Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı Əziz Əzizovun bacısı oğlu Murad Ağayevi özünə köməkçisi təyin etməsi müzakirələrə səbəb olub.
Pravda.az xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin mətbuata açıqlama verən İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov icra başçısının öz bacısı oğlunu köməkçi qismində işə alması xəbərini təkzib edib. O, bu barədə məlumatın olmadığını bildirib. İcra Hakimiyyətinin rəsmisi bununla bağlı saytlarda məlumatların yayılmasından xəbərdar olduğunu vurğulasa da, lakin Murad Ağayev adda şəxsin vəzifəyə gətirilməsi ilə bağlı xəbər eşitmədiyini qeyd edib.
Təəssüflər olsun ki, dövlət orqanının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri artıq 1 həftədir ki, təyin olunan icra başçısının bütün günü yanında gəzən şəxsin kim olduğunu və hansı vəzifəni icra etdiyindən xəbərsizdir. Murad Ağayev məhz noyabrın 12-dək, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun köməkçisi olub. Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Ə.Əzizov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə o, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Murad Ağayevin adı isə hələ də Yasamal Rayon İcra Hakimiyyətində başçının köməkçisi vəzifəsində qalır.
Daha ətraflı bax: http://yasamal-ih.gov.az/page/21.html
Amma buna baxmayaraq, Murad Ağayev elə noyabrın 12-dən, yəni Əziz Əzizov Suraxanı Rayon İcra Hakimiyyətinə başçı təyin ediləndən sonra Yasamal Rayon İcra Hakimiyyətindəki başçısının köməkçisi vəzifəsindən də gedib. O, bununla da başçının köməkçisi deyil, dayısının köməkçisi olduğunu açıq-aşkar nümayiş etdirib. Sübut üçün noyabrın 14-də yeni icra başçısı Əziz Əzizovun Suraxanının Zığ qəsəbəsində sakinlərlə ilk görüşü zamanı Murad Ağayevin də dayısının yanında olduğunu göstərə bilərik.
Daha ətraflı bax: http://surakhani-ih.gov.az/news/746.html
Bunda əlavə, noyabrın 16-da Əziz Əzizovun Suraxanıda Şərq yaşayış sahəsi 12-ci döngə küçəsində sakinlərlə görüşü zamanı da Murad Ağayevin dayısının yanında olması onun Suraxanı Rayon İcra Hakimiyyətində vəzifəyə təyin olunmasına əsas verir.
Daha ətraflı bax: http://surakhani-ih.gov.az/news/747.html
İndi isə keçək əsas məsələyə: Suraxanı Rayon İcra Hakimiyyətinin mətbuata açıqlama verən İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov icra hakimiyyətində belə bir adamın işləmədiyini deyir.
Yekunda sual yaranır ki, bəs necə olur ki, adı hələ də Yasamal Rayon İcra Hakimiyətinin saytında başçının köməkçisi vəzifəsini daşıyan Murad Ağayev necə olur ki, iş vaxtı Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun yanında gəzir?
Bir daha xatırladırıq ki, M.Ağayev Ə.Əzizovun bacısı oğludur. Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Ə.Əzizov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə o, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ə.Əzizov 2006-2018-ci illərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.