Bu, istefa yox, məcburiyyətdən atılmış addımdı. Rəşad bəyin prezident kürsüsü ilə vidalaşmasının iki əsas səbəbi var:
1. Hazırda Beynəlxalq Bank işinə görə, Cahangir Hacıyevin dövründə bu sistemdə çalışan şəxslərin kənarlaşdırılmasına start verilib. Məlum olduğu kimi, ötən ilin dekabrında Müşahidə Şurasının qərarı ilə bu vəzifəyə təyin olunan 38 yaşlı Qasımov komandaya Azərbaycan Beynəlxalq Bankının (ABB) Mühasibat uçotu və nəzarət departamenti direktorluğundan gətirilmişdi. 2011-ci ildən ABB-də işləyən Qasımov 1994-1999 Gəncə zona hesablaşma kassa mərkəzində müxtəlif vəzifələrdə çalışıb. 1999-2000-ci illərdə Aqrar-Qafqaz şirkəti, Middle Eastern Textiles şirkətlərində işləyib. 2000-2011-ci illərdə ABB-nin Maliyyə menecmenti, Mərkəzi xəzinədarlıq, Mühasibatlıq və büdcə proqnozlaşdırılması departamentlərində müxtəlif vəzifələri tutub.
2. Digər səbəb isə Qasımovun hazırda “İnter” Müşahidə Şurasının sədri olan Yohann Enqbrextlə münasibətlərinin soyuq olmasıdır. Enqbrextlə artıq 5 ilə yaxındır ki, Almaniya “Commerzbank”nın ölkəmizdəki nümayəndəliyinin rəhbəridir. Bu bank isə Azərbaycan Beynəlxalq Bankı sıx əməkdaşlıq edir. Almaniyalı Enqbrextin bu ilin avqustunda “İnter”in Müşahidə Şurasının sədri təyin olunması bunun bariz nümunəsidir.
Əslində, Qasımov prezident təyin edilən vaxtdan bu şəxslə problem yaşayıb. Hətta, Enqbrextin onun yerinə namizədi də olub - həmyerlisi Pyotr Noyştedter. Lakin AFFA-nın ölkəmizə dəvət etdiyi idman direktorlarından biri olan, “Rəvan”dan qovulduqdan sonra ötən ilin yanvarından “İnter”in Uşaq və Gənclər Futbol Mərkəzinin rəhbəri təyin edilən əcnəbi mütəxəssisin klubun prezidenti postuna gətirilməsi planı baş tutmayıb. Məhz bundan sonra, bu ilin iyununda Noyştedter Qazaxıstana yollanaraq, “Kayrat” klubunda işə başlayıb.
Nəhayət, Enqbrext “İnter”in Müşahidə Şurasının sədri seçildikdən sonra istəyinə çatıb - Rəşad Qasımovun postundan göndərilməsinə nail olub.
Qeyd edək ki, “Kəpəz” klubunun Müşahidə Şurasının üzvü Müzəffər Qasımovun oğlu olan Rəşad bəy prezident postunda bolqarıstanlı Georgi Nikolovu əvəzləmişdi. Onun xələfinin kimliyini isə Enqbrext müəyyənləşdirəcək. “İnter”in yeni prezidentinin alman olması da istisna edilmir.
Məlumat üçün xatırladaq ki, Rəşad Qasımov milyardlarla manat pulun yoxa çıxmasında ittiham edilən Cahangir Hacıyevin ən yaxın adamlarından biri olub. Onun həbsdəki bankirlə yaxınlığını sübut edən faktlar hələ "İnter"in prezidenti təyin olunmazdan əvvəl mətbuatda yayımlanıb. Onlardan ən ciddisi isə dövlət çevrilişi məqsədi ilə ölkəyə gətirilən 18 milyard avronun qəbul edilməsi ilə bağlı sənədlərin altında məhz onun imzasının olmasıdı.
Bu barədə "Yeni Musavat" qəzetinə danışan keçmiş xüsusi xidmət polkovniki Tofiq Rəcəbov bildirmişdi ki, məqsəd ölkədə dövlət çevrilişi etmək olub. Bu pulun ölkəyə gətirilməsi barədə ona İsveçrədə məlumat verilib. Tofiq Rəcəbov iddia etmişdi ki, çevriliş məqsədi ilə ölkəyə gətirilən 18 milyardın qəbul olunmasında məhz Rəşad Qasımovun imzası olub: "Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevlə işçisi Rəşad Qasımovun imzaları, möhürləri var. Pulu onlar qəbul ediblər. Bu gün də 18 milyard avro ortada yoxdu. Oğurlayıblar, ölkədən çıxarıb xaricdə banka yerləşdiriblər. Bu adamlar pul ölkəyə gəlməzdən əvvəl hazırlıqlarını görüblər. Pulun gələcəyindən xəbəri olan vəzifəliləri də “görüb”lər".
Hələ bir müddət əvvəl qeyd etmişdik ki, Rəşad Qasımov bağlı vəziyyət qarşıdakı günlərdə dəyişə bilər. Həmin vaxt Cahangir Hacıyevin məhkəməsi davam edirdi və proses yekunlaşandan sonra bankirin vəzifədə qalan adamlarının yola salınacağı şübhə doğurmurdu. Görünür bu proses artıq başlayıb.
Mənbə: Fanat.Az