Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı Əziz Əzizovun bacısı oğlu Murad Ağayevi özünə köməkçi təyin etməsi müzakirələrə səbəb olub. Başçının bu təyinatını korrupsiya adlandıranlar da az deyil.
Qeyd edilir ki, M.Ağayev bundan əvvəl Yasamal Rayon İcra Hakimiyyətində başçının köməkçisi, daha əvvəl isə Hüquq şöbəsinin məsləhətçisi vəzifəsində çalışıb. M.Ağayevin əvvəllər Cəlilabad Rayon İcra Hakimiyyətində Əziz Əzizovun sürücüsü olduğu bildirilir. Hüquqşünas, Bakı “Hüquq” şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, korrupsiyaya qarşı mübarizə demokratik və sivil inkişaf yolu seçmiş hər bir dövlətin qarşıya qoyduğu əsas məqsəd olmalıdır: “Vəzifəli şəxsin öz yaxınını köməkçi vəzifəsinə gətirməsi normal hal deyil. Sual oluna bilər ki, məgər vəzifəli şəxs ətrafında uyğun bir şəxs tapmayıb ki, özünün yaxın qohumunu işə götürür? Korrupsiya ictimai həyatın bütün sahələrinə pozucu təsir edir. Bu neqativ təzahürdür. Cəmiyyətin mütərəqqi inkişafına maneədir. Korrupsiya dövlət büdcə vəsaitinin, iqtisadi sahədə sağlam bazar rəqabəti mexanizminin pozulmasına, inhisarçılığın yaranması və inkişafına, xüsusən dövlət sifarişlərinin bölünməsi və kreditlərin qeyri-səmərəli paylanılmasına, cəmiyyətin əksəriyyətinin hesabına korrupsiya münasibətlərində olan bir qrup insanın əsassız varlanmasına səbəb olur. Korrupsiya elementlərinin hesabına malın və xidmətlərin qiymətinin artmasına, gizli iqtisadiyyatın formalaşması və inkişafı üçün əlverişli şəraitin yaranmasına gətirib çıxarır ki, bu da son nəticədə dövlətin öz iqtisadi funksiyasını tam həcmdə, səmərəli və ədalətli şəkildə həyata keçirməsinə maneçilik törədir. Bunu vəzifəli şəxslər bilməlidir və onlara etibar olunan sahədə vəzifələrə təyinatlar apararkən öz yaxın qohumlarını seçməkdən çəkinməlidir. Korrupsiya ölkənin maddi həyat nemətlərinin kiçik oliqarx qrupun xeyrinə ədalətsiz şəkildə bölünməsinə, cəmiyyətin böyük hissəsinin yoxsullaşmasına və ölkədə sosial gərginliyin artmasına səbəb olur. Korrupsiya cəmiyyətin ayrı-ayrı strukturlarının həyatını nizamlayan əsas vasitəyə çevrilməklə qanunu, hüququ nüfuzdan salır”.
Şirkət rəhbəri deyir ki, korrupsiya vəzifəli şəxslər tərəfindən dövlət əmlakının oğurlanması, talanması və mənimsənilməsi, xidməti statusdan sui-istifadə edərək şəxsi mənfəət, güzəşt, imtiyaz əldə edilməsi, ictimai məsuliyyət və şəxsi tamah arasında maraqların konfliktidir: “Başçının öz bacısı oğlunu vəzifəyə təyinatı məsələsi müvafiq qurumlar tərəfindən araşdırılmalıdır və müvafiq ölçü götürülməlidir.
“Korrupsiyaya qarşı mübarizə” haqqında Azərbaycan Respublikasının Qanununa 7-ci maddəsinin tələbi belədir:
- Yaxın qohumların birgə işləməsinə yol verilməməsi
7.1. Vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan heç bir vəzifə tuta bilməzlər.
7.2. Bu Qanunun 7.1-ci maddəsinin tələblərini pozan şəxslər həmin tələblərin pozulması müəyyən edildikdən sonra 30 gün müddətində həmin pozuntunu könüllü olaraq aradan qaldırmadıqları halda tabeliyi istisna edən başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə həmin şəxslərdən biri tutduğu vəzifədən azad olunmalıdır.
7.3. Bu Qanunun 7.2-ci maddəsində göstərilən əsaslar üzrə vəzifədən azad olunmuş şəxslər digər orqanlarda, idarə, müəssisə və təşkilatlarda vəzifə tuta bilərlər.
Göründüyü kimi, başçı öz qohumunu 30 gün ərzində təyin etdiyi vəzifədən çıxarmalıdır. Qanunun tələbi budur...