Enerji Məsələlərinin Tənzimlənməsi Agentliyi sahibkarlıq sahəsində iki halda yoxlama apara bilər.
Bunu oxu.az-a AERA-nın Enerji Tənzimlənməsi və Monitorinqi Departamentinin direktoru Pərviz Əliyev deyib.
O bildirib ki, bu, “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda öz əksini tapıb:
“Bildiyiniz kimi, 2015-ci il noyabrın 1-dən ölkə başçısının müvafiq fərmanı ilə sahibkarların yoxlanılması dayandırılıb. Amma iki halda bu yoxlamalar həyata keçirilə bilər. Onlardan birincisi insan həyatına təhlükə yaradacağı, ikincisi isə dövlət əmlakına külli miqdarda ziyan vurulduğu halda ola bilər.
İkinci halda ziyanın məbləği 50 min manat və daha yüksək olarsa, hesablanır və aidiyyəti üzrə yoxlama aparılır. Hər iki halda müraciət daxil olarsa, agentlik İqtisadiyyat Nazirliyindən icazə, Ədliyyə Nazirliyindən isə çıxarış alır və yoxlamanı həyata keçirir.
Bizim Ədliyyə Nazirliyinin sisteminə girişimiz olduğu üçün hazır suallar əsasında müraciət ünvanlayırıq. Hər iki nazirlik 24 saat ərzində öz razılığını verir”.
Agentlik rəsmisi yoxlama nəticəsində məbləğdən asılı olaraq, cinayət işinin açıla biləcəyini də qeyd edib:
“Dəymiş ziyan 5000 manata qədər olduğu təqdirdə, bu məsələlərə tənzimləyici orqan nəzarət edir, 5000 manatdan yuxarı olarsa, aktlaşdırılaraq prokurorluq orqanlarına göndərilir. Bu vaxta qədər hər iki hal üzrə heç müraciət daxil olmayıb.
Yalnız bəzi iri istehlakçılar öz ərazilərdə olan qaz və enerji təsərrüfatının yoxlanılması üçün müraciət ediblər. Amma sırf dövlət əmlakının talanması və insan həyatına təhlükə yaradacaq məqamlarla bağlı müraciət daxil olmayıb”.