Bakı Dövlət Universitetinin (BDU) müəllimi Xatirə Nəcəfova sabiq deputat Rafael Cəbrayılovu məhkəməyə verib.
MilliYol.az "Report"a istinadən xəbər verir ki, mülki iddiaya Abşeron Rayon Məhkəməsində baxılacaq.
Maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı iddia hakim Habil Məmədovun icraatına verilib. İş üzrə hazırlıq iclası növbəti həftə keçiriləcək.
Qeyd edək ki, X.Nəcəfova 1994-cü ildən BDU-nun Ingilis dili (humanitar fakultələr üzrə) kafedrasında çalışır və baş müəllimdir. R.Cəbrayılovun Xatirə Nəcəfovadan külli-miqdarda borc alaraq qaytarmadığı bildirilir.
Sabiq deputatın borclu olduğu başqa şəxslər də var. Sentyabr ayında Rafael Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayıldıqdan sonra, o, Milli Məclisin deputatı mandatından imtina edib. Belə ki, R.Cəbrayılov Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcunu ödəməyib.