞ-ın qlobal hegemoniyası üçün bir vasitə kimi istifadə edilir və bu mənada müəyyən edilən siyasətlərin köməkçi ünsürləri olduğunu müşahidə edirik. Halbuki, Tramp dönəmi ilə birlikdə iqtisadiyyatın bütün siyasətlərin mərkəzinə yerləşdirildiyini və ABŞ-ın milli təhlükəsizlik strategiyasının təməlində “iqtisadiyyatın təhlükəsizliyi” prinsipi olduğunu görə bilərik. Ona görə də, ABŞ-ın Çin və dünyanın geri qalanı ilə girdiyi ticarət müharibələri, çox tərəfli ticarət müqavilələrindən geri çəkilməsi və iqtisadi sanksiyalarla tətbiq etdiyi embarqolar artıq siyasi vasitə olmaqdan çıxıb, siyasətin özünə çevrilib. Əgər bu vəziyyəti başa düşməsək, ABŞ-la Çin arasındakı ticarət müharibəsinin qısa müddətdə həll ediləcəyinə inanıb səhv edə bilərik. Lakin qlobal ticarətin qarşısına sərhədlər qoyan və hər dönəmdə bloklayan bu mühafizəkar siyasətlərin bir müddət sonra “özünü təkrarlayan böhranları” tətikləyəcəyini də gözardı etməməliyik. 2020-ci il bu baxımdan olduqca kritik il olacaq.
Bərabərsizliklər və qlobal borclar
Bir cəmiyyətdə əgər fərdlər və ya ölkələr arasında iqtisadi rifah səviyyəsində fərqlər yaranırsa, bu zaman bərabərsizlik ortaya çıxır. Bu rifah səviyyəsindəki fərqlərin yüksəlməsi isə zaman içində ciddi bir problemə çevrilə bilər. Bu gün tam olaraq bunu yaşayırıq. Hər nə qədər insanların yaşadığı həyat standartı bir neçə on il əvvəlkindən yaxşı olsa da (ən azından göstəricilər bunu deyir), dünyada əvvəlkinə nisbətən daha çox bərabərsizlik hökm sürür. Üstəlik, qlobal siyasətlərin nəticəsi olaraq qaynaqlarına görə zəngin ölkələrdəki planlı və qeyri-sabit siyasətlər bu ölkələrdəki bərabərsizliyi xeyli yüksəldib. Bununla yanaşı, ölkələr arasındakı bərabərsizlikdə də ciddi artım var və üstəlik, nəzarətsiz şəkildə artan qlobal borclar da sistemin əsas probleminə çevrilib. Beynəlxalq Maliyyə İnstitutunun son hesabatına görə, bu ilin ilk yarısında qlobal broc miqdarı 250 trilyon dolları keçib. Bu borcun 71,4 trilyonu inkişaf etməkdə olan iqtisadiyyatlara görə yaranıb və ehtimal edilən bir qlobal böhranın nəticələri də təxmin etmək olduqca çətinləşir. Həmçinin, bir böhran baş verdiyi təqdirdə, IMF-nin idarə edə bilməyəcəyi 70 trilyonluq dövlət borcları da bu rəqəmlərə daxildir.
Həll yolu varmı?
Karl Marksın böhran nəzəriyyəsi bu günki oturaq sistemin, yəni kapitalizmin funksiyasından gələn bir meyil kimi böhranları izah etməyə çalışır. Hər nə qədər Marksın bu sistemə qarşı məsləhət gördüyü konkret bir alternativ olmasa belə, doğrudan da kapitalizmin tarixi əslində, özünü təkrarlayan böhranlardan ibarətdir. Digər tərəfdən, son günlərdə fərdi maraqların yüksəlməsi nəticəsində cəmiyyətin xeyrinə olacağı deyilən bir tezis üzərində qurulmuş azad bazar mexanizminə mane olan mühafizəkar siyasətlərdən əziyyət çəkirik. Lakin mühafizəkarlıqdan imtina edilməsi bazarları özbaşına buraxmaq demək deyil. Çünki unutmayaq ki, 2008-ci ildəki Qlobal Maliyyə Böhranının içində keyfiyyətsiz nizamlama və nəzarət etmə mexanizmləri var. Bu halda dünyanın ehtiyacı olan tək şey mühafizəkarlığın da qarşısını alacaq effektiv nizamlama və nəzarət etmə mexanizmlərindən ibarət bir siyasi sistem qurmaqdır. Həmçinin, puldan pul qazanan maliyyə vasitələri əvəzinə, istehsalı və real sektoru qabaqlayan bankçılığa üstünlük verilməlidir.